Slimfit
  1. İQTİSADİYYAT

“Heç kim sənə “afərin, istedadın var, biznes qur” demir”

“Heç kim sənə “afərin, istedadın var, biznes qur” demir”
Sakura

“Heç kim sənə “afərin, istedadın var, biznes qur” demir”

Sayalı Bahar: “Məqsədyönlü olmaq üçün də gərək vaxtını və diqqətini məqsədinə sərf edəsən” 

Məqsədyönlüdür, amma deyir ki, bu, heç də asan deyil. Məqsədini reallaşdırmaq istəyirsənsə, gərək vaxtını və diqqətini ona sərf edəsən. Həm də düşünür ki, iş qurmaq istəyən adam özü buna cəhd göstərməli, əmək sərf etməlidir, başqa biri sənə "afərin, istedadın var, biznes qur” demir. O da bu prinsiplə hərəkət edərək uzun müddət üzərində düşündüyü, jurnal açmaq ideyasını gerçəkləşdirir. Müsahibimiz "BAHAR Magazine” onlayn beynəlxalq jurnalının təsisçisi 25 yaşlı xanım Sayalı Bahardır.
 
- Sayalı xanım, hansı sahə üzrə təhsil alıbsınız?
- Əslində, proqramçı olmaq istəyirdim. Çünki kompüter elmlərinə böyük marağım var idi. Ancaq sonra riyaziyyatın mənə çətin gəldiyini gördüm və bu fikrimdən daşındım. Biznes də həmişə mənim üçün maraqlı olub. Çünki adətən, Azərbaycanda xanım biznes quranda ona kiminsə kömək etdiyini düşünürlər. Bu kimi fikirlər mənə pis təsir edir. Yazmaqdan da zövq alırdım, həmişə yazıçı olmaq istəyirdim. 17 yaşımda artıq bu cəhətdən fikrimi qətiləşdirmişdim. Ailəm bunu dəstəkləmirdi, ümumiyyətlə, filologiyaya yönəlməyimi istəmirdilər, çünki perspektivli ixtisas olduğunu düşünmürdülər. Amma elə oldu ki, Moskva Dövlət Universitetinin Bakı filialında italyan filologiyası ixtisasına qəbul oldum. Həmin universitet həm yaxşı təqaüd verirdi, həm də italyan dilini öyrənmək bir üstünlük idi. Azərbaycanda italyan dili üzrə mütəxəssis çox azdır.
- Müsahibədən öncə söhbət edəndə, tələbə vaxtından işləməyə başladığınızı dediniz. Bu, neçənci kursa təsadüf edib?
- Maddi cəhətdən azad olmaq mənim üçün önəmlidir. Ona görə, təqaüdlü təhsil seçmişdim. Əslində, heç vaxt düşünməzdim ki, tələbəliyin ilk illərində işləyəcəyəm. Amma ikinci kursdan italyan dili üzrə tərcüməçi kimi çalışmağa başladım.
 
- Qazancınız nə qədər olurdu? Yəni maddi cəhətdən özünüzü azad hiss edirdiniz?
- İlk olaraq onu deyim ki, maddi cəhətdən azad olmaq deyəndə, təkcə pul olması yetərli deyil, insan gərək psixoloji cəhətdən də azad olsun. Qazancımın məbləğinə gəldikdə, ilk vaxtlar günə 40 AZN alırdım. Bu, hər gün olan iş deyildi. İtalyan dili üzrə tərcüməçi kimi işə dəvət ediləndə gündəlik 40 AZN gəlirim olurdu. 40-80 AZN arası isə təqaüdüm idi. 2-3 il işlədikdən sonra artıq gündə 100 avro alırdım. 2-ci kursun sonunda artıq həm italyan dili üzrə tərcüməçi kimi çalışırdım, həm də xaricilərə rus dili öyrədirdim.
 
- Bəs yazmağa nə vaxtdan başladınız?
- Həmişə jurnalist, yazıçı olmaq istədiyimi dedim. Bizim psixologiyamız, mentalitet, qadın problemləri mənim üçün maraqlı idi. 19 yaşımda - ikinci kursda oxuyanda, tərcüməçi, repititor işimlə yanaşı, bloq üçün yazmağa başladım. Bu, mənim üçün heç də asan deyildi. Çünki 19 yaşında bir qızın cəmiyyəti tənqid etməsi bizdə bir az çətin məsələdir. Bloqumda Azərbaycandan da izləyicilər var idi, xarici ölkələrdən də. Fikirlərimə görə, Azərbaycanda çox tənqid olunmuşam. 19 yaşında psixika formalaşma dövründə olduğu üçün tənqidləri həzm etmək çətin gəlirdi.
- Sizin seçdiyiniz mövzular cəmiyyətdə həmişə müzakirə mövzusu olur, ona görə, tənqidlərə tuş gəlmək də qaçılmazdır.
- Bəli, mən mentalitet, feminizm, qadın problemləri kimi mövzulardan yazırdım. O vaxt "facebook”da 200 dostum var idi, birinci məqaləmi yazanda hamısına göndərdim. Yazının mövzusu küçədə qızlara söz atan oğlanlar haqqında idi. İndi əvvəlki kimi deyil, amma 2013-cü ildə bu, daha çox idi və mən başa düşmürdüm ki, niyə qadın olduğuma görə bununla rastlaşmalıyam. Mətbuatda yayımlanan ilk məqaləm isə valideynlərindən ayrı yaşayan qızlar barəsində idi. 10 real qadından müsahibə almışdım. Bu mövzunun o qədər populyar olacağını düşünmürdüm. Çünki sadəcə olaraq, o vaxt valideynlərimdən ayrı yaşamaq istədim və bu mövzunu özüm üçün tədqiq edirdim. Həmin yazı 2014-cü ildə "1news.az”da yayımlanmışdı. Sonra artıq yavaş-yavaş jurnalist kimi özümə güvən yarandı və bu sahədə işləməyə başladım. 20 yaşımda "Aztagrambook" kitab seriyasını yazmağa başladım. Bu, Bakının qızıl gəncliyinin və "instaqram”da kadr arxasında qalan müasir həyatından danışan satirik kitab seriyasıdır. 2015-ci ildə universiteti bitirdim və həmin il birinci kitabım olan "Aztagrambook: Instalove InstaBaku" kitabını nəşr etdirdim.
 
- Universitetdən sonra işlədiniz? Çünki bizdə kitab yazanların, adətən, başqa bir işi də olur...
-  2015-2017 illərdə "Bookmate” beynəlxalq elektron kitab oxuma layihəsinin Azərbaycan üzrə kontent, marketinq və kommunikasiya meneceri kimi çalışdım. Şirkət Azərbaycanda elektron kitab satışı işini aparırdı. Yəni kitab sahəsinin içində idim. Elə orda çalışdığım dövrdə - 2016-cı ildə Azərbaycan Buktreyler Festivalında da iştirak etdim, "#Aztagrambook" treyleri üçün 2-ci yerə layiq görüldüm. O vaxtdan artıq həm işləyirdim, həm də nələrsə etmək üçün çalışırdım, öz işimi qurmaq haqqında düşünürdüm.
 
- Və "BAHAR Magazine” onlayn jurnalını yaratdınız. Ani verilmiş qərar idi, yoxsa əvvəldən jurnal işi olacağını planlayırdınız?
- Jurnal açmağa böyük marağım olub. Ümumiyyətlə, mən nəyəsə nail olanda onunla kifayətlənə bilmirəm. Düşünürəm ki, daha çox nə edə bilərəm? Həmişə daha çətin layihələri götürmək mənə maraqlıdır. 2016-cı ildə jurnal açmaq kimi bir ideyam var idi və bununla bağlı çox düşünürdüm. Mənə çox adam məqsədyönlü olduğumu deyir. Məqsədyönlü olmaq üçün də gərək vaxtını və diqqətini o məqsədinə sərf edəsən. İş qurmaq üçün insan özü cəhd göstərməli, əmək sərf etməlidir. Heç yerdə heç kim sənə "afərin, istedadın var, biznes qur” demir. Hamı deyir ki, oxu, iş sahibi ol. Ona görə, insan, həyatını qurmaq haqqında özü düşünməlidir. Ən çətini ətrafda olan fikirlərə diqqət etməyib başlamaqdır.
 
- Başladığınızda tək idiniz, yoxsa kömək edənlər də oldu?
- Tək idim, amma mən bu işi qurmaqla bağlı çox adamın fikrini öyrənmişdim. Hələ öz kitabımın satışını apardığım dövrdə iş adamı Zara Hüseynovadan soruşdum ki, satışı necə aparım? O mənə məsləhət verdi, amma o məsləhətdən daha önəmli bir tövsiyəsi oldu ki, onu unutmuram. Dedi ki, bir nəfərin fikri ilə iş aparmaq, qərar vermək olmaz, ən azı 3-5 adamdan soruş. Tək idim, 2017-ci ildə Los-Ancelesə yaşamağa getdim. İkinci kitabımı buraxmalı idim. Düşündüm ki, "BAHAR magazine”ni yaradım və orda yeni kitabımı dərc edim. İlk günlərdən incəsənət barədə beynəlxalq layihə kimi olmasını düşünürdüm. Los-Ancelesdə yaşayan bir dostuma bu layihə maraqlı gəldi və mənə kömək etdi. Rejissordur, o da mənim üçün videobloqlar çəkirdi. O vaxt ən qalmaqallı layihəm Azərbaycan dilində "Nahar qız Bahar” olmuşdu. Satirik videobloqlar idi. Ondan əvvəl Azərbaycan dilində videolar çəkmirdim. Birinci videom "milyonerə ərə getməyin yolları” idi. Mən rusdilli feminist olduğum üçün rusdillilər məni feminist yazar kimi tanıyırdılar. Azərbaycan dilində video hazırlayanda onlar məni başa düşmürdülər. Deyirdilər ki, ciddi olaraq bu suala cavab verirsiniz? Bunu necə ciddi etmək olar? Bu mövzuda sadəcə, demək istədiyimiz sözlər var idi. Əvvəl dostumla bir yerdə çalışırdıq. Sonra məqsədlərimiz fərqli oldu deyə, davam etmədik.
 
 
- Arada jurnal fəaliyyət göstərmədi. Fasilənin səbəbi nə oldu?
- Çox vaxt belə olur ki, iş qurmaq istəyən adam özünə şərik tapır. İşə başlasalar da, o şəriklər bir-birinə məqsədlərini demirlər. Belə olanda da yollar ayrılır. Buna görə, bir az depressiyaya düşdüm və jurnalı bağladım. 2018-ci ilin noyabrında yenidən açdım. Hazırda məqsədimiz rəqəmsal mədəniyyət barədədir.
 
- Komandanızda nə qədər adam var?
- 10 nəfərlik bir komandamız var.
 
- Onlayn jurnalın gəliri nə dərəcədədir? Çünki öz işini qurmaq deyəndə, çox adam pul tərəfini maraqlanır. 
- Əlbəttə ki, gəlir olur, amma biz onu yenidən işə investisiya edirik. Biznesdə birinci 3 il ərzində bütün gəliri yenidən işə yatırmaq lazımdır. Biz bu qaydaya riayət edirik. Ümumiyyətlə, bizneslə bağlı insanları ən çox gəlir tərəfi maraqlandırır. Media-biznesində də pul qazanmaq mümkündür. Sosial şəbəkələr, sosial mediaya görə, media industriyası yeni bir səviyyəyə çıxdı. Artıq hər insan öz istedadını sosial şəbəkələr vasitəsilə bütün dünya ilə bölüşə bilər. Amma buna tək biznes kimi yanaşmaq, pula görə etmək də olmaz. İşi sevmək lazımdır.
 
 
- Yazılarınız əsasən rus dilində olur. Niyə rusca yazırsınız?
- Ümumiyyətlə, "BAHAR magazine” beynəlxalq jurnaldır. Ona görə, materiallarımızı ingilis və rus dilində hazırlayırıq. Bu sualı bizə çox adam verir. Buna cavabım odur ki, niyə də yox? Bəzi insanlarda rusdilli adamlara neqativ yanaşma var, amma rus dili ədəbiyyat, media industriyası üçün vacibdir. Çünki rus dilində oxuyan böyük izləyici kütləsi var. Bizim Azərbaycandan başqa, bir çox ölkədən rusdilli oxucularımız var. Onu da deyim ki, Azərbaycan dilində sosial layihələr edirik. Məsələn, 8 Mart Beynəlxalq Qadınlar Günündə "Arzular” adlı sosial bir video hazırlamışdıq. Balaca qızlar öz arzularında danışırdı. Bir neçə sahibkar xanım bizi bu layihədə dəstəklədi. 57 min baxış oldu. Rus dilində yazsaq da, azərbaycan dilində layihələrimiz olur.
 
- Məqsədyönlüsünüz. Maraqlıdır, bəs ümumi olaraq məqsədiniz nədir?
- Həmişə iki məqsədim olub, cəmiyyətimiz üçün faydalı olmaq, bir də Azərbaycanı əcnəbilərə olduğu kimi tanıtmaq. Azərbaycan çox gözəl ölkədir. Bunu söz xətrinə demirəm. Resurs cəhətdən zəngin ölkəyik, eləcə də insan resursları. Mən təhsil aldığım universitetdə əsasən ruslar tədris aparırdı, iş həyatında da xaricilərlə daha çox ünsiyyətdə olmuşam. Və xaricilərlə ünsiyyətdə görürdüm ki, biz, Azərbaycana o qədər də dəyər verə bilmirik, əslində isə bura çox gözəl bir yerdir. Ölkəmizi doğru şəkildə tanıtmaq da, təbii ki bizim üzərimizə düşür.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR