Slimfit
  1. ƏDƏBİYYAT

Həqiqətbinlik, insanlığın üst səviyyəsi

Həqiqətbinlik, insanlığın üst səviyyəsi
Sakura

Nikbin hər fəlakətdə bir fürsət, bədbin isə hər fütsətdə bir fəlakət görür.

Başıma gələn kiçik bir əhvalatla bir az zamanınızı çalacağam. Bir şərtlə ki, sonda itirmiş və ya  qazanmış olduğunuzu özünüz müəyyən edəsiniz.  Öncə qeyd edim ki, vədələşdiyim insanı gözlətməkdən çox məni utandıran heç nə yoxdur. İradəmdən asılı olmayan səbəblərdən olsa belə, bir insanın haradasa oturub, gecikən məni  gözlədiyi vaxt, məni o qədər incidir ki, o an elə bilirəm kiminsə həyatından zamanını, vaxtını, ömrünün bir hissəsini oğurladım. Gerçəkdən də elədir, çünki bizi gözləyən insan, o zaman kəsimində vaxtını səmərəli istifadə edərək başqa faydalı bir işə sərf edə bilərdi. Axı, həyatda insan üçün zamandan dəyərli nə var ki?

İllər öncə bir iş adamı xanımla görüşüb mühüm bir məsələni müzakirə etmək üçün vədələşmişdik. Müəyyən etdiyimiz görüş vaxtından iki saatdan artıq zaman keçməsinə baxmayaraq, mən iradəmdən asılı olmayan səbəbdən hələ də görüş yerinə çata bilməmişdim. Avtomobili yatmış ilan kimi hərəkətsiz qalmış prospektin tıxacında bir kənara atıb piyada tələsmək istəsəm də, məsafənin uzaqlığını və daha çox gecikmə ehtimalımın olmasını düşünməyim buna mane olurdu.

 Artıq üç saat keçmişdi, əyləşdiyi masanın arxasında  xəcalət hissi ilə oturdum. Təbii ki, onu gözlətdiyim üçün üzürxahlıq etməyə başladım və məhz mənim üçün üç saatlıq vaxt itkisinə münasibətini həyacanla gözləyərək nitqimə ara verdim.  Nikbin insan masanın üzərindəki əlfəcini kitabın vərəqlərinin arasına qoyaraq təbəssüm etdi:

“Üzürxahlıqa  gərək yoxdur, sizi gözlədiyim müddətdə mən, çoxdandır oxumağı arzuladığım kitabın axırı ki sonuna gəlib çatdım. Həm də görüş üçün belə bir hüzurlu məkanı təklif etdiyiniz üçün də minnətdram. Dadlı isti qəhvə və çoxdandır oxumağı arzuladığım kitab bu günümü yaddaqalan etdi.  Burada gözlədiyim müddət mənim üçün zaman itkisindən çox qazanc  oldu. Buna görə mən sizə təşəkkür edirəm” dedi.

Həqiqətdə mən onun, bir iş adamının dəyərli zamanından çalmış hesab olunsam da hər bir sürprizə bu şəkildə nikbin yanaşan həqiqətbin insan, itirilmiş zamanını daha çox dəyərləndirməyi bacarmışdı.  Belə insanlar heç vaxt baş verən istənilən hadisəyə məyus olmur,ya hikmət axtarır, ya da susur və sadəcə gözləyirlər.  Haqlı yanaşmadır ki,  nikbin hər fəlakətdə bir fürsət, bədbin isə hər fütsətdə bir fəlakət görür.

O an haradansa oxuduğum və bu hadisəyə o qədər də uzaq olmayan  bir əhvalatı xatırladım. Əkizlərdən biri bədbin digəri nikbin idi. Doğum günləri münasibəti ilə valideynləri bədbinə ən bahalı hədiyyə, nikbinə isə içi ot-samanla dolu bir bağlama hədiyyə etdilər. Əkizlər hədiyyələrini açmaq üçün ayrı-ayrı otaqlara qaçdılar. Bir azdan bədbinin şikayət dolu səsi eşidildi:

-Mən bu hədiyyəni istəmirəm, mən bu rəngli kompyuter istəmirəm, mən bu oyuncağı da istəmirəm, mən bundan daha böyük oyuncaq görmüşəm, o bundan yaxşıdır.

Valideyinlər barmaq ucları ilə digər əkizin hədiyyəyə qarşı reaksiyasını bilmək üçün onun otağının qapısına tərəf getdilər. Gördülər ki, nikbin olan uşaq sevinərək bağlamadakı otu havaya atır və yatağının üstündə hoppanaraq deyir:

-Məni aldada bilməzsiniz. Hardandır bu ot- ələf ? Şübhəsiz ki, siz bu yaxınlarda mənə kiçik bir at alacaqsınız, ona görə də əvvlcə onun otunu almısınız. O bu sözləri deyərək valideynlərə təşəkkürünü bildirirdi.

Bəli, ola bilsin hər şeyə malik olasan, amma, xoşbəxtliyi hiss etməyəsən. Ola bilər ki, heç bir şeyin olamayaraq özünü xoşbəxt edəsən. İnsan nikbin olarsa, istədiyi hər şeyə malik olar, həm də həyatın sürprizləri onu incitməz. Nikbinlik  hadisənin real səbəbinə, hikmətinə aparan yola çıxmaq üçün cığırdır. Nikbinlik cığırı, ondan daha yüksəkdə dayanan həqiqətbinliyə yönəldir. Həiqətbin insan isə insanlığın üst səviyyəsidir.  Nikbin və həqiqətbin insanlar həmişə həyata minnətdarlıq hissi duyur və heç nəyə məyus olmurlar. Nikbin insan başqalarının gözündə çətinliklər kimi görünən hadisələrə həyatın bir imtahanı kimi yanaşır, bu imtahandan üzüağ çıxmaq üçün təlaş göstərir, müsbət nəticə əldə etdikdə özünün böyük uğuru hesab edir. Daha güclü olduğunu həm özünə həm də  ətrafdakılara sübut edir, daha da əzmkarlaşır. O, hər zaman ən yaxşıya ümid edir və heç vaxt ruhdan düşmür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR