Slimfit
  1. MEDİA

“Heydər Əliyevin kabinetinə daxil olanda həyəcandan əsirdim” - Hadi Rəcəbli

“Heydər Əliyevin kabinetinə daxil olanda həyəcandan əsirdim” - Hadi Rəcəbli
Sakura

“Heydər Əliyevin kabinetinə daxil olanda həyəcandan əsirdim” - Hadi Rəcəbli

Hadi Rəcəbli: “Mətbuata açıq olmağımın əziyyətini çəkirəm”


Azərbaycanın mərhum eks-prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi tamam olur. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərlik etməyə başlayıb.


Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrindən, ilk tanışlıqlarından və onun  siyasi fəaliyyətindəki xidmətlərindən söz açıb.

Hadi Rəcəbli ardınca müxbirimizin digər aktual suallarını da cavablandırıb.


Komitə sədri ilə müsahibəni təqdim edirik:

- Hadi müəllim, Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. O illəri necə xatırlayırsız?

- 1969-cu ilin 14 iyul tarixini çox yaxşı xatırlayıram. Hardasa,  21-22 yaşım olardı. Moskvada qiyabi təhsil alırdım. Heydər Əliyevin hakimiyyətə gəlməsi biz gənclərdə böyük  ruh yüksəkliyi yaratmışdı. Bu elə-belə təsadüfi hal deyildi. Bu şəxsiyyət keşməkeşli, gərgin həyat yolu keçərək, o pilləyə ucalmışdı.  Bir qədər əvvələ nəzər salaq:  Heydər Əliyev 1944-cü ildə Naxçıvan Muxtar Respublikasında  təhlükəsizlik orqanlarında işə başlamış, sonra isə bu qurumun Azərbaycan Mərkəzi Aparatında şöbə rəisi olmuşdu. O, 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 
Postsovet məkanında yeganə hallardan biri idi ki, yerli millətin nümayəndəsi “KQB”nin rəisi olurdu. Çünki təhlükəsizlik orqanlarında adətən ya rus, nədənsə ya da erməni təmsil olunurdu. Başqa bir məqam: 50-60-cı illərdə Azərbaycanın 37 rayonunun təhlükəsizlik komitəsinin rəhbəri erməni olub. Təsəvvür edin, 1967-ci ildə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) sədr gəlir və uzun müddət, sistemli şəkildə erməniləri azərbaycanlılarla dəyişməklə məşğul olur. Heydər Əliyevdən danışanda o vaxtkı işləri də yada salmaq lazımdır. O dövrdə Bəxtiyar Vahabzadəni repressiyadan qoruyub, Elçibəyi həbsdən azad edib. Onun daxilində hər zaman Azərbaycançılıq məfkurəsi  olub. Bütün bunlara baxmayaraq,  onu gətirib DTK-ya sədr qoydular. Çünki bacarıqlı insan idi. Nəhayət, 1969-cu il iyulun 14-də Mərkəzi Komitənin Plenumu keçirildi və Heydər Əliyevi Mərkəzi Komitəyə birinci katib seçdilər.



- Nə üçün ölkə rəhbərliyinə məhz “KQB”nin rəisi olan  Heydər Əliyevi seçdilər?

- Bu qeyri-adi hal idi. Hər dəfə SSRİ məkanında belə hadisə baş vermirdi. Ona görə ki, Azərbaycanda iqtisadiyyat, istehsalat geri gedirdi, intizam pozulurdu. Kommunist Partiyasının tələblərinə lazımınca əməl etmirdilər. Bu boyda iqtisadi potensialı olan Azərbyacan Respublikası dotasiyalarla yaşayırdı. Heydər Əliyevin hakimiyyətə gətirilməsində SSRİ  dövlətinin və o zamankı hakimiyyətin çoxlu maraqları vardı. Bu maraqlar da ondan ibarət idi ki, ölkədə qayda-qanun, intizam yaradılsın, bu bölgə dotasiyadan uzaq olsun.

Beləliklə, Heydər Əliyev iyulun 14-də Azərbaycan SSR-də hakimiyyətə gəldi. Avqustda isə tarixi Plenum keçirildi. Avqust plenumunda Heydər Əliyev qarşıda duran  əsas vəzifələri irəli sürdü. Öncə korrupsiyaya qarşı mübarizə apardı.


- Korrupsiya məsələsi o zaman nə dərəcədə mövcud idi?

- Bütün SSRİ respublikalarında geniş yayılmağına baxmayaraq, onun adını çəkmək belə qeyri-mümkün idi. O dövrdə bu sözü işlədənə deyirdilər ki kommunist rejimində belə hal mümkün deyil.

Əlbəttə bütün istəklər, bir sıra hallarda reallıqlardan xeyli uzaq idi. Sovet dövlətinin, sosializm cəmiyyətinin, kommunist ideologiyasının utopik olmağından xəbər verirdi. Kommunist rejimi ingilis iqtisadi elmi, alman fəlsəfəsi və fransız utopik sosializmi bazası üzərində yaranmışdı. Həyat göstərdi ki, bəzi şeylər utopiya imiş. Heydər Əliyev ilk dəfə SSRİ məkanında korrupsiyaya qarşı mübarizə vəzifəsini ortaya atdı. O zaman çox populyar olan “Literaturnaya qazeta” qəzetində “Qoy ədalət zəfər çalsın” başlıqlı  yazı getmişdi. Heydər Əliyevdən götürülən müsahibə dünyada böyük rezonans doğurmuşdu. Müsahibədən sonra Moskvadakı rəhbər şəxslər lərzəyə gəldilər. Ulu öndər 1969-cu ilin sentyabrında Bakı Dövlət Universitetində Azərbaycan dilində çıxış etdi. Halbuki, o zaman bu, qəbul olunmamışdı, sonradan Heydər Əliyev SSRİ konstitusiyasında dilimizi Azərbaycan dili yazdırdı.


- Siz həmin vaxtlarda nə işlə məşğul olurdunuz?

- Cavan oğlan olaraq çalışdığım müəssisədə həm komsomol katibi, həm də Həmkarlar İttifaqının sədri idim. Bu nadir hallarda baş verə bilərdi ki, iki təşkilata bir nəfər rəhbərlik etsin. Lənkəran şəhər Komsomol Komitəsinin plenum üzvü idim. Orada da fəal idim. Heydər Əliyev hakimiyyətə gələndə kadr islahatları aparmağa başladı. Cavan kadrları, təcrübəsi olan insanları hakimiyyətə gətirməyə başladı. Həmin kadrlardan biri də əvvəllər komsomol işində çalışmış, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri İsa Məmmədov idi ki, onu Lənkərana birinci katib təyin etdi.

Həmişə təməldən, 15 yaşımdan əmək fəaliyyətimə fəhlə kimi başladığımı  demişəm, bunu heç vaxt danmamışam. Çörək zavodunda o vaxtlar laborant kimi çalışırdım. Bazar günü idi. Hamı evində, mən isə işə çıxmışdım. Zavodun həyətində gəzirdim. Bir də gördüm ki, küçədə bir “Volqa”  maşını dayandı, içindən qara komstyum, ağ köynəkdə sanballı bir kişi düşdü və keçid məntəqəsindən həyətə girdi. Mənim o vaxtlar tünd qəhvəyi saçlarım, dəbdə olan bitlz saç düzümüm vardı. Kişi mənə yaxınlaşıb ordan-burdan danışdı, səmimi söhbət açdı, bəzi suallar verdi. Mən açılışdım. Hətta zavodun bildiyim bəzi sirlərindən də danışdım. Nə isə.... bu kişi getdi. Kim olduğunu da bilmədim. 3 gündən sonra zavodun müdiri məni yanına çağırıb dedi ki, “filankəs bura gəlmişdi?!” . Tanımadığımı dedim. “Bəs kostyumlu bir kişi bura gəlib, sən də onunla söhbət etmisən axı” soruşanda təsdiqlədim. Heç demə, bu, rayona birinci katib gələn İsa Məmmədov imiş. Heç kimi xəbərdar etmədən müəssisələri anonim gəzib, işlərlə yerindəcə tanış olurmuş.

Bu hadisənin üstündən təxminən 10 gün keçdi və məni partiya namizədliyindən üzvlüyə keçmək üçün Raykoma apardılar. Getdim gördüm masanın başında həmin kişi oturub. Məni görən kimi tanıdı və bir az yaxına çağırıb dedi: “Baxıram sən Veravul kəndində anadan olmusan. Bəs rus dilini harada öyrənmisən?!”. Anamın Bakıda yaşadığını və evimizdə rusca danışdığını söylədim. Mənimlə rusca sual-cavab etdikdən sonra partiyanın üzvlüyünə keçirtdi. Bu söhbətdən qısa müddət  keçəndən sonra məni Komsomola ikinci katibliyə tövsiyə etdilər.



- Belə deyək də. Hadi Rəcəblinin vəzifə həyatı təsadüfdən qaynaqlanıb.

- Əslində 1963-cü ildən zavodda fəhlə işləmişdim, sonra mütəxəssis kimi laborant,  bir az sonra plan şöbəsinin müdiri vəzifəsinə irəli çəkdilər. Komsomola II katib seçildiyim 1971-ci il 17 fevral tarixindən peşəkar siyasətə gəldim. Daha sonra ordu sıralarına getdim və hərbi xidməti başa vurandan sonra yenidən Komsomolun birinci katibi seçildim. Həyatımın pillələri bu cür başladı. Komsomolun ikinci katibi seçiləndən qısa zaman sonra maraqlı hadisə baş verdi. Heydər Əliyev bunu sonradan yadıma saldı. 

1999-cu ildə Heydər Əliyev adına İdman Sarayında ulu öndərimizin hakimiyyətə gəlməsinin 30 illiyini ölkəmiz qeyd edirdi. Hər bir rayonun stendi vardı. Lənkəran stendinin qarşısından nədənsə prezident dayanmayıb keçdi. O vaxtlar deputat həmkarımız İlham Əliyev cənabları ulu öndərimizi müşayiət edirdi. Mən tez hörmətli İlham müəllimə müraciət etdim, o da ulu öndərə nəsə dedi və  elə alındı ki, Heydər Əliyev Lənkəran rayonunun stendinin qarşısına geri döndü. Mən dil-damağa qoymadan Heydər Əliyev dühasının Lənkəran üçün gördüyü işlərdən danışmağa başladım. Böyük insan, məni dayandırdı, bəzi fikirlərimi inkişaf etdirdi və böyük səmimiyyətlə  mənim tərcümeyi-halımı danışmağa başladı. Qəfildən dedi “yadındadı, hələ bir əsgər də getmək istəmirdin?”. Mən tərəddüd və təəccüblə ona baxanda sözünə  davam etdi: “1971-ci ilin mayında İsa Məmmədov mənə zəng etdi ki, Komsomola ikinci katib qoymuşam, hərbi komissarlıq onu əsgər aparmaq istəyir. Belə iş olar? Bir az özünə gəlsin, sonra gedər”. Mən də dedim ki, “qoy getsin”. Sən o vaxtı əsgər getməsəydin, indi burda olmayacaqdın”. 
Necə də dəqiqliklə olmuş hadisəni yadıma saldı. Çünki o vaxtı Komsomolun birinci, ikinci katiblərini əsgər aparmırdılar.


- Bəs Heydər Əliyevlə ilk görüşünüz necə olub? 

- Hərbi xidmətdən qayıdanda kasıb, müəllim ailəsinin üzvü kimi təmkinlə ev-eşik qayğıları ilə əhatə olunmuşdum. O vaxtlar uşaqlıq dostum Hüseynbala Mirələmovun toyu olacaqdı. Gəlinin cehizini gətirməyə dağ kəndlərinin birinə getmişdik. Gün başıma elə vurmuşdu ki, saçım-qaşım sapsarı saralmış, özümdə də hal belə qalmamışdı. Bu arada Komsomolun birinci katibliyinə mənim namizədliyimi irəli sürmüşdülər. Bakıya partiyanın Mərkəzi Komitəsinə dəvət etmişdilər. 1972-ci ilin iyul ayının əvvəli idi. Ulu öndər bu vəzifələrə irəli çəkilənləri bilavasitə özü qəbul edirdi.  Qalstuku birindən, pencəyi başqa birindən alıb geyinmişdim. Heydər Əliyev məni qəbul edəcəkdi. O vaxtlar Mərkəzi Komitənin təşkilat partiya işi şöbəsinin müdiri İsmayıl Əsgərov adlı bir ağsaqqal kişi vardı. Heydər Əliyevlə görüşməzdən öncə necə danışmağımı, necə durmağımı, hərəkət  etməyimi mənə başa salırdı. Kabinetə ölü vəziyyətində daxil oldum. Həyəcandan əsirdim. Heydər Əliyev mənə baxıb gördü ki, vəziyyətim heç də yaxşı deyil, başladı kefimi açmağa. Ordan-burdan söhbət edəndən sonra mənə bir neçə tövsiyə verdi.



- Nə idi Heydər Əliyevin sizə verdiyi tövsiyələr?

- Onun verdiyi tövsiyələrə əməl edən adamlar bu gün də vəzifədədirlər. Əsas tövsiyəsi o idi ki, sənə tapşırılan işə özünü həsr edəsən, gecə-gündüz çalışasan. Həyatda nəyəsə nail olmaq istəyirsənsə gərək zəhmət çəkəsən. İkinci ən vacib tövsiyələrindən biri mənəvi saflıq, halallıq, düzlüklə bağlı idi.

Bu tövsiyələrə beş il Lənkəranın Komsomol lideri kimi, çox böyük məsuliyyətlə əməl etməyə çalışdım. Gələcək perspektivlər üçün o vaxtlar gənc kadrlar Ali Partiya Məktəbini bitirməliydilər. Həmən təhsil ocağına seçim də ulu öndər tərəfindən aparılırdı.

Məni seçdilər, iki il orada üç Zaqafqaziya respublikasından gələn tələbələrlə oxuyub, qırmızı diplom aldım. Ulu öndərin kənardan diqqət və qayğısını daim hiss edirdim. Hələ diplomumu almağa bir neçə ay qalmış Bakıl Ali Partiya Məktəbinin rəhbərliyindən dedilər ki, sənin adın “ÇK”nın birinci katibinin masası üstündədir, ya Aparata, ya da bir böyük vəzifəyə irəli çəkiləcəksən.

Respublika mərkəzi partiya təşkilatının orqanı olan “Bakinskiy raboçi” qəzetinə xüsusi müxbir lazım idi. Məni bu qəzetə zona müxbiri kimi Heydər Əliyev məsləhət gördü. Zona müxbiri bir sıra dəyərlərinə görə birinci katibə bərabər vəzifə hesab olunurdu. 2 il o qəzetdə müxbir işlədim. Yazılarımı Moskvada oxuyurdular. Mövzularım sənaye, kənd təsərrüfatı, sosial məsələlər, regionun bütün həyatından bəhs edən yazılar idi. Sizə deyim ki, vəzifəlilər bizim tənqidi yazılardan qorxurdular. Dərhal məqalələrimizə reaksiya verilirdi.

Azərbaycan dövlətçiliyi tarixində yeganə hallardan biri idi ki, qəzet müxbirini şəhər rəhbəri qoydular. 32 yaşımda Heydər Əliyevin növbəti seçimi və  göstərişi ilə mən Lənkəranın indiki sözlə desək, icra başçısı oldum. Qısa müddətdən sonra məni Mərkəzi Komitəyə işə götürdü. O dövrlərdə hörmətli Ramiz Mehdiyev şöbə müdiri, mən isə şöbədə inspektor oldum. Qısa vaxtdan sonra Şəkiyə birinci katib təyin edildim. 25 yaşında Komsomolun birinci katib seçdiyi adamı 36 yaşına qədər ardıcıl diqqət mərkəzində saxladı, zaman-zaman yetişdirdi.


- Şəkiyə rəhbər təyin edilərkən şəkililər lənkəranlı Hadi Rəcəblini qəbul edə bildilər?

- O sualı indi Şəki camaatına vermək lazımdır ki, məni qəbul etdilər, yoxsa yox?! Şəkidə də fədakarcasına işlədim. Mənim haqqımda bir film var. Həmin filmdə əməkdar jurnalist, şəkili Akif Salamov mənim nələr etdiklərim barədə qısaca danışır. Şəkidə mənə “bizim Hadi” deyirdilər.


- Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə sizinlə münasibətləri necə idi?

- Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə bir neçə ciddi məqamlarla yanaşı, işini korrupsiyaya qarşı mübarizədən başlamışdı. İkinci dəfə hakimiyyətə gələndə isə ölkədə vəziyyət çox pis idi. Ordu yox idi, iqtisadiyyat tənəzzülə uğramışdı, dövlət quruculuğu məhv olmuşdu, məcburi köçkün problemi, korrupsiya baş alıb gedirdi. Demək olar ki, cəmiyyət özbaşına idi. Ona görə də Heydər Əliyev ilk növbədə ordu quruculuğunu bərpa etdi, məcburi köçkün, şəhid ailələrinə dəstək verdi, idarəetməni qaydaya saldı, sabitlik yaratdı. Addım-addım bunlara nail oldu. Neft kontraktlarının imzalanması, Neft Fondunun yaradılması,  Azərbaycançılıq ideologiyasının əsasını qoydu. Neft kontraktları Azərbaycana bonus gətirdi, atəşkəsə nail olduq. Bunlarsız indi Azərbaycan yox idi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə onunla işləmək yenə mənə qismət oldu. Nazirlər Kabinetində şöbə müdiri vəzifəsini icra etdim. Özü də daimi yaşayış yerini müvəqqəti tərk etmiş vətəndaşlarla iş şöbəsinə rəhbərlik etmək heç də asan deyildi. Həmin dönəmlərdə Heydər Əliyev bilavasitə mənimlə əlaqədə işləyir, tez-tez görüşür, hara gedirdisə, məni də aparırdı. Ulu öndərlə bir çox xarici səfərlərdə olmuşuq. 
Heydər Əliyevlə birlikdə Məkkədə müqəddəs Kəbə evini ziyarət etmişik...

Məcburi köçkün probleminin ən gərgin zamanlarında onun yanında olmuşam. İşlədiyim bütün dövrlərdə ən ağır vəzifəm Nazirlər Kabinetindəki qaçqın və köçkünlərlə işləyən şöbənin müdiri vəzifəsini icra etmək olub.


O dövrlərdə sosial sahədə də xeyli islahatlar aparıldı. Pensiyalar ardıcıl artırıldı, əmək haqlarında kəskin dəyişiklik oldu, manatın inflyasiyasının qarşısı alındı. Senzura aradan qaldırıldı. Latın qrafikasına keçildi. Neft Fondundan ayrılan ilk vəsaitlə məcburi köçkünlərə mənzillər tikildi. Çadır şəhərcikləri ləğv olunmağa başladı. Heydər Əliyev hakimiyyətə gələndən sonra BMT-nin Ali Qaçqınlar Komissarlığı Bakıya fəaliyyətə başladı. Ardınca 60 beynəlxalq təşkilat Azərbaycana gəldi. Təsəvvür edin: Azərbaycanda 1 milyon məcburi köçkün vardı, ancaq Ali Qaçqınlar Komissarlığı bura gəlmirdi. Halbuki, dünyada faiz etibarilə ən çox məcburi köçkün bizdə idi. Sadəcə, biganəlik nümayiş etdirirdilər. Çünki pərakəndəlik hökm sürürdü. Heydər Əliyev həm də xarizmatik şəxsiyyət idi. Məhz onun xarizmatik şəxsiyyət olması nəticəsində Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Onun sahəsində MDB-yə yenidən daxil olduq.

Bir sözlə, Heydər Əliyevlə ünsiyyətim çox olub. Onunla hər ünsiyyət məni peşəkar siyasətə bir qədər də yaxınlaşdırıb.



- Və 1995-ci ildə deputat oldunuz? Niyə Nazirlər Kabinetindəki işinizdən imtina etdiniz?

- Həmin vaxtlar mənim Lənkərandan deputatlıq söhbətim gündəmdə deyildi. 5 nəfərin namizədliyi irəli sürülmüşdü. Həm də namizədlərin hər biri məndən yaşca, təcrübə baxımından, hətta elmi dərəcələrinə görə çox-çox  üstün şəxslər idi. Heydər Əliyev Lənkəranın icra başçısı Dilrubə Zamanovaya mənim namizədliyimi  məsləhət bilmişdi.

Onu da deyim ki, gərgin seçki kampaniyası baş tutmuşdu. Tam olaraq sonradan 10 nəfər deputat seçilmək uğrunda mübarizə aparırdı. Xalqın dəstəyi ilə qalib gəldim.  


- Hadi müəllim, o dövrdə demokratik cəmiyyət quruculuğu necə gedirdi,  rəhbər insanları necə tənqid edirdilər?

- Əksikliklərin mübarizəsi və vəhdəti bizim inkişafımızdır. Tənqid və təhqir ayrı-ayrı şeylərdir. Təəssüf ki, bu gün anonim yazılar yazırlar. O dövrlərdə anonim söyüşlər yazmırdılar. Hətta anonim məktublara baxmırdılar. Hüquqi dövlətin 3 hakimiyyət qolu var. 4-cü qoluna da mətbuat deyirlər. 3 qolundan biri qanunverici, ikincisi icraedici, üçüncüsü isə məhkəmə orqanlarıdır. Təməl qanunvericilik orqanıdır. Parlamentin ilk günlərindən sosial qanunvericilik bazasını formalaşdırmaq mənim rəhbərlik etdiyim komitəyə həvalə edilib. Sosial müdafiə sisteminin təməlini biz qoymuşuq. Ulu öndərin dövründə də qanun yaradıcılığı təşəbbüskarı həm də prezident idi. Parlamentə prezidentin imzası ilə çoxlu qanunlar gəlirdi. Bu qanunlar zaman-zaman qəbul olundu. Məsələn, şəhid ailələrinə prezident təqaüdü verildi və şəhid ailələrinin uşaqları təhsil haqqından azad edildi.. Əlil uşaqların təhsil haqqından azad olunmasını həyata keçirdik. Sosial müdafiə sisteminin təməlini biz qoymuşuq. Özü də maliyyə imkanlarının ölkədə məhdud olduğu vaxtda bunu etmişik. Bu qədər işlər cənab prezidentin təşəbbüsü ilə gerçəkləşib. Eyni zamanda, Milli Məclisin komitə sədri olaraq qanun layihələrini mən hazırlayıb parlamentə məruzə etmişəm. Mən Heydər Əliyevin əsgəri olmuşam. YAP Siyasi Şurasının üzvüyəm. Bu partiyaya xidmət edirəm. Həm partiyam, həm cənab Prezidentim, həm də mən hər uğurlu işin başında xalqımızı, Azərbaycan vətəndaşını görmüşük.

Uşaqpulunun artırılmasını mən təklif etmişəm. Bir saatdan sonra bəzi mətbu orqanları yazırlar ki, “Hadi Rəcəbli deyir ki, uşaq pulunu verməyək”.



- Hadi müəllim, bəzən sosial şəbəkə səhifələrində, KİV-lərdə haqqınızda kəskin ifadələr yazılıb. Ancaq bu vaxta kimi heç bir kimi məhkəməyə verməmisiniz. Maraqlıdır, nəyə görə?


- Deyim nəyə görə bu addımı atmıram. Heydər Əliyev sağlığında heç bir mətbu orqanı məhkəməyə verməyib. İlham Əliyev cənabları bir mətbuat orqanını belə məhkəməyə verməyib. Mən də iki səbəbdən haqqımda yazılanlarla bağlı mətbu orqanları məhkəməyə verməmişəm.  Birincisi, ulu öndərə və cənab prezidentimə baxıb verməmişəm, ikincisi isə axı mən də jurnalist olmuşam.


- Siz də bilirsiniz ki, fikirləri ən çox təhrif olunan deputatlardansınız. Bəs övladlarınız haqqınızda yazılanlara necə reaksiya verir?

- Böyük oğlum hüquq elmləri namizədidir. Bu yaxınlarda dedi ki, “ata, bu qədər də olmaz axı! Mətbuata açıq olma! Niyə gedib müsahibə verirsən?!. O birilər vermir, nəsə olur?! Heç onları söyən də olmur. Sən də müsahibə vermə!”. Cavab verirəm ki, “axı mən jurnalist olmuşam!”.

Oğlum duz deyir. Doğrudur, mətbuata açığam. Ancaq bu açıqlığın da əziyyətini çəkirəm. Bir jurnalist əleyhimə çox tərbiyəsiz yazı yazmışdı. Böyük oğlum Ədliyyə Nazirliyində çalışır. Bir vəkil qrupu yaradaraq həmin materialı təhlil etdilər. Həmin yazını yazan adama 3 il həbs cəzası düşürdü. Məsələni məhkəmə orqanlarına yönəltmək istəyirdilər. Bu “jurnalist”in kimliyi ilə maraqlandım. Rayonun adını çəkməyəcəm. Məlum oldu ki, bu yazını yazan 65 yaşlı məcburi köçkündür. İndi Hadi Rəcəbli 65 yaşlı məcburi köçkünü həbs elətdirsin?!

Cəmiyyətə, mətbuata açıq olanda başımıza hər oyun gəlir. Yaxşı, biz nə edək?! Demişdim ki, böyük nəvəmin paltarını kiçik nəvəm geyinir. Yazdılar ki, “milyoner və korrupsioner Hadi Rəcəbli filan filan...”. Halbuki, olanı demişdim. Uşaq olanda ailəmdə belə görmüşəm, bir-birimizin paltarını geyinmişik. İndi də həmin ənənəmiz davam edir. Yalan deməmişdim. Bizim ailədə buna pis baxmırlar.



- Jurnalist olaraq haqqınızda yazılanları təhlil etməyə çalışdıq. Təhlillər göstərir ki, haqqınızda yazılanların
 böyük əksəriyyəti yalandır. Maraqlıdır, bu qədər yalana necə dözüb tab gətirirsiniz?

- Dözmək?!.. Hadi Rəcəbli deyib ki, müavinətlər artırılsın, ünvanlı sosial yardım verilsin, yaşayış minimumu çoxalsın. Amma dediklərimi təhrif edirlər. Başqa məsələyə qulaq asın! Yazırlar ki, “Hadi Rəcəblinin 9 yanacaqdoldurma məntəqəsi, 17 villası, 4 şadlıq evi var”. Hadi Rəcəblinin nəyisə var, ancaq bu qədər deyil axı!.. Ağını çıxarmayın da!!!


- Tam səmimi cavab istəyirəm. Haqqınızda yazılan anonim söyüşləri sakit qarşılayırsınız?

- Qətiyyən! Yazılan söyüşlərin hamısı, beş dəfə artıqlaması ilə elə  həmin adamların özlərinə qayıdır. O söyüşləri mən də, ailəm də, nəslim də təhqir yazanların özlərinə qaytarır.


- Parlamentin iclaslarının birində pensiyada olan sabiq deputatların maaşının artırılması məsələsi gündəmə gəldi. Sabiq deputatlar təxminən nə qədər maaş alır?

- Qanunumuzda yazılıb ki, dövlət qulluqçuları və deputatların əmək haqqı arta-arta gedirsə, pensiyada olan həmin qrup insanların da pensiyası buna uyğun olaraq artmalıdır.


- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Nə düşünürsüz seçkilər barədə? Qatılmaq fikriniz varmı?

- Partiyamın əsgəriyəm. Yeni Azərbaycan Partiyası məni müdafiə edib, məsləhət bilsə,  seçkilərə  qatılacam. Həmçinin, özümü heç kimdən nə fiziki və mənəvi cəhətdən, nə işgüzarlıq, nə də qanun yaradıcılığı prosesinin nəzəri və praktik tərəfini bilən bir siyasət alimi kimi zəif hesab edirəm. Ancaq bu məsələ partiyamın qərarıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR