Slimfit
  1. MEDİA

Heç vaxt tələbəni müəllimin ayağına vermərəm - Rektor

Heç vaxt tələbəni müəllimin ayağına vermərəm - Rektor
Sakura

Heç vaxt tələbəni müəllimin ayağına vermərəm - Rektor

Kult.az Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın “BBC Azərbaycan”a müsahibəsini təqdim edir:

- Kamal müəllim, bugünlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və səsvermə nəticəsində Azərbaycandakı rektorların arasında ən yaxşı nəticəni siz toplayaraq “İlin rektoru” seçilmisiniz. Öyrənmək istəyirəm ki, müəllimlərə və tələbələrə yönələn hansı fəaliyyətlərinizə görə sizə “İlin rektoru” adı verilib?

- Demək çətindir, hansı məqama görə. Hər halda, tələbənin gözü tərəzi gözüdür. O, atdığı addımın istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin ki, tələbə ilə ünsiyyətin formasına görə, mahiyyətinə görə. Bu, universitetimizdə gedən bir çox proseslərin demokratikləşməsi və şəffaflaşmasının nəticəsi ola bilər. Mənim bir devizim var. Bunu tələbələr də, müəllimlər də çox sevir. Demişəm ki, mən heç zaman heç bir tələbəni müəllimin ayağına verməyəcəyəm, amma eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Görünür, bu iki bir-birinə əks qütbləri çətinliklə də olsa, birləşdirmək təşəbbüsü və cəhdi tələbələrin nəzərindən qaçmır.

- Fasilələri nəzərə almasaq, uzun müddətdir rektor olaraq çalışırsınız. Əvvəl Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışırdınız, indi isə Azərbaycan Dillər Universitetinin rəhbərisiniz. Ali təhsilin keyfiyyətində, keyfiyyətinin artırılmasında rektorun fəaliyyətini nədə görürsünüz? Ali təhsilin keyfiyyətinin artırılmasına konkret necə təsir edirsiniz?

- Ali təhsilin keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələbələrin dərsdənkənar çalışmaları, məşğuliyyəti, tələbələrin və müəllimlərin bir-biri ilə auditoriyadan kənardakı ünsiyyətini nəzərdə tutmaq olar. Biz çalışırıq ki, bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini təkcə dərs otağı ilə məhdudlaşdırmayaq. Dərsdən də əlavə tələbənin universitetdə kifayət qədər qalmaq səbəbi var və müəllimin də dərsindən əlavə tələbələrlə məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə uzlaşdırmaq asan da deyil. Amma bu uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin də, tələbənin də daxili tələbatına uyğundur, yəni, bunu onlar özləri sanki istəyirmişlər. Bizdə tələbələr var ki, dərsdən sonra universitetdən getməyə tələsmirlər. Universitet çərçivəsində müxtəlif şəkildə, həm azərbaycançılıq ideologiyası, həm də peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində qurulan elə maraqlı məqamlar var ki, tələbə dərsini qurtarandan sonra universitetdən getməyə tələsmir. Müəllim də iş vaxtı qurtarandan sonra getməyə tələsməməlidir. Biz buna çalışırıq nail olaq. Yəni, üzvi surətdə bu məsələlər – tələbə-müəllim münasibətləri, müəllimlərin başqa ölkələrə və universitetlərə stajartırmaya getmələri və qayıtmaları, universitetlərin bir–biri ilə əlaqəsi təmin olunur. Təbii ki, bu gün universitetlər hər biri öz qazanında bişən universitetlər deyil. Onlardan çox şey götürmək mümkündür.

- Son qeyd etdiyiniz amil – universitetlərdə müəllimlərin və tələbələrin, universitet işçilərinin xarici ölkələrə təcrübə proqramlarına getməsi sizin universitetdə nə dərəcədə reallaşır, belə imkanlar varmı?

- Mən sizə deyim, bu, çoxdan yaddançıxmış, unudulmuş məqam idi. Mənim yadıma gəlir, hələ sovet dövründə müəllimlər stajartırmaya başqa universitetlərə göndərilirdi. Mən vaxtilə Dillər Universitetində çalışmışam. Slavyan Universitetindən əvvəl bu universitetdə fasilələrlə 16 il kafedra müdiri vəzifəsində olmuşam. Yadıma gəlir ki, o zamanlar SSRİ-nin müxtəlif şəhərlərinə, müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5 ildən bir müəllimlər stajartırmaya gedirdilər. Sizə deyim ki, onun çox güclü effekti olurdu. Qayıdanda, əlbəttə, həmin universitetin ən azı ab-havasını gətirirsən, onun intellektual səviyyəsindən yeniliklər gələ bilir. Bütün bunlar, mənə elə gəlir ki, universitetin tam şəkildə bir universitet olaraq bütün ciyərləri ilə nəfəs almağına imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu ki, artıq imkanlar elə deyil, özümüz öz gücümüzə nələrisə etməliyik. Buna baxmayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna, Rusiyanın Linqvistik Universitetləri ilə əlaqələri elə qururuq ki, müəllimlərimiz oraya stajartırmaya gedə bilsinlər. Ən maraqlısı odur ki, artıq biz o universitetlərdən stajartırmaya gələnləri də qəbul etməyə başlamışıq. Bu yaxınlarda bu məqsədlə universitetə Kiyev Milli Linqvistik Universitetindən iki kafedra müdiri gəldilər. Bu, özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə, möhkəmlənməsinə kömək edir.

- Bəs, inkişaf etmiş dövlətlərin universitetlərinə, Qərb universitetlərinə necə, getmək mümkün olur?

- Bilirsiniz, bunlar maliyyə məsələləri ilə bağlıdır. Onların şərtlərinə həmişə cavab verə bilmirik. Bununla yanaşı, elə beynəlxalq proqramlar var ki, orada iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən məsələləri həll etməyə gətirib çıxarır. Tədris məsələlərini, elmi məsələləri, tələbələrin mübadiləsini, onların başqa universitetlərə getməsi və geri dönməsini. İspaniya, İngiltərə, Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq universiteti, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Belarus, Gürcüstan, İndoneziya və digər dövlətlərin universitetləri ilə bizim yaxşı əlaqələrimiz var.

- Slavyan Universitetində rektor olarkən Yaradıcılıq fakültəsi yaratmışdınız və o sahənin peşəkarları müxtəlif fənnləri hazırlayırdılar, tələbələrin hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan uzaqlaşandan sonra o fakültə fəaliyyətini dayandırdı. Rektorlar ali təhsilin idarəedilməsində nə qədər azaddırlar?

- Universitet çərçivəsində mütləq azadlığa malikdirlər. Mənim universitet rəhbəri kimi azadlığımı heç nə məhdudlaşdırmır. Nazirlik işimizi perspektiv və strateji istiqamətdə qurmağımıza kömək edir. Köməyə ehtiyacımız olan zaman öz köməyini əsirgəmir. Cənab Prezidentin Sərəncamı ilə bizim universitet Azərbaycanda dördüncü universitetdir ki, publik-hüquqi şəxs statusuna layiq görülüb. Bu, bizim müstəqilliyimizi bir qədər də genişləndirir. Yaradıcılıq fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli, belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət göstərmək idi. Mən ədəbiyyat adamı olduğum üçün baxıb görürdüm ki, bəzi gənclərimiz gözəl şeir yaza bilir, ahəngdar, qafiyəsi, ritmi, hər şeyi öz yerində, amma bu şeirin hansısa intellektual nəfəsi çatışmır. Görürsən ki, gəncin həvəsi var, amma o həvəsin arxasında duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə də bizim məqsədimiz həmin gəncləri bir yerə toplayıb onlardakı kulturologiya, dünya ədəbiyyatı tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi prosesi, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini təmin etmək idi. Çox sevinirəm ki, onların arasında elə gənclər var idi ki, bu gün Azərbaycan ədəbiyyatında tanınmış adlardır. Həmin ənənəni Dillər Universitetində həyata keçirmək niyyətindəyəm. Həmkarlarımla danışmışam, gənc yaradıcı qüvvələrin həmin istiqamətlər üzrə bizim köməyimizə ehtiyacı olduğunu düşünürəm. Yəqin ki, dərslərə sentyabr ayından başlayacağıq.

- Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olunur. İctimaiyyətdə bəzi müzakirələr var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə müsahibəsində deyib ki, 1992-ci ildə Təhsil haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyinatla olmalıdır?

- Öz fikrimi izah edim. Rektorların seçilməsi universitet kollektivi arasında ikiləşmə və ya üçləşməyə gətirib çıxara bilər. Bu, çox təhlükəli məqamdır. Universitetdə çalışan rektor və ya başqa şəxs öz namizədliyini verəcəksə, ikitirəlik yarana bilər. Universitet mənəviyyat nöqteyi-nəzərdən parçalana bilər. Bu da təhsilə son dərəcə pis təsir göstərər. Azərbaycan universitetləri arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci ildə Bakı Dövlət Universitetində rektor seçkiləri yadıma düşür. O zaman universitetin rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik Yəhya Məmmədov, Azərbaycanın görkəmli riyaziyyatçı alimi və universitetdə uzun illər elmi işlər üzrə prorektor kimi çalışan, Azadlıq hərəkatında xüsusi xidməti olan insan və digər görkəmli riyaziyyatçı rəhmətlik Mirabbas Qasımov. Heç kim inkar edə bilməz ki, universitet kollektivi iki qütbə bölünmüşdü. Yəhya müəllim böyük fərqlə rektor seçildi və onun rektor kimi böyüklüyü onda oldu ki, seçiləndən sonra qütbləşməni dərinləşməyə qoymadı. O, rektor seçildikdən sonra hamının rektoru oldu, hamıya eyni dərəcədə, eyni obyektivliklə münasibət bəslədi. Başqa halda qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların təyin olunması daha məqsədəuyğundur.

- Dediyiniz kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa seçkilərdə...

- Ola bilər, amma olmaya da bilər.

- Amma, görünür, siz böyük ehtimal hesab edirsiniz ki, bu, olmaz...

- Cəmiyyət bütövlükdə daxilən belə bir vəziyyətə hazır olmalıdır. Seçki, ümumiyyətlə subyektiv anlayışdır. Seçki, müsabiqə son dərəcə obyektiv olunduğu deyilsə də, subyektivlik məqamı hökmən özünü göstərməlidir. O subyektivlik başqa bir subyektivliklə qarşılaşdıqda nə doğura bilər, bunu özünüz təsəvvür edin.

 

- Bildiyiniz kimi, indi internet əsridir və internet vasitəsilə azərbaycanlı tələbələr amerikalı, avropalı, türkiyəli və digər tələbələrin də təhsil prosesini izləyə bilir. Eyni zamanda, onlar da azərbaycanlı tələblərin təhsil prosesini izləyə bilirlər. Siz də, yəqin, izləyirsiniz və müşahidə edirsiniz. Sizcə, Azərbaycan ali təhsili, ümumilikdə nələrdən geri qalır?

- Çox maraqlı sualdır. Biz yavaş-yavaş dünya kontekstinə daxil olmağa başlamışıq. Yadıma gəlir, sovet dövründə Yaponiyada səfərdəydim, Azərbaycan mədəniyyət günləri keçirilirdi. Geri qayıdanda jurnalistlər mənə çoxlu suallar verirdilər. Sual verdilər ki, biz onlardan nə qədər geri qalırıq? Mənim cavabım indiyə kimi yadımdadır: “Biz onlardan qətiyyən geri qalmırıq, çünki biz başqa-başqa qalaktikalardayıq”. Bu gün artıq həmin qalaktikalar birləşib və biz dünya kontekstinə daxil olmağa başlamışıq. Bu gün hansı universitetlə münasibətdə nəyin çatışıb-çatışmadığını saymaq olar, tələbə mübadiləsi var, tələbələr oradakı ab-havanı görürlər, duyurlar, onun aurasına düşürlər, o həyatı yaşayırlar. Bir dəfə mühazirə demək üçün Amerikanın Kolumbiya Universitetinə dəvət olunmuşdum. Bu, qısa müddət baş verdi. Geri qayıtdıqdan sonra uzun müddət həmin təəssüratla yaşamağa davam etdim. Əlbəttə ki, görüb-götürməli çox şeyimiz var. Amma bizim də verəcək az şeyimiz yoxdur. Elə bu gün bizim universitetə Amerikadan 10 tələbə gəlib. Soruşa bilərsiniz, niyə gəliblər? Azərbaycan dilini öyrənməyə. “Azərbaycan dilini bunlar niyə öyrənirlər?” sualını mənə versəniz, mən sizə deyərəm, bu gün Azərbaycanın dünya miqyasında artan hörməti, şöhrəti, Azərbaycanın regionda tutduğu önəmli və əsas, aparıcı rolu onlara bu dili öyrənməməyə heç bir imkan vermir. Yadınıza gəlirsə, o zamanlar rus ziyalısı Bestujev-Marlinski demişdi ki, XIX əsrdə Azərbaycan dilinin Qafqazdakı rolu fransız dilinin Avropadakı roluna bənzəyir. Bu, çox doğru müşahidədir. Dağıstan xalqları bir-biri ilə hansı dildə danışırdılar? Azərbaycan dilində. Azərbaycan dilinin belə bir mövqeyi və avtoriteti var idi. Bu gün o, bərpa olunmağa başlayır. Amerikadan gəlirlər öyrənməyə. Hələ başqa ölkələri demirəm.

- Növbəti sualım isə bu sualın davamıdır. Azərbaycanda verilən ali təhsil bilikləri müasir dünyada verilən ali təhsil biliklərindən nə ilə fərqlənir?

- Mən də sizə eyni sualın eyni cavabını verə bilərəm. Elə sahələr var ki, biz onlarda özümüzü balıq sudakı kimi hiss edirik. Çox rahatıq. Bu, Azərbaycan ədəbiyyatı, dili, humanitar elmlərə daha çox aiddir. Yəni, “Azərbaycandan kənarda bu səviyyədə bu bilikləri daha harada vermək olar?” sualına cavabı tapmaq çətindir.

- Dillər Universitetini bu gün bitirən bir tələbə ona verilən biliklərlə nə qədər uzağa gedə bilir?

- Dillər Universitetini bu gün bitirən tələbə öz imtiyazlarına görə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qədər gedə bilir. Bu gün bizim Baş nazirimiz cənab Novruz Məmmədov Dillər Universitetinin həm məzunudur, həm də uzun illər burada çalışıb. Hələ mən nazirlərimizi, yüksək rütbəli məmurlarımızı, səfirlərimizi demirəm.

- Tələbələrlə münasibətdə onlara yaratdığınız şəraitdən, tələbələrlə fərdi ünsiyyətə üstünlük verdiyinizdən, onları müəllimlər və idarəçilikdəki digər şəxslərdən qoruduğunuzdan danışdınız. Soruşmaq istəyirəm ki, Azərbaycanda və sizin universitetdə tələbələr ictimai-siyasi hadisələrdə iştiraklarında, hər hansı prosesə öz mövqelərini bildirməkdə, universitetdən kənarlaşdırılmaq qorxusu olmadan sərbəst şəkildə özlərini ifadə etməklərində nə qədər azaddırlar?

- Tam sərbəst şəkildə bizim tələbələrimiz özlərini hər yerdə ifadə edə bilirlər, öz siyasi şüurlarını formalaşdırmaq imkanları var. Biz bunun üçün xüsusi çalışırıq ki, onlar cəmiyyətdə gedən proseslərdən, internet səhifələrindən kənarda qalmasınlar. Dünya ilə təmasın mümkün olan bütün effektiv yollarından istifadə etsinlər. Bunun üçün biz də əlimizdən gələni edirik. Bir layihəmizi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Universitetdə çox maraqlı layihə həyata keçirilir. Universitetdə bütün birinci kurs tələbələri – təəssüf ki, imkanımız ancaq birinci kurs tələbələrinə çatır - kitab dükanından aldığı kitabların qəbzini verib pulunu geri qaytara bilirlər. Yəni, universitet birinci kurs tələbələrinin öz evində şəxsi kitabxanasını formalaşdırmağın əsasını qoyur və bu istiqamətdə ona kömək etməyə çalışır. Bu da həmin müəllim-tələbə münasibətlərinin bir hissəsidir.

- Universiteti bitirən tələbələr sonradan magistratura pilləsinə qəbul olmaq üçün hazırlıq kurslarına gedirlər. Əksər hallarda bu kurslar akademik sahənin kursları olmur, universitetə bağlı olmayan, fərdi şəxslər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər olur. Siz necə düşünürsünüz, bakalavr pilləsinin tələbələrinin aldığı təhsil kifayət etmir ki, onlar yenidən hazırlığa gedirlər?

- Bu da maraqlı sualdır və təhsil sisteminə içindən baxmağa sövq edir. Söhbət ondan gedir ki, magistratura sisteminə daxil olmaq tələbləri yüksəlib. Bu tələblərlə bakalavriat tələbləri bəlkə də mütənasib uyuşmaya gəlib çıxmayıb. Bu da ola bilər. Əslində, “ola bilərlər”in hamısından daha vacib kriteriya var. Universitet tələbəyə mütəxəssis kimi formalaşması üçün lazım olan biliyin 70-80 faizini verə bilir. Yerdə qalan gəncin özündən asılıdır. “Mənim universitetlərim” adlı anlayış var. Hər bir gəncin həyatında oxuduğu universitetdən əlavə, öz universiteti də olmalıdır. Bu zaman, məncə, magistratura problemi də olmaz. Təəssüf ki, bizdə həmin tələbələr ehtiyacları olduqları qədər təhsil almır. Amma tələbənin özü də əlavə təhsil almağa ehtiyacı olduğunu hiss edirsə, bunun özü də balaca şey deyil.

- Yəqin, müşahidə edirsiniz, beynəlxalq təşkilatlar dünya universitetlərinin reytinq cədvəllərini dərc edirlər. Biz adətən, Azərbaycanı ya bu siyahılarda heç görmürük, ya da çox aşağı mövqelərdə görürük. Sizcə, bunun səbəbi nədir?

- Reytinq cədvəlləri son dərəcə subyektiv istiqamətlərdən düşünülüb ortaya çıxarılan cədvəllərdir. Yəni, reytinqin özünün məqsədindən asılı olaraq, mən elə bir reytinq cədvəli düzəldə bilərəm ki, bizim universitet dünyada birinci olar. Azərbaycanda xarici dillərin öyrənilməsi. Bu, Harvardda var? Yoxdur. Yəni, reytinqi elə quraram. Beynəlxalq səviyyədə qəbul olunmuşdursa, o zaman niyə müxtəlif reytinq cədvəllərində müxtəlif universitetlər çıxır? Burada cəmiyyətin bütövlükdə inkişafı vacibdir. Reytinq cədvəllərinin qurulmasında əsas məsələlərdən biri, məsələn, həmin universitetdə neçə nəfər Nobel mükafatçısının çalışmasıdır. Bu, çox vacib prinsipdir. Gərək cəmiyyət Nobel mükafatçısına malik olsun, düzdür? Elə məsələlər var ki, universitetin özündən asılı deyil. Cəmiyyət gərək o məqama hazır olsun. Azərbaycan cəmiyyəti bu gün inkişaf edir, bugünkü Azərbaycan dünənki Azərbaycan deyil. Biz baxırıq və çox zaman bunun fərqinə varmırıq. Bu gün kəndlərimiz, şəhərlərimiz, küçələrimiz, binalarımız, bağlarımız, bağçalarımız dəyişir. Bununla yanaşı, bu gün Azərbaycan insanı mənən dəyişir, daxilən dəyişir. O, artıq dünənki insan deyil. Bugünkü Azərbaycan insanı, prinsip etibarilə, öz şəxsi mənafeyini ictimai mənafedən yüksək tutmayan insandır. Şəxsi mənafeyini saxlayıb, ictimai mənafeyini irəli buraxan insandır. Vətən, ölkə, himn, bayraq, Prezidentini hər şeydən yüksək tutan insandır. Təmayül, meyl bu istiqamətdədir. Bu, çox vacib göstəricidir. Bu göstərici bütövlükdə həyata keçdikcə, mən hesab edirəm ki, hər şey zamana bağlıdır və o dediyiniz məsələlərin də bir çoxu zamanında həll olunacaq.

- Sağ olun, təşəkkür edirəm müsahibəniz üçün.

- Siz sağ olun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR