Slimfit
  1. AZƏRBAYCAN

“Heç kim məsuliyyətdən kənarda qalmayacaq, hamının barəsində ölçü götürüləcək”

“Heç kim məsuliyyətdən kənarda qalmayacaq, hamının barəsində ölçü götürüləcək”
Sakura

“Heç kim məsuliyyətdən kənarda qalmayacaq, hamının barəsində ölçü götürüləcək”

Rafiq Əliyev: “Yeganə problem ondan ibarətdir ki, bir çox binalarda mənzildaxili istilik xətləri istismara yararsızdır”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Cəmi 2 ay sonra Azərbaycanda növbəti istilik mövsümü başlayacaq. Ölkəmizdə istilik sistemlərinin qurulmasının hələ tam başa çatmadığını, bu sahədə hiss ediləcək dərəcədə qüsurların qaldığını söyləyə bilərik. Bu özünü həm sistemlərin nasaz vəziyyətdə olmasında, həm abonentlərdən xidmət haqqının yığılmasındakı nöqsanlarda, həm də "Azəristiliktəchizat"la “Azəriqaz”, eləcə də “Azərsu” arasında hələ də həll edilməyən problemlərdə göstərir.

Deməli, yeni mövsümdə də abonentlərin istilik verilməsi ilə bağlı şikayətlərini, bəzən isə hansısa sahələrə ümumiyyətlə verilməməsi ilə bağlı fəryadını eşidəcəyik. Sputnik Azərbaycan istilik mövsümündə ortaya çıxa biləcək suallarla bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevə müraciət edib.

Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev
© RAFİQ ƏLİYEV TƏRƏFİNDƏN TƏQDİM OLUNUB
"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev

- Rafiq müəllim, iki il bundan əvvəllər mənzillərin sayğaclarla təmin edilməsi gündəmə gəlmişdi. Bu layihə reallaşdırıldımı?

- İstilik sayğaclarının və isti su sayğaclarının quraşdırılması məsələləri cənab Prezident tərəfindən təsdiq olunmuş "Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsi"ndə qeyd edilmişdi. Yol xəritəsində layihənin icrasına dair tədbirlər planı nəzərdə tutulmuşdu. Bununla bağlı olaraq biz bütün hazırlıqları gördük, yəni lazım olan şirkətlərlə araşdırmalar aparıldı, hökumətə təkliflər verildi. Eyni zamanda, həmin “Strateji yol” xəritəsində "İstilik enerjisindən istifadə qaydalarının təsdiq olunması" müddəası var. O qaydalar təsdiq olunandan sonra bu məsələlərə baxılacaq.

Qaydalar hazırlanıb, indi təsdiq olunma ərəfəsindədir. Yəni bütün təşkilatlar, aidiyyəti qurumlar hamısı ona baxırlar, rəylərini, təkliflərini verirlər.

- Yəni “istilik enerjisindən istifadə qaydaları” təsdiq olunandan sonra sayğacların quraşdırılmasına başlanacaq?

- İstilik sayğacları ilk növbədə büdcədən maliyyələşən təşkilatlara quraşdırılacaq. Çünki köhnə sxemlə istilik təchizatı quraşdırılmış mənzillərdə bu istilik sayğaclarının quraşdırılması bir az çətinlik yaradır. Bu texniki problemlərlə bağlıdır. Amma büdcə təşkilatlarında, digər ayrı tikililərdə binanın girişində istənilən yerdə o sayğacları quraşdırmaq mümkündür. Yəni qaydalar təsdiq olunandan sonra bu məsələlər icra olunmağa başlayacaq.

- Rafiq müəllim, köhnə sistemlər texniki problem yaradırsa, sayğacların quraşdırılması zamanı sistemlərin dəyişdirilməsi tələb ediləcəkmi?

- Sistem dəyişməyəcək. İlk növbədə isti su sayğaclarının quraşdırılması icra olunacaq. İstilik sayğacları, adətən, binaların girişində qoyulur. Bu büdcə təşkilatları – məktəb, bağça, səhiyyə müəssisələri, digər sosial obyektlərdir, ayrıca tikili olan binaların girişində quraşdırılır. Amma o ki qaldı, köhnə sxemli mənzillərdə sayğacların quraşdırılmasına bu texniki problemdir. Heç kim məcbur edilməyəcək ki, sistemi sökülsün.

- Hazırda qiymətlər necə hesablanır?

- Bu gün tariflər mənzilin kvadratmetrinə görə götürülür, hesabatı aparılır, müəyyən dəqiqliklə bilinir ki, 3 otaqlı mənzildə mənzilin kvadratından asılı olaraq nə qədər istilik enerjisi istifadə olunur. Yəni sayğac olmadan da onu müəyyən etmək olur. Ona görə də heç kimi məcbur eləmirik ki, kimsə mənzilindəki istilik xətlərini dəyişsin, təzə sxemlə yığdırsın. Bu, vətəndaşlarda kifayət qədər problem yaradar. Tək bir mənzildə deyil, elə olsa bütün binadakı xətlər bloka çıxmalıdır, bu da kifayət qədər vaxt və maliyyə vəsaiti tələb edən işlərdir. Mənzillərdə köhnə sxemlə olduğu kimi, kvadrat metrinə uyğun hesabat aparılacaq. Sadəcə, istilik enerjisindən istifadə qaydaları təsdiq olunandan sonra bu məsələlərin icrasına başlananda, ilk növbədə, biz büdcə təşkilatlarını nəzərdə tutmuşuq.

 

1 kvadratmetr yaşayış sahəsi üçün hazırki tariflər əhali istehlakçıları üçün 15 qəpikdir. Büdcə və digər sosial obyektlər, eyn zamanda, kommersiya obyektləri üçün istilik təchizat xidmətlərinə görə aylıq istifadə haqqı 1 kubmetr tikinti həcmi üçün 25 qəpikdir.

- “Azəristiliktəchizat” ASC qışa hazırdırmı?

- 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq "Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 530 odluq təmir olunub, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 22780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12915 ədədi əsası və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili istilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilib. Bundan başqa 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 990 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371.2 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqlə yoxlanılıb.

Bundan başqa 1895 ədəd qoruyucu klapan və 2250 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2970 ədəd çirktutan təmizlənib və 535 ədəd qaz təsərrüfatı təftiş olunaraq 150 km qaz xətti yoxlanılıb.

Hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir.

- Qurumun qarşısında hansı problemlər var?

- “Azəristiliktəchizat”ın bu gün özündən asılı olan heç bir problemi yoxdur. Yeganə problem ondan ibarətdir ki, bir çox binalarda mənzildaxili istilik xətləri istismara yararsızdır. Yəni vətəndaşlarımız SSRİ-nin vaxtında tikilən binaların bəzilərində 90-cı illərdə uzun müddət istilik olmayan vaxtlarda digər vasitələrlə mənzillərini qızdırıblar, mənzildaxili istilik xətlərini kəsiblər. Bəzilərində, ümumiyyətlə, elektrik təchizatını, qazanxananı tikib bərpa etmişik, binanın aşağı paylayıcı istilik sistemini bərpa eləmişik, amma dik dayaqlar hələ də polad borudur, baxırsan ki, qazanxanada mövcud parametrə uyğun temperatur, təzyiqlə istilik versən, qonşuda, yəni üzbəüz blokda blokun bir tərəfində yaxşı istilik olur, amma digər tərəfində temperatur zəifdir. Bu da boruların keçiricilik qabiliyyətinin tutulması ilə əlaqədardır ki, beşmərtəbədə və ya doqquzmərtəbədə bir mənzildə boru dəyişmədikdə keçiricilik qabiliyyəti aşağı düşübsə, istər-istəməz dövriyyəni məhdudlaşdırır, mənzildə istiliyin keyfiyyətini aşağı salır. 



Bundan başqa, mənzilləri vətəndaşlar təmir edərkən eyvanları mənzilə birləşdirirlər, istilik qızdırıcı cihazların yerini dəyişdirirlər, döngələrin sayı dik dayaqlarda nə qədər çox oldusa, xətdəki təzyiqə təsir edir, təzyiqi aşağı salır və o da birbaşa istiliyin keyfiyyətinə təsir edən amildir. Vətəndaşlarla da bağlı məsələ belədir ki, ümumiyyətlə, bizim tariflərimiz çox aşağıdır, 1 kvadratmetr 15 qəpikdəndir, yəni onu ödəmək vətəndaşlarımız üçün elə bir yük olmur. Əslinə qalanda, bugünkü günə kimi vətəndaşlardan istilik haqları 90%-dən artıq toplanır. Sadəcə olaraq, bəzi xidmət haqqını ödəməyən vətəndaşlarla bağlı fərdi qaydada araşdırmalar aparılır. Bəzi vətəndaşlarımız özlərinə arxayındırlar ki, birinci mərtəbədən doqquzuncu mərtəbəyə qədər dik dayaqlar mənzillərdən keçir, mənə görə istiliyi bağlamayacaqlar, amma onun da yolu var. Fərdi qaydada onların hamısı barəsində hesabat aparılır və zamanı gələndə məhkəmə qarşısında hamısı barədə iddia qaldırılacaq. Artıq müəyyən vətəndaşlarla bağlı işlər aparılır, hazırlıqlar da görülür, yəni mövsüm başlayanda həmin o borclu vətəndaşların barəsində konkret olaraq iddia qaldırılıb fərdi şəkildə mənzillərin istilik təchizatı dayandırılacaq.

 

- İstiliyin verilməsi nə zaman başlayır?

- İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.


Mənbə: sputnik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR