"Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində bütün sahələrdə inkişaf baş…
“1969-cu il Azərbaycan tarixində vacib yer tutur. Həmin il Azərbaycan rəhbərliyinə gənc, cəmiyyətin hələ çox da tanımadığı Heydər Əliyev gəldi. Onu tanıyanlar Azərbaycan üçün xeyli iş görəcəyinə əmin idilər. Doğrudan da Azərbaycan cəmiyyəti Heydər Əliyevin rəhbərliyi altında böyük dəyişikliklərin şahidi oldu. Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində bütün sahələr üzrə inkişaf baş verdi”.
Bu fikirləri “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, 1969-cu ilə qədər Azərbaycanın iqtisadiyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə göstəriciləri aşağı idi: “Cəmiyyətdə süstlük, imansızlıq formalaşmışdı. Azərbaycanın əzəli torpaqları Ermənistan tərəfindən zaman-zaman hissə-hissə qoparılırdı. Əvvəlki rəhbərlər buna qarşı heç bir tədbir görmürdülər. Azərbaycanın zəngin mədəniyyət, incəsənət tarixinə baxmayaraq, tanıdılması üçün heç bir iş görülmürdü. Amma Heydər Əliyevin üzaqgörənliyi, düzgün idarəetməsi nəticəsində bütün sahələr üzrə nailiyyətlər əldə edildi. Onun hakimiyyəti dövründə Azərbaycan ən yüksək göstəriciləri olan ölkələr sırasında yer aldı. Ölkəmiz onun dövründə bir neçə dəfə keçici “Qırmızı bayraq” alıb. Həmin dövrdə 250 yeni müəssisə tikildi, 6 yeni universitet açıldı, məktəblər, xəstəxanalar inşa edildi, mənzil fondunda iki dəfə artım oldu. Ölkədə ənənəvi olmayan yeni iqtisadiyyat sahələri yaradıldı. Azərbaycanın mədəniyyəti və incəsənəti SSRİ səviyyəsində tanındı. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin 6 yazıçı və şairi SSRİ-nin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adını aldılar. Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və digərləri dünya səviyyəsində tanındı".
Deputat Aydın Mirzəzadə
"Azərbaycan cəmiyyəti Heydər Əliyevin rəhbərliyi altında böyük dəyişikliklərin şahidi oldu".
Şöbə müdiri vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tarixi yenidən öyrənilməyə başlanıldı: “Tarixi öyrənən, təbliğ edən ziyalılara böyük dəstək verildi. Ziyalı faktoru cəmiyyətdə kifayət qədər önəmli idi. Heydər Əliyev ziyalılarla tez-tez görüşərdi. Ən əsas məsələ isə azərbaycançılıq əhval-ruhiyyəsinin gətirilməsi idi, vətəndaşlarda milli düşüncə formalaşdırıldı. Heydər Əliyevin SSRİ dövründə 13 il Azərbaycana rəhbərlik etməsi sonradan ölkəmizin müstəqil dövlət kimi dünya səhnəsinə çıxmasında böyük rol oynadı”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutur: “Heydər Əliyev Azərbaycanın Rusiyanın tərkibinə daxil edildiyi son 200 ildə ən yüksək vəzifəyə yüksələn şəxs olub: “Mircəfər Bağırov kimi şəxs Siyasi Büronun üzvlüyünə namizəd olub, amma Heydər Əliyev üzv ola bilib. Bu, İslam dininə mənsub şəxs üçün böyük nailiyyət idi. Təbii ki, bu, etimadın göstəricisidir. Siyasi xadimlər qeyd edirlər ki, Heydər Əliyev SSRİ-nin rəhbərliyinə belə layiq insan olub, ancaq türk, müsəlman olduğuna görə razılıq verilməyib. Bununla bağlı kifayət qədər yazılar var. Heydər Əliyevin SSRİ dövründə - 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr yaxşı yadımdadır, üzüm, pambıq sahələri salındı, evlər, xəstəxanalar, məktəblər tikildi. Onun dövründə kasıb ailələrin övladlarının ali məktəblərə daxil olmasına şərait yaradıldı, minlərlə gənc xaricə oxumağa göndərildi. O, Bakı Kondisioner Zavodunun açılışını etdi. Ölkəyə xeyli vəsait daxil oldu. İsmayıllıda baş verən zəlzələdən zərər çəkənlərə rəhbərlik səviyyəsində kömək göstərildi. Bunları heç vaxt danmaq olmaz".
Deputat Tahir Kərimli
"Heydər Əliyevin şah əsəri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”dir".
Onun sözlərinə görə, Heydər Əliyevin şah əsəri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”dir: "Bu sazişdən sonra ölkəyə milyardlarla vəsait daxil oldu. Hazırki inkişafın əsasında Heydər Əliyevin siyasəti dayanır. Xoşbəxtlikdən onunla şəxsən tanış olmuşam, deputat həmkarım olub, dəfələrlə müzakirələr aparmışıq. Heydər Əliyev doğrudan da böyük dövlət xadimi idi. Onun izi hər yerdə görünməkdədir. Onun fəaliyyət dövrünü çox yüksək qiymətləndirirəm”.
Milli Məclisin üzvü Elman Məmmədov "Report"a açıqlamasında deyib ki, Heydər Əliyev təkcə Azərbaycan deyil, dünya miqyasında müdrik, dahi şəxsiyyətdir: "Heydər Əliyevin qoyub getdiyi əbədi müstəqil, suveren Azərbaycanı qorumaq, inkişaf etdirmək hər kəsin borcudur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi 50 il öncəyə təsadüf edir. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlməmişdən öncə təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışıb. Həmin dövrlərdən ulu öndərin fəaliyyəti nəzərə çarpırdı. Şahidi olduğum bir şeyi deyim: 1967-ci ildə ermənilər Dağlıq Qarabağ məsələsində fəallaşmışdılar, həmin il üç azərbaycanlıya şər-böhtan atdılar, məhkəmədən çıxarkən binanın qarşısında yandırıb öldürdülər. Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinin vəzifəli əməkdaşı kimi işi nəzarətə götürdü, yüzə qədər erməni həbs edildi, cəzalandırıldı. Heydər Əliyev harada çalışıbsa, orada onun müsbət mənada izi qalıb”.
Milli Məclisin üzvü Elman Məmmədov
"Heydər Əliyev harada çalışıbsa, orada onun müsbət mənada izi qalıb".
Deputat xatırladıb ki, 1969-cu ilə qədər Azərbaycan geridə qalmış ölkələrdən biri idi: “Azərbaycan sosial-iqtisadi vəziyyətinə görə SSRİ-nin tərkibində olan 15 respublika sırasında sonuncu yerlərdə qərarlaşırdı. Bütün göstəricilər üzrə belə idi. Amma Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk 5 illikdə inkişaf baş verdi. Azərbaycan 1982-ci ilə qədər 5 inkişaf etmiş ölkədən biri idi. Bu müddət ərzində xeyli sənaye müəssisəsi, zavodlar, məktəblər, xəstəxanalar tikildi. Azərbaycan dalbadal 5 dəfə keçici “Qırmızı bayraq” aldı. Onun dövründə xeyli insan fəxri ad aldı, yüksək mükafatlar qazandı. Ulu öndər gənclərə SSRİ-nin qabaqcıl ölkələrində təhsil almalarına kömək edirdi. Onun əsas xidmətlərindən biri də hərbi məktəbi yaratması idi. Azərbaycanın generalları, zabitləri o dövrün yetişdirmələridirlər. Heydər Əliyevin dövründə Azərbaycan inkişaf etdi, yüksək göstəricilər əldə etdi. Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra başlanmış vətəndaş müharibəsinin qarşısını aldı. Dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyevin ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasında müstəsna rolu var. O, misilsiz işlər görüb, Heydər Əliyevin sayəsində bu inkişafa çatmışıq. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət