Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına heykəl qoyulacağı yer müəyyənləşib
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya abidə ucaldılacaq.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müşaviri Giorgi Gegeçkori bildirib.
O deyib ki, X.Borçalı Sadaxlıda anadan olub və onun abidəsinin məhz həmin kənddə qoyulması məqsədəuyğundur: “Bu yaxınlarda Sadaxlı kəndinə səfər olunacaq və heykəlin qoyulacağı yer müəyyən ediləcək. Abidənin tezliklə ucaldılmasına nail olmağa çalışırıq. Ümid edirəm ki, yaxın gələcəkdə Xudu Borçalının abidəsinin açılışı olacaq. Bu abidə Gürcüstan və Azərbaycan xalqları arasında qardaşlıq və dostluğu təcəssüm etdirəcək”.
Qeyd edək ki, X.Borçalı gürcü çarı II İraklinin yaxın dostu olub. Gürcüstanın işğalçılardan azad olunmasında azərbaycanlı sərkərdənin böyük xidmətləri olub.
X.Borçalının abidəsinin müəllifi tanınmış gürcü heykəltaraşı Giorgi Jqentidir. Abidənin layihəsinə əsasən, xalq qəhrəmanının heykəlinin arxa hissəsində Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların ad-soyadlarının əks olunduğu lövhənin yerləşdirilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət