Hacı Şahinin yerinə kim təyin olunacaq?
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin qəfildən dünyasını dəyişməsi ölkə müsəlmanlarını yasa boğdu. Sevənləri izdihamla yola saldıqları mərhum üçün uzun müddət yas tutdular.
Ens.az Referans.az-a istinadən xəbər verir ki Hacı Şahinin ürəktutmasından dünyasını dəyişməsi Qafqaz Müsəlmanları İdarəsində də müəyyən problemlərə yol açıb. QMİ sədri Hacı Allahşükür Paşazadə Hacı Şahini əvəzləyəcək şəxsi tapmağa çətinlik çəkir.
Qeyd edək ki, Hacı Şahinin vəfatından sonra onu ilk əvəzləyən şəxs yetirməsi Hacı Elbrus Kərimov oldu. Martın 10-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qıldılar. O vaxt şiə cameəsinin sevdiyi və hörmət etdiyi gənc və savadlı ilahiyyatçı Hacı Elbrus Kərimovun Hacı Şahini əvəzləyəcəyi, Məşədi Dadaş məscidinə onun yerinə axund təyin olunacağı ilə bağlı məlumatlar yayıldı. Azərbaycan dili ilə yanaşı rus, ərəb və fars dillərini də yüksək səviyyədə bilməsi, Hacı Şahinin sağlığında tez-tez onun yaxın ətrafında görünməsi, mərhumun ən sevimli yetirmələrindən biri olması bu ehtimalı daha da artırdı. Amma QMİ martın 17-də cümə namazını ona deyil, Hacı Şahinin başqa bir yetirməsinə - Kərbəlayi Elmir Vəliyevə həvalə etdi. Təbii ki, bu qərar birmənalı qarşılanmadı və dindar çevrələrdə müzakirələrə yol açdı.
Hazırda martın 24-də Hacı Şahini hansı ilahiyyatçının əvəzləməsi böyük maraq doğurur.
Yeni Sabah-ın əldə etdiyi məlumata görə, bununla bağlı QMİ rəhbərliyi arasında qeyri-müəyyənlik hökm sürür. Başda QMİ sədri Hacı Allahşükür Paşazadə olmaqla İdarənin rəhbər şəxsləri Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi barədə qəti qərar verməyə çətinlik çəkirlər. Həm Hacı Elbrus Kərimovun, həm də Kərbəlayi Elmir Vəliyevin Məşədi Dadaş məscidinin axundu olmayacağı dəqiqləşsə də, Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi hələ ki bəli deyil.
QMİ əməkdaşlarından biri saytımıza açıqlamasında deyib ki, hazırda bu məsələ rəhbərlik tərəfindən ciddi müzakirə olunur. Onun sözlərinə görə, Hacı Şahinin "40" mərasimindən sonra Məşədi Dadaş məscidinə yeni axund yerinə təyin olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət