Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaşdır
Azərbaycan neft istehsalçısı ölkəsi olmasına baxmayaraq, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib.
Oxu.Az-ın məlumatına görə, bunu “Əsrin Müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü ilə bağlı keçirilən seminardan əvvəl Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Əsrin Müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarilə mənfəətini bilavasitə Azərbaycan Respublikası, Azərbaycan xalqı gördü.
“Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin və çiçəklənməsinin, iqtisadi inkişafının təməli olmaqla bərabər beynəlxalq və regional müstəvidə də enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən bir amil oldu.
Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri də onun şəffaf və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi var. Azərbaycan artıq qaz ixrac edən ölkədir”, - deyə H.Hacıyev əlavə edib.
O bildirib ki, TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır:
“Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq. Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır”.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət