Heydər Əliyev məni dəvət etdi və dedi ki... - Abutalıbov
Ulu Öndərə olan sevgim, məhəbbətim Leninqradda təhsil aldığım günlərdən başlayıb. Düzdür, onda mən onunla birbaşa görüşməmişdim. Amma Siyasi Büro üzvlərinin şəkillərinin içərisində ikinci yerdə Heydər Əliyevimizin şəklini görəndə bütün azərbaycanlılar fəxr edirdilər. Bizə hamı hər yerdə Heydər Əliyevçilər deyirdilər. Biz bununla fəxr edirdik.
Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Prezident İlham Əliyevin qəbulunda bildirib.
H.Abutalıbov vaxtilə Ulu öndər Heydər Əliyevin onu kabinetinə çağırmasından və təyinatından danışıb:
- Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. Azərbaycan xalqı düşdüyü bəladan çıxmaq üçün yalnız və yalnız Ulu Öndəri rəhbərlikdə görə bilərdi və görürdü də. Ulu Öndər çox ağır vəziyyətdə olan Azərbaycanı xilas etmək üçün özünü qurban verdi. Gecəsini gündüzünə, gündüzünü gecəsinə qatırdı, Naxçıvanda gecə lampa işığında işləyirdi, soyuqda Azərbaycanı belə bir ağır vəziyyətdən çıxarmaq yollarını araşdırırdı. Hakimiyyətə gələndən sonra Heydər Əliyev məni dəvət etdi və Suraxanıda vəziyyətin çox ağır olduğunu deyərək, məni bu rayonun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. İnsanın həyatında elə bir hal olur ki, o hal insanın ən xoşbəxt günü sayılır. Mənim də ən xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ salamlaşmağım olub. Suraxanıda işlədiyim vaxt Heydər Əliyevimiz və Siz Amerikadan qayıtmışdınız.
Prezident İlham Əliyev: Müalicədən qayıtmışdı, 1999-cu il, yadımdadır o günlər, xatırlayıram.
Hacıbala Abutalıbov: Bəli, qurbanlar kəsilirdi. Üç gündən sonra Yeni Suraxanıya gəldi, Heydər Məscidini açdı, bir aydan sonra məni kabinetə dəvət etdi və dedi ki, indi səni Baş nazirin müavini təyin edirəm. Bir ildən sonra məni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdi. Bakı Şəhər İcra Hakimiyyətində Siz dediniz, düz 17 il yarım işlədim. Heydər Əliyevin böyük arzusu var idi: Bakı təmizlənməlidir, Bakı abadlaşmalıdır, Bakı yaşıllaşmalıdır, Bakı gül-çiçəyə çevrilməlidir. Gecə 3-də, 5-də zəng edirdi, yatmağı yox idi, gecəsi-gündüzü yox idi. Sonra Sizin hakimiyyətiniz dövründə işlədim. Sizin göstərişlərinizin, Bakının belə gözəl vəziyyətə çatdırılması üçün Sizin arzularınızın yerinə yetirilməsində əlimdən gələni edə bildim. Bakı gözəlləşdi və Siz də həmişə demisiniz və deyirsiniz ki, Bakı dünyanın ən gözəl şəhəridir. Əgər Heydər Əliyevimiz Azərbaycan dövlətini yaratdısa, dövlətçiliyin banisidirsə, Siz inkişaf etmiş Azərbaycanın banisisiniz. Azərbaycanda sabitliyin qiyməti yoxdur. Çox sağ olun ki, Azərbaycan belə bir inkişafdadır. Minnətdarlığımı bildirirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət