Həlak olan Azərbaycan əsgəri: “Allah bizi şəhidliyə layiq bilsin...”
Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbiristanlığında dəfn olunub.
Virtualaz.org-un Şirvan bürosu xəbər verir ki, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri iştirak ediblər.
Müdafiə Nazirliyi mətbuat xidmətinin dünənki açıqlamasında deyildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında, Milli Aviasiya Akademiyasını bitirdikdən sonra çağırılıb. Ailədə 2 qardaşdırlar. Şəhidin qardaşı Nicat hərbi xidmətini bir neçə gün əvvəl başa vuraraq evlərinə qayıdıb. Hər ikisi cəbhənin ön xəttində xidmət edib.
Neftçala RİH-dən saytımıza verilən məlumata görə, şəhid əsgər bu gün Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbristanlığında torpağa tapşırılacaq.
Dünən axşam isə Neftçala RİH-in rəhbərliyi və rayon ictimaiyyəti şəhidin Bankə qəsəbəsindəki evində toplaşmışdılar.
... Yeri gəlmişkən, şəhid olmuş neftçalalı gənc İbrahim Manafov 2014- cü ilin avqust döyüşləri zamanı, hələ tələbə ikən yazırdı: “Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur... Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam... Allah bizi şəhidliyə layiq bilsin, inşallah!”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət