Dərc edildi: Baxış sayı: 5555
Hacı ağa Fəqir Ordubadi - Salma bu qəra zülfünü rüxsarə, amandır
Salma bu qəra zülfünü rüxsarə, amandır,
Tapşırmagilən Kəbəni küffarə, amandır.
Kəbə yüzünü görməyə aləm yığılıbdır,
Göstər həcərül-əsvədi zəvvarə, amandır.
Tapşır o kamandar qaşına tiri-müjəndən,
Suzan sinəmə vurmaya çox yarə, amandır.
Zahid məni öldürdü məlamət eləməkdən,
Göstər yüzünü, ta qıla nəzzarə, amandır.
Məntək unuda dini, duta rahi-Məsihi,
Səcdə eliyə deyrlə zünnarə, amandır.
Mən canə yetişdim bu qədər cövrün əlindən,
Ərzə gedirəm axırı sərdarə, amandır.
Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün,
Qoyma gedə biganəyə yalvarə, amandır.
Göstər Fəqirə nuri-təcəllayi-cəmalin,
Musa kimi ta qalmaya avarə, amandır!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət