Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda tam orta məktəb üçün yeni bina tikilir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində tam orta məktəb üçün inşa edilən yeni binada son tamamlama işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 160 şagird yerlik yeni tədris ocağı ikimərtəbəlidir və zirzəmisi var. Zirzəmidəki emalatxanada ümumən əmək təlimi dərsləri üçün lazımi şərait yaradılıb.
Binadakı 15 sinif otağı, üç laboratoriya, habelə xidməti otaqlar burada tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcək. Həyətdə örtülü idman meydançası da qurulur.
Hazırda binada qapı-pəncərələr qoyulur, otaqlar rənglənir, elektrik xətləri çəkilir. 97 nəfərlik işçi qüvvəsinin çalışdığı obyektdə işlərin tezliklə başa çatdırılması üçün ciddi səy göstərilir.
Məktəb binasının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət