Hərbçilərin 7-ci Dünya Oyunlarına son hazırlıq işləri başa çatıb
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə oktyabrın 18-də Çinin Uxan şəhərində start götürəcək Hərbçilərin 7-ci Dünya Oyunlarına son hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Oyunların təşkilat komitəsinin sədri Yan Cien yarışlarda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçinin idmanın 27 növü üzrə mübarizə aparacağını deyib. Hərbçilərin 7-ci Dünya Oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük Oyunlar kimi tarixə düşəcək.
Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbiri bir çox yeniliklərlə də rekord olacaq. İlk dəfədir ki, bu Oyunlar yalnız bir şəhərdəki idman qurğularında təşkil ediləcək. Bundan başqa, ilk dəfə olaraq yarışlar hərbi kazarmalardan kənarda keçiriləcək.
Oyunların təşkili üçün iki il davam etmiş hazırlıq prosesi uğurla başa çatıb. Yarışlarda iştirak edəcək hərbçilərin böyük hissəsi artıq Atletlər kəndində yerləşib. Bundan başqa, açılış mərasiminin son məşqi də baş tutub.
Qeyd edək ki, Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov, Elman İsmayılov da Uxan şəhərinə yola düşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət