Hindistandakı zorakılıqlar “WhatsApp”ı dəyişikliyə məcbur etdi
“WhatsApp” messenceri mesajların eyni anda bir neçə çata göndərilməsinə məhdudiyyət tətbiq edir.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə xidmətin bloqunda məlumat verilib. Məhdudiyyətlər Hindistan sakinləri başda olmaqla, bütün istifadəçilərə aiddir.
“Bu gün biz mesajların göndərilməsinə məhdudiyyəti test etməyə başlayırıq. İnsanların daha çox mesaj, foto və video göndərdiyi Hindistanda biz mesajların göndərilməsinin aşağı həddini sınaqdan keçiririk və mesajların tez göndərilməsi düyməsini yığışdırırıq”, - deyə açıqlamada bildirilir.
Şirkətdən deyiblər ki, dəyişikliklər “WhatsApp”ın öz məqsədinə uyğun - şəxsi mesajlar üçün xidmət kimi qalmasına kömək edəcək.
Dəyişikliklərin səbəbi Hindistan hökuməti tərəfindən messencerin fəaliyyətinin sərt tənqidə məruz qalmasıdır. Belə ki, ölkədə “WhatsApp” vasitəsilə yayılan şayiələr nəticəsində kütləvi zorakılıqlar baş verib. İyul ayının əvvəlində Maharaştra ştatında kütlə uşaq alverində şübhəli bildiyi 5 nəfəri döyərək öldürüb. Onların günahkar olması barədə məlumatlar messencer vasitəsilə yayılıb. Bundan sonra Hindistan hökuməti “Facebook”a müraciər edərək sahibi olduğu “WhatsApp”da provokativ informasiyaların yayılmasını əngəlləməyi tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət