Slimfit
  1. AZƏRBAYCAN

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb
Sakura

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, bu günlərdə ölkəmiz Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi etdi. Festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən 50-yə yaxın tədbir öz rəngarəngliyi ilə seçilib. Fürsətdən istifadə edərək dünyanın müxtəlif ölkələrindən festivala qatılan qonaqları salamlayıram. İlk növbədə, ölkəmizdə mədəni layihələrin həyata keçirilməsinə verdiyi dəstəyə və bu ili "Nəsimi ili" elan etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan mədəniyyətini dünyada layiqincə təbliğ etdiyinə və belə bir festivalın reallaşmasına göstərdiyi köməyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Bu gün Heydər Əliyev Mərkəzində dünya şöhrətli türkiyəli heykəltəraş Ahmet Güneştekinin əsərləri təqdim olunacaq. Sərginin hər kəsin böyük marağına səbəb olacağını vurğulayan A.Ələkbərov deyib: “Rəssamın Bakı sərgisindəki ekspozisiyasında Azərbaycan xalqının Ümummilli Liderinə həsr etdiyi “Heydər Əliyevin xatirəsinə” adlı əsəri də yer alıb. Bu, rəssamın çoxdankı arzusu idi. Artıq həmin əsər bu gün sizlərə təqdim olunacaq. Ahmet Güneştekinin dahi şəxsiyyət Heydər Əliyevə heyranlığı və hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib”.

Bakıda belə bir möhtəşəm mərkəzdə sərgisinin açılmasından məmnunluğunu ifadə edən Ahmet Güneştekin paytaxtımızı bir mədəniyyət şəhəri kimi dəyərləndirib. “Memarlıq baxımından dünyada tayı-bərabəri olmayan belə bir mərkəzdə sərgimin açılması məni çox qürurlandırır. İlk dəfə Heydər Əliyev Mərkəzini görəndə çox heyrətləndim. Bura nadir bir məkandır. Bu məkan mənim üçün yaratdığım “Ölümsüzlük otağı” qədər dəyərli bir memarlıq nümunəsidir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə vəfa borcu kimi bir əsər həsr etdim. Bu əsərimlə çalışmışam ki, Azərbaycan tarixini və Heydər Əliyev şəxsiyyətini əks etdirim. Bu il, eyni zamanda, Azərbaycanda “Nəsimi ili”dir. Nəsimi dahi söz xiridarıdır. İmadəddin Nəsiminin nadir şəxsiyyətindən və poetik irsindən ilhamlanaraq “Recm Nasimi” adlı əsərimi yaratdım və bununla festivala öz töhfəmi vermək istədim. Festivala dəvət aldığım üçün Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”, - deyə rəssam qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın İmadəddin Nəsimiyə həsr etdiyi “Recm Nasimi” əsərində sufiliyin ədəbi və fəlsəfi qolu olan hürufiliyin ehkamları əks olunur. Sərgilənən işlər arasında rəssamın məşhur “Ölümsüzlük otağı” da var. Bu möhtəşəm əsər Heydər Əliyev Mərkəzinin binası önündə nümayiş olunur. Rəssam “Ölümsüzlük otağı”nı Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. “Gilqameş dastanı” və “Nuh tufanı” əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam “Ölümsüzlük otağı” üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə və buynuz hissədən ibarətdir. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin əsas simalarından olan Ahmet Güneştekin 1966-cı ildə anadan olub. Beş yaşından rəsm çəkən Güneştekin 1981-ci ildə İstanbula gəlib. 1997-ci ildə İstanbulda ilk studiyasını qurub. 2003-cü ildə Atatürk Mədəniyyət Mərkəzində “Zülmətdən sonra rənglər” adlı ilk böyük sərgisini açıb. 2005-ci ildə “Günəşin izində” sənədli layihəsini həyata keçirib. 2010-cu ildə İstanbulda Güneştekin Sənət Mərkəzini yaradıb. 2013-cü ildə Venesiyada ilk beynəlxalq sərgisini açıb və Malboro (Marlborough) qalereyası ilə əməkdaşlıq etməyə başlayıb.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR