Slimfit
  1. MEDİA

Hepatit hansı yolla keçir, necə qorunmaq olar?

Hepatit hansı yolla keçir, necə qorunmaq olar?
Sakura

Hepatit hansı yolla keçir, necə qorunmaq olar?

Bu gün dünyada təxminən 2 milyard insan hepatit B virusu daşıyır. Təxminən 400 milyon insan xroniki hepatit B xəstəsidir. Hər il isə 500-700 min insan bu xəstəlikdən dünyasını dəyişir. Azərbaycanda da hepatitli xəstələrin sayı az deyil. Hepatit, doğrudan da, qorxulu xəstəlikdirmi? Hansı yolla yoluxur? Müalicəsi, qorunma yolu nədir? İnvaziv qastroenteroloq-hepatoloq Arzu Yusifova e-tibb.az saytına müsahibəsində bu suallara aydınlıq gətirib.

- Azərbaycanda hepatitin hansı növü daha çox yayılıb?

- Statistik göstəricilər hepatit B-nin daha çox yayıldığını göstərir. Amma dəqiq epidemioloji araşdırma aparılmadığına görə, yalnız öz təcrübəmə əsasən deyə bilərəm ki, B və C viruslu hepatitlərə eyni sayda rast gəlinir. Hepatit A-ya isə əvvəllər daha çox rast gəlimirdi. Amma son vaxtlar təmizləyici vasitələr daha güclü olduğundan hepatit A ilə yoluxan xəstələri çox görmürük. Bir də hepatit A-nın qarşısının alınması mümkün olduğu üçün belə xəstələrın sayı azalıb.

- Adətən, xəstəliyin hansı mərhələsində Sizə müraciət olunur - ilkin, yoxsa ağırlaşmış?

- Hər mərhələdə müraciət olur. İlkin mərhələdə gələnlər bunu təsadüfən bilənlərdir. Yəni, donor kimi ya qohum-əqrəbası, ya da xeyriyyə məqsədilə qan verən zaman analizin nəticəsində onda hepatit virusunun olduğu aşkarlanır. O zaman hepatoloqa müraciət edirlər. Bəzən ailəsində hepatit olanlar profilaktika məqsədilə özlərini yoxlamaq üçün həkimə gəlirlər. Bəzən də müəyyən əlamətlər özünü göstərəndə bizə müraciət edirlər. Təəssüf ki, hepatit C-nin əlamətləri xəstəliyin irəliləyən mərhələsinə kimi özünü büruzə verməyə bilir. Yəni, bizə müraciət etdikdə çox zaman sirroz başlamış olur. Nadir hallarda kəskin hepatitli xəstələr sarılıq, qızdırma, halsızlıq, qripə bənzər əlamətlərlə həkimə yoxlanışa gəlirlər. O zaman xəstədə kəskin hepatitin olduğunu görə bilirik. Biz onlara şanslı xəstələr deyirik. Doğru yardım etməklə xəstəni tam sağaltmaq mümkündür. Amma gecikmiş mərhələdə, sadəcə, virusu yox edə bilirik, qaraciyərin geri dönməyən dəyişiklikləri isə davam edir.

- Əhali arasında hepatitlə bağlı bir xof var. Bir çoxu bunun ölümcül xəstəlik olduğunu düşünür. Hepatit nə dərəcədə qorxulu xəstəlikdir?

- Qorxmağa səbəb yoxdur. Hepatit A-ya bildiyimiz kimi, uşaqlarda daha çox rast gəlinir. Bu zaman orqanizm özü-özünü sağalda bilir. Buna xalq arasında “sarılıq” da deyilir. Çox nadirən pulmonar hepatitə keçə bilər. Hepatit B viruslu xəstələr 3 cür olur. Birincisi, hepatit B virusunu keçirib və tam sağalıb, ikincisi, el arasında deyildiyi kimi daşıyıcıdır. Biz buna tibbi dildə inaktiv hepatit B deyirik. Bu xəstələrə müalicə belə lazım deyil, sadəcə, müşahidə altında saxlayırıq. Üçüncüsü, xroniki hepatit B xəstələridir. Onlara dərman müalicəsi təyin olunur ki, virus qaraciyərə zərər verib, sirroza gətirib çıxarmasın. Hepatit C-ni isə tibbi nailiyyətlər sayəsində tam müalicə edə bilirik. Virus aşkarlanan xəstədə sirroz yaranmayıbsa, hepatit C-ni 3 aya, yəni 12 həftəlik müalicə ilə qandan tam təmizləyə bilirik. Sirroz yaranıbsa da, yenə də virusu məhv edə bilirik, ardınca isə sirrozla mübarizəmiz başlayır. Yəni hepatit insanların düşündüyü, psixologiyalarını pozduğu qədər qorxulu xəstəlik deyil.

- Bəs, hepatit D? Onun müalicəsi mümkündürmü?

- Hepatit D gerçəkdən də qorxulu, çox sürətlə qaraciyər sirrozuna gətirib çıxaran virusdur. Amma hepatit D-ni qanda heç vaxt tək aşkarlamırıq. Hepatit D hər zaman hepatit B-si olan xəstələrdə aşkarlanır. Çünki hepatit D-nin çoxala bilmək üçün hepatit B virusuna ehtiyacı var. Əgər hepatit B virusu olan xəstədə hepatit D aşkarlanarsa, bu, atıq təhlükəli durumdur. Çünki hazırda hepatit D əleyhinə təsirli dərman yoxdur. Amma araşdırmalar aparılır. Yaxın gələcəkdə yəqin ki, hepatit D-nin də tam müalicəsi mümkün olacaq. Hazırda istifadə olunan dərmanlar virusun təsirini müəyyən qədər aşağı sala bilir, amma hər zaman müvəffəqiyyət əldə edə bilmirik.

- Hepatitlərin, əsasən, qan vasitəsilə keçdiyini bilirik. Amma əhali arasında cinsi yolla, tüpürcəklə, eyni boşqabdan yeməklə keçə biləcəyinə dair fikirlər də var. Hətta deyirlər ki, ağcaqanad hepatitli xəstəni sancıb, sonra sağlam adamı sancarsa, ona virusu keçirə bilər. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?

- Hepatit A fekal-oral yolla yoluxan virusdur. Yəni hepatit A-sı olan şəxsin nəcisi hansısa bitkiyə, yerə bulaşıbsa, bu zaman virus keçə bilər. Tutaq ki, viruslu şəxs tualetə getdikdən sonra əllərini yumadan sağlam şəxsin yeməyinə toxunsa, yoluxma mümkündür. Kəndlərdə tualetlər həyətdədir, meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır. Torpağa axıdılan suvarma suları tərəvəzlərə, göyərtilərə, meyvələrə bulaşarsa və yaxud təmiz yuyulmasa, yoluxmaya səbəb olar. Amma hepatit A-nın yoluxma halları xeyli azalıb. Bundan qorunmaq üçün vaksin də var. Hepatit B isə cinsi yolla keçə bilər, bu, mümkündür. Bir də anadan uşağa genital yolla keçə bilir. Ona görə də hepatit B viruslu anadan doğulan uşaq dünyaya gələn kimi ona hepatit B peyvəndi və immunoqlobulini vurulur. Boşqabdan, qaşıqdan keçmə ehtimalına gəldikdə, bəzi yazılarda hepatit B virusunun ağız suyunda da olduğu qeyd olunur. Viruslu şəxsin ağız suyuna bulaşmış vasitədən sağlam şəxs də istifadə edərsə, yaxud öpüşərlərsə, keçmə ehtimalı var. Sadəcə, bu ehtimal çox aşağıdır. Həm də burda bir məqam var - əgər sağlam şəxsin ağzında yara olarsa, virus ona keçə bilər. O ki qaldı ağcaqanad məsələsinə, bu haqda tibbi araşdırma aparılmayıb. Lakin bu fikri də yox saya bilmərik. Odur ki, ailədə bir adamda hepatit B aşkarlanıbsa, yaxşı olar ki, bütün ailə üzvləri peyvənd vurdursun. O zaman heç bir halda onlara virus keçməyəcək. Çünki cinsi yoldan başqa hansısa kəsici alətdən, qayçıdan, təraş ülgücündən istifadə zamanı viruslu şəxs zədələnibsə, başqası o alətlərdən istifadə edərsə ona keçmə riski var. Hepatit C-dən isə təəssüf ki, qorunma şansı, peyvənd yoxdur. Çünki hepatit C bədənə düşdükdə genomonu dəyişir. Hansı genomona düşdüyü öncədən bilinmədiyi üçün də peyvəndi hələ ki, yoxdur. Bəlkə gələcəkdə bu da olacaq.

- Hepatit peyvəndləri uşaqlara vurulur. Bəs böyüklər hansı yaşda, necə vurdurmalıdırlar? Peyvənddən öncə hansı analizdən keçmək lazımdır?

- Səhiyyə Nazirliyinin qərarına əsasən, 1990-cı ildən bu yana yeni doğulan uşaqlara hepatit B peyvəndi 3 dozada vurulur. İlk peyvənd uşaq doğulandan sonrakı 12 saat ərzində edilir. Birinci və altıncı aylarda hepatit B peyvəndini təkrarlamaq lazımdır. Yetkin şəxslər isə hepatit B-yə qarşı peyvənd vurdurmaq istədikdə hər hansı tibbi müəssisəyə yaxınlaşa bilər. Öncə qan analizi verməlidir. Qanında hepatit B-nin olmadığı müəyyənləşsə, ona bu peyvənd 3 mərhələdə vurulur. Hepatit B peyvəndi ilə bağlı yaş məhdudiyyəti yoxdur. Vurulan zaman hər hansı əks göstərişi qeydə alınmır, hətta hamilə qadınlara da tətbiq oluna bilər.

- Peyvənd vurduran şəxsin sonradan hepatit B-yə yoluxma ehtimalı qalırmı?

- Əgər peyvənd tutubsa, qanda anti-HBs varsa, o zaman yoluxma ehtimalı sıfırdır. Bəzi insanların qanında peyvənddən sonra anti-HBs yaranmır, onda peyvənd təkrarlanır. Amma hepatit B peyvəndi vurdurmuş şəxs illər sonra hər hansı immunosupressiyaya (orqanizmin immun sistemini dərman və digər vasitələrlə zəiflətmək) məruz qalarsa, kimyaterapiya almaq məcburiyyətində olarsa, yenidən HBs-yə ehtiyac ola bilər. Çünki istənilən immunosupressiya qanda HBs-i aşağı salır, itirir.

- Hepatitdən qorunmaq üçün hansı tövsiyələr verərdiniz?

- Birinci növbədə, gigiyena və sağlamlıq qaydalarına riayət etsinlər. Yaxşı sterilizə aparmayan tibbi müəssisələrdən uzaq olsunlar. Manikür, pedikür etdirərkən şəxsi alətlərindən istifadə etsinlər. Hepatit B-dən qorunmaq üçün isə ən ideal vasitə peyvənddir. Peyvənd olunmaqla, bu virusdan ömürlük qorunmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR