Həmyerlimiz Hannoverdə “Dressed Underground Award 2019” moda nümayişində mükafat qazanıb
Almaniyanın Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində Elfie & İgnaz firmasının rəhbərliyi altında 6-cı "Dressed Underground Fashionshow" moda nümayişi keçirilib. 320-dən artıq tamaşaçının iştirak etdiyi moda sərgisi müxtəlif dövrlərə aid bir-birindən fərqli 340 ədəd kürsünün yerləşdiyi böyük bir zalda baş tutub. Ümumilikdə 17 dizayner qeyri-adi fetiş modadan başlayaraq zərif axşam geyiminə kimi çox müxtəlif dizayn, biçim və ölçüdə hazırlanmış geyimlərini nümayiş etdiriblər. Moderator Modou Diedhiounun aparıcılığı ilə 2 saatdan artıq davam edən çox rəngarəng bir proqram keçib. 80 model bacarıqla müxtəlif dizaynerlərin fərqli kolleksiyalarını həvəslə tamaşaçılara təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Günel Qəniyevanın daxil olduğu münsiflər heyəti dizaynerlərin içərisində “Dressed Underground Award 2019” mükafatı laureatını müəyyən ediblər.
Günel Hannover şəhər universitetinin məzunudur və ixtisasca məhsul dizayneridir. O özü də @magic_noire ınstagram səhifəsində öz təxəyyülünün nəticəsi olaraq müxtəlif çeşid qadın geyimlərini paylaşır, bununla da digər qadınlara geyimdə sərbəst, inamlı və cəsarətli olmalarında kömək edir. Günel Qəniyeva Almaniyanın ən böyük özəl televiziya kanallarından biri olan SAT-1 televiziya şirkətinə verdiyi müsahibədə Hannover şəhərinin geyim dəbi üzrə Almaniyanın ən qabaqcıl şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu vurğulayıb.
Gecənin sonunda əslən Əfqanıstandan olan dizayner Baryalay Xamoş öz “XAMOŞ” ticari markası ilə moda nümayişinin qalibi elan edilib, tamaşaçıların və digər iştirakçıların sürəkli alqışları altında ona "Dressed Underground Awards 2019" mükafatı təqdim olunub.
Moda nümayişi çoxsaylı media nümayəndələri tərəfindən müşahidə olunub və işıqlandırılıb. Bu haqda Hannoverin “StadtReporter” qəzetində jurnalist Bernd Günther tərəfindən ətraflı məqalə dərc edilib.
Bundan əlavə SAT-1 kanalı bu haqda ətraflı məlumat verib.
Sərginin təşkilatçıları böyük bir uğurla keçən belə bir moda nümayişinin gələn il də keçirilməsini planlaşdırıblar. Şübhəsiz ki, Günel də bir azərbaycanlı münsif kimi bu tədbirə qatılacaq və peşəkar şəkildə öz sözünü deyəcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət