Slimfit
  1. CƏMİYYƏT

Hindistanlı turistlərdən şəhidlərimizə hörmətsizlik - Bəs polis hara baxır?

Hindistanlı turistlərdən şəhidlərimizə hörmətsizlik - Bəs polis hara baxır?
Sakura

Hindistanlı turistlərdən şəhidlərimizə hörmətsizlik - Bəs polis hara baxır?

Heç bilmirəm nədən başlayım, hardan başlayım.

Yer Şəhidlər Xiyabanı, qeyrətli əcdadımızın yatdığı ulu və əzəmətli məkan. Günün gündüz çağı bir qrup gənc turist Bakıya səfərlərini daha maraqlı və yaddaqalan etmək üçün video-klip hazırlayırlar. Və heç bir maneəyə rast gəlmədən öz “əyləncəli” videolarını çəkib, sosial şəbəkələrdə yayımlayırlar.

Bu gün o video görüntülərlə tanış olduğum zaman bir azərbaycanlı olaraq yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. Amma yenə də sözügedən “video-rəzalət”dən xalqımızın xəbərdar olması üçün bu məqaləni yazmağa çalışdım.

Videoda hindistanlı gənclər şən-şaqraq bir hind mahnısı fonunda qeyrətli oğul və qızlarımızın məzarlarının önündə, Şəhidlər Xiyabanında qaçır, tullanır, rəqs edir, bir sözlə əylənir. Bəlkə də onlar etdikləri hərəkətlərin Azərbaycan xalqına edilən böyük hörmətsizlik olduğunun fərqinə varmır. Bəs Şəhidlər Xiyabanına nəzarət edən polis əməkdaşları hara baxır? Tutaq ki, onlara məzar qarşısında atlanıb-düşməyin ayıb və hörmətsizlik olduğunu öyrədən olmayıb, (hindlilər daha çox ölünü dəfn etmir, nəşini yandırır) nə üçün çəkilişlər aparılarkən bir qeyrətli oğul çıxıb “əylənən” bu turistlərə bir kəlmə söz deməyib?

Suallarım çoxdur və sözün düzü, turistlər tərəfindən şəhidlərimizə edilən bu hörmətsizlikdə xalqımızın günahı az deyil. Biz bir Şəhidlər Xiyabanını lazımınca müdafiə edə bilmirik. Orada yatan əcdadımız bu xalq üçün canından keçərək Azərbaycana müstəqilliyini qanları bahasına qazandırmış olsalar da, bu gün Azərbaycan xalqı onların hörmətlərini saxlamaq, ən azından qəbirlərinə, ruhlarına ehtiramı qorumaq imkanına sahib deyil!

Videonu izlədiyim zaman qulağım cingildədi və gözlərim doldu. Qulağımı cingildədən sərsəri hind musiqisinin sədaları deyildi, Şəhidlər Xiyabanında yatan qeyrətli əcdadımızın səsi idi:

“Belə xalq üçün şəhid olmağa dəyməzmiş aya, nə yazıq, hayıf gəncliyimdən, hayıf ailəmdən, hayıf hədər gedən ömrümdən, hayıf...” – deyə hayqırır əcdad sanki qulağıma...

Şəhidlər Xiyabanının mühafizəsini təşkil edən qurumlar dərhal məsələylə bağlı açıqlama verməli və işində məsuliyyətsizliyə yol verən əməkdaşlarını cəzalandırmalıdır. Bu öz yerində...

Ancaq çox maraq doğuran bir haldır ki, oranı mühafizə edən polis əməkdaşları əllərində bayraq olan qazilərin yolunu kəsə bilir, şəhid analarını xiyabana buraxmaya bilir, lakin bir qrup turistin şəhidlərimizə etdiyi hörmətsizliyə mane ola bilmir?!

Bu hadisə ölkə ictimaiyyətinin müzakirəsinə çıxarılmalıdır və bundan dərs götürülməlidir. Şəhidlər Xiyabanının mühafizə sistemi dəyişdirilməlidir, gücləndirilməlidir. Xiyabanda ziyarətçilərin ən adi protokol qaydalarına riayət etməsini təmin etmək üçün oraya nəzarətçilər yerləşdirilməlidir. Bu nəzarətçilər Fəxri Qaravul Dəstəsi və ya Mühafizə Polisinin əməkdaşlarından seçilə bilər. Bu günədək bu tədbirlərin görülməməsi utancverici bir haldır.

Qeyd edim ki, sözügedən video haqqında artıq Şəhidlər Xiyabanına nəzarət edən Mühafizə Polisi və Post Patrul Xidməti əməkdaşlarına məlumat verdim. Gənc serjantlardan birindən məsələylə bağlı məlumat aldım. O, Xiyabana daim nəzarət etdiklərini, lakin bu hadisədən xəbərləri olmadığını dedi:

“Buna bənzər hallar tez-tez baş verir. Ötən günlərdə iranlı turistlər axşam saatlarında əllərində pivə butulkaları ilə Xiyabanda gəzişirdilər. Onları saxlayaraq ərazidən uzaqlaşdırdıq, hətta tez-tez turistlər burada itini gəzdirmək istəyir, görən kimi onları da ərazidən uzaqlaşdırırıq, bəzilərini bölməyə aparırıq”.

Bəli, mən həssas yanaşıram məsələyə. Çünki şəhidlərimizə edilən hörmətsizlik milli məsələdir. Milli məsələlərdə isə hər kəs həssas olmalıdır. Ən çox da millətin mühafizəsi ilə məşğul olan qurumlar...

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR