Hansı ölkədə nə qədər həkim var?
Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında səhiyyə işçilərinin - həkim və orta tibb işçilərinin sayına görə Azərbaycan sonuncu sıralarda yer alıb.
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı sonuncu məlumata istinadən bildirir ki, bu ilin əvvəlində Azərbaycanda hər 10 min nəfərə 33 həkim, hər 10 min nəfərə 55 orta tibb işçisi düşüb.
Son 10 ildə - 2008-2018 -ci illər ərzində Azərbaycanda hər 10 min nəfərə düşən həkimlərin sayı 37-dən 33-ə, hər 10 min nəfərə düşən orta tibb işçilərinin sayı isə 71-dən 55-ə qədər azalıb. 2008-2018 -ci illər ərzində xəstəxanaların sayı Azərbaycanda 752-dən 563-ə düşüb. Bu dövürdə xəstəxana çarpayılarının sayı 67,8 mindən 44 minə qədər azalıb.
Məlumat üçün qeyd edək ki, MDB ölkələrində hər 10 min nəfərə düşən həkimlərin sayına görə ən yaxşı vəziyyət Rusiyada qeydə alınıb. Açıqlanan son məlumata görə, Rusiyada hər 10 min nəfərə düşən həkim sayı 48 olub. Eyni zamanda hər 10 min nəfərə Ukraynada 44, Ermənistanda 45, Belarusda 45, Qazaxıstanda 40, Moldovada 36, Qırğızıstanda 22, Özbəkistanda 27, Tacikistanda isə 21 həkim düşüb. Göründüyü kimi, Azərbaycanda həkimlərin sayı yalnız Qırğızıstan, Özbəkistan və Tacikistandan yüksək olub.
Orta tibb işçilərinin sayına görə isə Azərbaycan MDB ölkələri arasında sonuncu sırada yer alıb. Digər ölkələrdə isə orta tibb işçilərinin sayı isə Azərbaycandan yüksək olub. Hər 10 min nəfərə düşən orta tibb işçilərinin sayı Ermənistanda 56, Qırğızıstanla 56, Moldovada 66, Ukraynada 81, Qazaxıstanda 96, Rusiyada 102, Belarusda 134, Özbəkistanda 108, Tacikistanda isə 59-a bərabər olub.
ÖLKƏLƏR | Həkimlərin sayı (hər 10 min nəfər) |
Orta tibb işçilərinin sayı (hər 10 min nəfər) |
Rusiya | 48 | 102 |
Belarus | 45 | 134 |
Ermənistan | 45 | 56 |
Qazaxıstan | 40 | 96 |
Moldova | 36 | 66 |
Azərbaycan | 33 | 55 |
Özbəkistan | 27 | 108 |
Qırğızıstan | 22 | 56 |
Tacikistan | 21 | 59 |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət