Slimfit
  1. DÜNYA

Gürcüstanın Azərbaycana xəyanəti: “Foreign Policy” Moskvanın Qafqazda fəallaşmasından yazdı

Gürcüstanın Azərbaycana xəyanəti: “Foreign Policy” Moskvanın Qafqazda fəallaşmasından yazdı
Sakura

Gürcüstanın Azərbaycana xəyanəti: “Foreign Policy” Moskvanın Qafqazda fəallaşmasından yazdı

“ABŞ Rusiyanın Gürcüstanda mövqeyini necə gücləndirməyə çalışdığını görür”; Qərbin Gürcüstana verdiyi dəyərin arxasında Azərbaycanın enerji resursları dayanır

Gürcüstanın öz ərazisi üzərindən Serbiya və Rusiyadan gələn silahları Ermənistana ötürməsi ortaya xeyli suallar çıxarıb. Gürcüstanın bu qədər sürüşkən mövqe sərgiləməsi heyrət doğurur.

Rəsmi Tiflisin bu hərəkəti onu deməyə əsas verir  ki, o, ABŞ-ın, Avropa Birliyinin yox, məhz Rusiyanın yanındadır. Türkiyə-Gürcüstan-Azərbaycan birliyi də nağıldan başqa bir şey deyil.

Gürcüstan öz milli maraqlarına arxa çevirərək Rusiya və Ermənistanla ittifaqa girib. Nəticədə Qafqazda tamam fərqli bir mənzərə yaranıb. Bəllidir ki, Gürcüstan üzərindən Türkiyəyə ötürülən neft və qaz bu ölkəyə ciddi paralar qazandırır. Buna rəğmən Gürcüstan belə bir xəyanətə əl atıb.

Həm də erməni separatizmini müdafiə etmək Gürcüstanın 20 faizinin Rusiya tərəfindən işğalına bəraət qazandırmaq anlamına gəlir. Şübhəsiz ki, bu olay Gürcüstanda da birmənalı qarşılanmayacaq və qonşu ölkənin siyasi elitası arasında ciddi qarşıdurmaya səbəb olacaq.

ABŞ və Avropa Birliyi hansı addımları atacaq? Bu da son dərəcə önəmli məsələdir. Demokratiyadan dəm vuran Gürcüstan necə Rusiya kimi diktaturanın qarantına çevrilmiş bir ölkəyə dəstək verir? Bu da sıradan bir söhbət deyil.

Onu da unutmaq olmaz ki, Türkiyənin Gürcüstana təzyiq imkanları həddindən artıq çoxdur və rəsmi Ankara Gürcüstanın bu gedişini cavabsız qoya bilməz. Hər halda Azərbaycan da bu hərəkətinə görə Gürcüstanın başına sığal çəkmək fikrində deyil.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili heç vaxt buna imkan verməzdi. Təbii ki, bu olaya etiraz edənlər arasında o da öndə olacaq. Gürcüstan öz oturduğu budağı öz əli ilə niyə baltalayıb? Düşünürəm ki, bu sualın da dəqiq cavabı bizə bəlli olmalıdır.

Hazırda Azərbaycan Gürcüstanın son döyüşlər zamanı tutduğu mövqeyi narahatlıqla izləyir. Hələ orası da var ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanatı rəsmi Bakı tərəfindən o qədər də xoş qarşılanmadı. Biz dost hesab etdiyimiz Gürcüstandan ən azı Ukraynanın verdiyi bəyanat kimi bir münasibət gözləyirdik.

Belə bir fonda “Foreign Policy” jurnalında “ABŞ Rusiyanın Gürcüstanda mövqeyini necə gücləndirməyə çalışdığını görür” başlıqlı məqalə gedib. Həmin məqalə hazırda Gürcüstan mediası tərəfindən tirajlanmaqdadır.  Amerika nəşri yazır ki, Rusiya sabitliyi daha da sarsıtmaq üçün Gürcüstanın separatçı bölgələrindəki dondurulmuş münaqişələrdən istifadə edir. Bu yolla bu Qafqaz ölkəsinin Avropa Birliyinə qoşulmaq arzusunun qarşısını almağa çalışır, NATO üzvü olmasına imkan vermir.

Məqalədə vurğulanır ki, 2019-cu ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın dövlət büdcələrinin formalaşması üçün 275 milyon dollar vəsait ayırıb. Bu ərazilər 2008-ci il müharibəsindən sonra Rusiya tərəfindən işğal edilib və Gürcüstanın ümumi ərazisinin beşdə birinə bərabərdir. Yeri gəlmişkən, sözügedən müharibə 21-ci əsrdə Avropa qitəsində baş vermiş ilk müharibə sayılır. Bu müharibənin başqa bir özəlliyi isə ondadır ki, Sovet İttifaqı dağıldıqdan sonra 2008-ci ildə Rusiya Ordusu ilk dəfə açıq şəkildə başqa bir keçmiş sovet respublikası ilə müharibə apardı.

Məqalədə həmçinin bildirilir ki, Rusiya işğal olunmuş ərazilərə humanitar təşkilatların sərbəst girişini təmin etmək öhdəliyini yerinə yetirmir. Qeyd olunur ki, Rusiya uzun müddətdir ki Gürcüstanı Avropa Birliyindən kənarlaşdırmağa çalışır.

“Foreign Policy”-yə açıqlamasında Demokrat senator Chris Murphy Donald Trampın mövqeyini ciddi şəkildə tənqid edir və deyir ki, Amerika prezidentinin Avropadakı müttəfiqlərimizə ittihamlar yağdırması rusları sevindirir və onlara manevr etmək üçün böyük fürsət verir.

Qərb mənbələri yazır ki, Gürcüstanın gözə çarpan hər hansı qaz və neft ehtiyatı olmasa da, Avropanı təchiz edən Bakı – Tiflis – Ceyhan neft boru kəmərinin bir hissəsi onun ərazisindən keçir. Rusiya, İran və Fars körfəzi ölkələri bu boru kəmərinin inşasına qarşı çıxırdılar. Boru kəməri həm Rusiya, həm də İrandan kənardadır. Qərbin Yaxın Şərq və Rusiya neftindən asılılığını azaltdığına görə, bu boru kəməri ABŞ-ın Gürcüstana dəstək verməsində əsas amil olmuşdur. Gürcüstan üzərindən Avropaya həm də Azərbaycan qazı daşınır. Azərbaycana məxsus digər beynəlxalq əhəmiyyətli xətlər də məhz Gürcüstandan keçir. Yəni Qərb üçün Gürcüstan ona görə dəyərlidir ki, Azərbaycanın neft və qazı bu ölkədən keçir və Qərbin Rusiya və Yaxın Şərdən asılılığını nəzərə çarpacaq dərəcədə azaldır. Görünür, Gürcüstana xüsusi dəyər verən bu amil indiki iqtidar tərəfindən unudulub. Bəlkə də son hadisələrə “ABŞ Rusiyanın Gürcüstanda mövqeyini necə gücləndirməyə çalışdığını görür” mesajının təzahüri kimi dəyərləndirmək lazımdır.

Rusiyanın Gürcüstandan keçən enerji xətlərinə münasibətini əks etdiən məqamlardan biri “Nabukko” qaz kəməri ilə bağlıdır. Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan bu qaz kəməri layihəsi 2018-ci ildə istifadəyə verilməliydi. Ancaq Rusiya buna imkan vermədi.  Rusiyanın “Qazprom” şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə  “Nabukko” rəqib qismində göründü. Avropanı “rus əsarəti”ndən xilas etmək istəyən ABŞ və Avropa Birliyinin dəstək verdiyi “Nabukko” layihə olaraq qaldı. Rusiya Orta Asiya qazının Avropaya axmasına imkan vermədi. Rəsmi Moskva gizlətmədi ki, Orta Asiya qazının Avropaya daşınması həmin ərazidəki dövlətlərin Rusiyadan daha da uzaqlaşmasına təkan verə bilər.

Bu məqamları ona görə xatırladırıq ki, Gürcüstandan keçən enerji xətləri Rusiyanın diqqət mərkəzindədir.

Bir şeyi də xatırladaq ki, 2008-ci ildən sonra Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər rəsmən kəsilib. Gürcüstan dəfələrlə bəyan edib ki, Rusiya Gürcüstanı qarış-qarış işğal edir. Gürcüstanın separatçı bölgələri dəfələrlə Rusiyanın sifarişi ilə Gürcüstana qarşı provokasiyalar törədiblər. 2019-cü ildə Cənubi Osetiyanın timsalında biz bunun  şahidi olduq. Yəni proses istənilən vaxt yenidən təkrarlana bilər. Təbii ki, dara düşəndə Gürcüstanın yadına ilk düşən ölkə yenə Azərbaycan olacaq. Ancaq Azərbaycan tərəfi Gürcüstana yenə qucaq açacaqmı? Bu suala əlahəzrət zaman cavab verəcək…

 

Elbəyi Həsənli, Sürix

 

https://www.apsny.ge/2020/pol/1595218469.php

https://foreignpolicy.com/2020/07/17/u-s-sees-russian-push-to-consolidate-foothold-in-georgia/

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR