Gürcüstanda sabiq azərbaycanlı məmurun vəkili bəyanat yayıb
Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəkili Qaqi Mosiaşvili bəyanat yayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə T.Abazovun “Mtavari arxi” televiziya kanalının efirində cinayətkar adlandırılmasının qəbuledilməz olduğu bildirilib.
Sənədə əsasən, oktyabrın 6-da “Mtavari arxi” kanalında yayımlanan “Mtavari aksentebi” verilişində aparıcı Nika Qvaramia Temur Abazovu cinayətkar adlandırıb: “Nika Qvaramia Temur Abazovun Bidzina İvanişvilinin himayəsində olduğunu deyib. Aparıcı həmçinin Temur Abazovun günahı sübuta yetirilsə də, onun azadlıqda olduğunu bildirib”.
Q.Mosiaşvili vurğulayıb ki, N.Qvaramianın müdafiə etdiyi şəxs barədə dedikləri insan haqları konvensiyasına ziddir. Belə ki, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanuna müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur.
Vəkilin sözlərinə görə, T.Abazov kiminsə himayəsində deyil və onun həbsdən azad edilməsi məhkəmənin ədalətli qərarı olub.
Q.Mosiaşvili ictimaiyyəti, həmçinin jurnalistləri məhkəmənin yekun qərarı olmadan vaxtından əvvəl yanlış nəticələr çıxarmaqdan çəkinməyə çağırıb.
Vəkil müdafiə tərəfinin ədalətli məhkəmədə T.Abazovun günahsızlığını sübut etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, T. Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət