Slimfit
  1. AZƏRBAYCAN

Hər kəs burada öz dərdinə çarə tapır - Azərbaycanda əfsanəvi xanəgah

Hər kəs burada öz dərdinə çarə tapır - Azərbaycanda əfsanəvi xanəgah
Sakura

"Bu pirə inanan, sığınan yüzlərlə insanın dili açılıb"

Yurdumuzda saysız-hesabsız tarixi abidələr var. Bu abidələrin çoxunu ziyarətgahlar, o cümlədən pirlər təşkil edir. Həm tarixi abidə olan, həm də dövlət qoruğu kimi qorunub saxlanılan ziyarətgahlardan biri də Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahıdır.

Pir Hüseyn xanəgahının çox qədim və maraqlı tarixi var. XI-XIII əsrə aid olan bu tarixi abidə dahi sufi şairi, filosof Şeyx Əlihüseyn ibn Əlinin (əsl adı belədir) məzarı üzərində ucaldılmış əsrarəngiz memarlıq kompleksidir. Ləqəbi Pir Hüseyn Şirvani olan alim "Qələndəriyyə" sufi təriqətinin başçısı olub. O, dini alim olduğundan dini məclisləri burada idarə edib. Qiymətli abidə sayılan bu xanəgah Azərbaycan ərazisində yerləşən xanəgahlar arasında mühüm yer tutur.

Pir Hüseyn xanəgahı
 
Pir Hüseyn xanəgahı

Xanəgahda dəfn olunan Pir Hüseyn Şirvani 954-cü ildə anadan olub və 1072-ci ildə vəfat edib. Beş şahın dövründə yaşayıb və beş şahın da vəziri olub. Bu xanəgahı məşhur edən onun möcüzələri və "kaşı bəzəkləridir". Burada olan "kaşı bəzəklər" İranın Kaşan şəhərində hazırlanıb. Hazırda bu kaşı bəzəklərindən ancaq 15 parçası qalıb. Qalanları isə Luvr, Ermitaj və Prado muzeylərində saxlanılır.

Xanəgah müxtəlif dövrlərdə Şirvanşahlar və Elxani hökmdarları tərəfindən ucaldılıb. İlk əvvəllər Pir Hüseyn Şirvaninin qəbrinin üstündə sərdabə hazırlanıb, sonra məscid və minarə, ən sonda isə qala divarları tikilib. Yeganə abidədir ki, tikintisi 5 əsrə başa gəlib.

Bura dəfələrlə ermənilər tərəfindən qarətlər təşkil olunub və 1918-ci ildə soyqırımı zamanı kəndi müdafiə edən türk əsgərləri çoxlu sayda şəhid veriblər. Düşmən ordusu sonda bu xanəgaha girərək ətrafı dağıdıb. Xanəgahın içərisində yerləşən kitabxanada 3000-dən çox əlyazma olub və həmin əlyazmalar ermənilər tərəfindən yandırılıb.

Buranın yenidən necə kəşf və bərpa edilməsi haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov məlumat verib: "Gördüyünüz bu su anbarı 1957-ci ildə erməni Akopyanın layihəsi əsasında tikilib. Bu bəndin 2 km aralıqda tikilməsi nəzərdə tutulsa da, düşmənlərin planı başqa olub. Onlar fikirləşiblər ki, burada su anbarı tiksələr, zaman keçdikcə su anbarından xanəgaha su sızacaq və abidə dağılacaq".


Z.Cəfərov qeyd edib ki, su anbarı tikilən ərazidən əvvəllər xanımlar üçün muncuqlar çıxarılırmış: "Bu layihə nəticəsində o da dağıdılıb. Su anbarı bir neçə dəfə daşıb və nəticədə yaxınlıqdakı 3 kəndi su basıb. Möcüzə ondadır ki, 5 metr yaxınlığındakı bu xanəgaha su damcısı dəyməyib".

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Qızıl Orda xanı Özbək 1318-ci ildə Şirvanı fəth edən zaman Pir Hüseyn xanəgahını ziyarət edib, öz əmirlərinə həmin ərazidə tutduqları əsirləri azad etməyi və taladıqları qızıl-zinət əşyalarını geri qaytarmağı əmr edib. Özbək Xan orda bir neçə möcüzələrlə qarşılaşıb.

Bu xanəgah insanlar üçün həm ziyarətgah, həm də ümid yeridir. Bura gələnlər niyyət edir, dualar oxuyur, nəzir verir, qurbanlar kəsirlər.

Ziyarətgahın möcüzələrinə şahid olan Z.Cəfərov bizə maraqlı faktlar danışdı: "Hacıqabulun Udulu kəndindən 2 il öncə bir ailə gəlmişdi. 24 ilə yaxın idi ki, övladları olmurdu. Burada qadın niyyət etdi və 1 saat ziyarətgahda yuxuya getdi. Bir müddətdən sonra həmin ailənin övlad həsrəti sona yetdi və onların övladı dünyaya gəldi. Ailə yenidən ziyarətgaha gələrək burada qurban kəsdi".

Müsahibimizin dediyinə görə, Respublikamızın müxtəlif rayonlarından buraya ziyarətə gəlirlər: "Bu pirə inanan, sığınan yüzlərlə insanın dili açılıb".

Xanəgaha qonaq gələn Beyləqan rayon sakini Aydın Əzimov da şahidi olduğu bir hadisəni bizimlə bölüşdü: "Oğlumun 6 yaşı vardı və danışmırdı. Müalicə etdirsək də, heç bir irəliləyiş yox idi. Bizə belə bir xanəgahın olduğunu dedilər və oğlumuzu gətirdik. Ziyarətgahdan evə qayıdanda uşaq maşından düşərək, "ata qapını açım?" dedi. Həmin anları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sevincdən ağlamağa başladıq. Biz bu ziyarətgahın belə möcüzəsini gördük".

Bu müqəddəs sayılan xanəgahın həyətində iki su quyusu var. Burdan çıxan su çox yüngül və şirindir. Hamı üçün maraqlı və müəmmalı qalan isə bu quyulardakı suyun heç zaman artıb-azalmamasıdır. Kənd sakinləri toplaşaraq quyudan nasos vasitəsi ilə su çıxarıb quyunu təmizləmək istəsələr də, səyləri nəticəsiz qalıb. Belə ki, quyudan nə qədər su çıxarsalar da, quyudakı su heç bir litr də azalmayıb.

Pir Hüseyn xanəgahı

 

O gündən sonra ziyarətgaha gələn xəstə zəvvarlar bu sudan şəfa tapmaq məqsədilə istifadə edirlər. Bədənində müxtəlif yaralar olan insanlar bu suyla yuyunaraq xəstəlikdən qurtulurlar. Bütün bayramlarda xanəgaha insanları dəstə-dəstə axın edən görmək mümkündür.

Həmin xanəgahın içərisindən Şamaxı şəhərinə 67 km uzunluqda yeraltı tunel aşkar edildikdən sonra bu ərazi tarix-memarlıq qoruğu elan edilib. Abidə 2005-ci ildən tarixi-memarlıq qoruğu kimi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi (indiki adı ilə Mədəniyyət Nazirliyi) tərəfindən xanəgah təmir-bərpa edilərək 2007-ci ildə yenidən ziyarətçilərin ixtiyarına verilib.

Xanəgahın ərazisində Mədəniyyət və Turizm Nazirliyindən verilən layihə əsasında 4 məişət otağı və ekspozisiya zalı daxili imkanlar hesabına istifadəyə verilib. Qoruq ərazisində yeni bağ salınıb, yeni su xətti çəkilib. Bu qoruğa il ərzində xaricdən və ölkə daxilindən çoxlu sayda turist gəlir.

Qoruğun zəngin fondu bərpa edilib. Hazırda 11 mindən çox eksponatın toplandığı qoruqda elmi-tədqiqat işləri üçün kitabxana fondu da yaradılır.



Mənbə: Sputnik.az

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR