Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim olunduğunu bildirib.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilməlidir.
Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.
Layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.
Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.
Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.
Payız sessiyasında həmçinin “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət