Hacıqabulda payızlıq səpinə hazırlıqla bağlı monitorinqlər aparılıb
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Hacıqabul rayonunda payızlıq taxıl bitkiləri əkiləcək sahələrdə səpinə hazırlıq işlərinin aparılma vəziyyəti ilə tanışlıq, texnika ilə təminat və digər müvafiq işlərlə bağlı monitorinqlər keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq nəticəsində məlum olub ki, rayon ərazisində 47500 hektar əkin üçün sahə şumlanmalıdır. Bundan 4100 hektarı artıq şumlanılıb.
Meyniman kəndində kənd sakinləri ilə görüşlər keçirən mütəxəssislər problem və təklifləri dinləyib, kənd ərazisində taxıl əkini məqsədi ilə aparılmış şuma baxış keçirib və aqronomlarla söhbət ediblər.
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun nümayəndələri yerlərdə əkin işləri aparılması prosesində istehsalçılarla mütəmadi olaraq əlaqə saxlayır və monitorinq şöbəsinə daimi məlumat verirlər. Texniki-nəzarət xidmətinin əməkdaşı məlumat verib ki, rayon ərazisində olan bütün texnikalar qeydiyyatdadır, vaxtında texniki baxışdan keçirilir və bütün mexanizatorlar vəsiqələrlə təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət