Hacıyev İtaliya KİV-ə Mxitaryandan danışdı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın mətbuatına müsahibə verib.
Axar.az xəbər verir ki, Hikmət Hacıyev müsahibədə 29 may tarixində Avropa Liqasının Bakıda keçiriləcək final oyununa “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
“Gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır. Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitariyan da daxil olmaqla Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir. Futbol, ümumiyyətlə idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba, “Arsenal” və “Çelsi”yə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”, - deyə Hikmət Hacıyev bildirib.
Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də ki Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini deyən Hikmət Hacıyev əlavə edib:
“Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.
Müsahibə “İl Sole 24 Ore”, “Libero Quotidiano”, “İl Tempo”, “Affari İtaliani”, “İl Fogliettone”, “Quotidiano”, “Corriere di Siena”, “Corriere di Rieti”, “Corriere di Arezzo”, “Corriere di Viterbo”, “Corriere dell’Umbira”, “Unione Sarda”, “Virgilio”, “Yahoo Notizie” kimi mətbuat orqanlarında dərc ediblib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət