Slimfit
  1. AZƏRBAYCANLI

Gürcüstanda anadan olan 10 məşhur azərbaycanlı

Gürcüstanda anadan olan 10 məşhur azərbaycanlı
Sakura

Gürcüstanda anadan olan 10 məşhur azərbaycanlı

Nəriman Nərimanov (1870 - 1925) - yazıçı, Azərbaycan SSR hökumətinin ilk sədri, Xarici İşlər Naziri

Nəriman Nərimanov. 

14 aprel 1870-ci ildə Tiflisdə müsəlman qəbiristanlığına aparan yolda yerləşən kasıb bir evdə oğlan uşağı dünyaya gəldi. "Qaranlıq bir daxmadakı beşikdə yatan körpənin böyük bir inqilabçı və görkəmli insan olacağını heç kim ağlına gətirə bilməzdi" - Azərbaycan yazıçısı Vəli Məmmədovun "Nəriman Nərimanov" kitabı bu cümlə ilə başlayır.

Nəriman ailədə ən kiçik və doqquzuncu uşaq idi. Uşaqlıq, yetkinlik, gənclik illərini Gürcüstanda keçirib. İosif Stalinin vətəni olan Qori şəhərindəki müəllim hazırlığı seminariyasında oxuyub. Azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində məktəb müəllimi işləyib.

Tiflisdə Nəriman Nərimanovun ev muzeyi və abidəsi. 

21 yaşında Bakıya köçdü, burada çoxşaxəli fəaliyyətlə məşğul oldu: pedaqoji, ədəbi və siyasi. Rus inqilabçılarına qoşuldu. Lenin-Stalin komandasında əsas ictimai və siyasi xadimə çevrildi. Xarici İşlər üzrə Xalq Komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri oldu. Moskvada Qırmızı Meydanda dəfn edilib.

Gövhər Qazıyeva (1887 - 1960) - ilk peşəkar azərbaycanlı aktrisa

Gövhər Qazıyeva

1887-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. Burada nəcib qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. Səhnə karyerasına 19 yaşında başlayıb. İstedadlı aktrisanın xəbəri tez bir zamanda Zaqafqaziyada yayıldı. İrəvan və Bakıda qastrol səfərləri ilə çıxış edib.

Ümumən, XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.

Gövhər Qazyevanın repertuarı geniş idi. Hemrix Heyne, Namık Kamal, Nəriman Nərimanov, Zülfüqar Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının pyeslərində parlaq rollar oynayıb.

Ancaq cəmiyyətin bir sıra nümayəndələri, din xadimləri müsəlman qadının səhnəyə çıxmasını təqdir etmədi. Yaxın ətrafı tərəfindən də tənqid olundu və qınandı. Bundan əlavə, əri, aktyor, gələcək SSRİ xalq artisti Mirzağa Əliyev səhnədə çıxış etməyə qadağa qoydu və o, bir daha teatrda görünmədi.

Teatr fəaliyyətinin dayandırılmasından sonra Gövhər Qazıyeva ərindən boşandı, o da öz növbəsində Həştərxana sürgün edildi. Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya getdi və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirdi. Polşadan İran Azərbaycanına daimi köçdü, 73 yaşında vəfat etdi, burada dəfn olundu.

Qeysər Kaşıyeva ( 1893 - 1972) — rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın

Qeysər Kaşıyeva

7 iyun 1893-cü ildə Tiflisdə hərbiçi ailəsində anadan olub. Bu şəhərdə Qafqaz Təsviri Sənətlər Cəmiyyətinin bədii sinifində oxuyub. Onun müəllimləri Almaniyanın məşhur rəssamları Oskar Şmerlinq və Karl Zummer idi. Qeysər Kaşıyeva peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın olub.

Rəssamın yaradıcı inkişafı və şəxsi həyatı çətin bir tarixi dövrə düşdü. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi. Daha sonra cütlük ailə həyatı qurmuş və bu evlilikdən onların qız övladı dünyaya gəlmişdi.

Qeysər Kaşiyevanın əsərləri.

Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından sonra Qeysər xanım 1918-ci ildə Bakıya köçüb. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, "Şərq Qadını" jurnalı üçün illüstrasiyalar çəkirdi. 1930-cu ildə Qeysər xanım ikinci dəfə, Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurub. Lakin onun bu evliliyi də uzun sürməmiş, repressiyaya məruz qalan Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilib. Çox keçmədən onlar sürgün ediliblər.

Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıtmış və 1972-ci ildə aprelin 17-də Bakıda vəfat etmişdir.

Sənətkarın əsərləri Azərbaycan Təsviri Sənətlər Muzeyinin kolleksiyalarında saxlanılır.

Şövkət Məmmədova (1897 - 1981) - ilk peşəkar qadın opera müğənnisi, SSRİ xalq artisti

Şövkət Məmmədova 

Aprelin 18-də Tiflisdə kasıb bir azərbaycanlı ailəsində anadan olub. Hələ 6 yaşında ikən qızda musiqi istedadı olduğu özünü göstərib.

Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-1929-cu illərdə olmuşdur). 1917-1921-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktor olmuşdur) açılmış və not nəşriyyatı təsis edilmişdir. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.

Şagirdləri arasında SSRİ xalq artistləri Müslüm Maqomayev, Firəngiz Əhmədova, Fidan Qasımova və başqaları var idi və Azərbaycan Teatr İşçiləri İttifaqının ilk sədri idi. "Azərbaycan musiqi teatrının inkişaf yolları" kitabının müəllifidir.

Zahid Xəlilov (1911 - 1974) - Azərbaycan Elmlər Akademiyasının prezidenti, Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Zahid Xəlilov. 

14 yanvar 1911-ci ildə Tiflisdə anadan olub. O, Azərbaycanda ilk riyaziyyatçılardan biri olub, funksional analiz məktəbinin əsasını qoyub. 1967 - 1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur.

Niyazi Tağızadə-Hacıbəyov (1912 - 1984) - dirijor və bəstəkar, SSRİ xalq artisti

Niyazi. 

7 avqust 1912-ci ildə Tiflisdə anadan olub. Moskva, Leninqrad, İrəvan və Bakıda musiqi təhsili alıb. 1960 - 1961-ci illərdə S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru olub. (indiki Sankt-Peterburqdakı Mariinsky Teatrı). Praqa, Berlin, Budapeşt, Buxarest, Nyu-York, Paris, İstanbul, Tehran, London və Pekində qastrol səfərləri ilə çıxış etmişdir. 1979-cu ildən Azərbaycan Filarmoniyasının direktoru idi.

Rəşid Behbudov (1915 - 1989) - estrada və opera müğənnisi, aktyor, SSRİ xalq artisti

Rəşid Behbudov 

14 dekabr 1915-ci ildə Tiflisdə anadan olub. Atası Məcid Behbudov Tiflisdə zadəgan klubunun üzvü idi, təbii ipəkdən kələğayı istehsal edən bir fabrikə sahib idi. Babası çar ordusunun generalı, ulu baba isə at zavodunun sahibi olmuşdu.

Tiflisdə Rəşid Behbudov gənc yaşda Leonid Utesovun caz musiqisinə maraq göstərib. Uşaq kollektivlərində çıxış edib, tanınmağa başlayıb və məktəb illərində bir neçə gürcü filmində rol alıb.

1934-cü ildə İrəvanda yaşamağa başlayıb. A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistlik edib. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edib. 1944-cü ildə Bakıya köçüb. Konsertlərlə dünyanın yarısını, 100-dən çox ölkəni gəzib. Onun konsertlərində İosif Stalin və Mao Tszedun, Cəvahirləl Nehru və İndira Qandi, Hayle Selasye və Süleyman Demirel, Nikita Xruşev və Leonid Brejnev, Ualter Ulbrixt və Erik Honekker iştirak ediblər. Beş filmdə rol alıb.

Rəşid Behbudov 1987-ci ildə Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb.

Müğənninin tərcümeyi-halından maraqlı bir fakt. Rac Kapurun baş rolunda çəkildiyi "Avara" filminin mahnısını rus və hindi dillərində Rəşid Behbutov ifa edib.

Rəşid Behbudovun Bakıda Fəxri Xiyabanda qəbri

Zakir Qaralov (1956-cı il təvəllüdlü) - Azərbaycanın keçmiş Baş prokuroru

13 yanvar 1956-cı ildə Gürcüstanın Dmanisi şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının 27-ci baş prokuroru oldu. 2020-ci ilin may ayınadək həmin vəzifəni daşıyıb.

Kamandar Məcidov (1961-ci il təvəllüdlü) - Yunan-Roma güləşçisi, Olimpiya çempionu

Kamandar Məcidov 

17 oktyabr 1961-ci ildə Dmanisi rayonunda anadan olub. 8-ci sinfi bitirdikdən sonra Bakıya köçüb və burada idman internat məktəbində təhsilini davam etdirib. Yunan-Roma stilində güləşlə məşğul olub. 1982-ci ildə Minskdə yaşamağa köçüb. 1988-ci ildə Seulda keçirilən olimpiadada qızıl medal qazanıb. Qələbə yolunda İran, Cənubi Koreya, Polşa, Fransa, ABŞ və Bolqarıstandan olan döyüşçüləri məğlub edib. Belarusiyanın paytaxtında yaşayır, Belarus Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasında dosentdir, Belarusiya milli güləş yığmasına məşqçilik edir.

Fərid Mansurov (1982-ci il təvəllüdlü) - klassik üslubda güləşçi, Olimpiya çempionu

Fərid Mansurov. 

10 May 1982-ci ildə Dmanisi rayonunda anadan olub. 1984-cü ildə valideynləri ilə birgə Bakıda yaşamağa köçüblər. 10 yaşında klassik üslubda güləşlə məşğul olmağa başlayıb. 2004-cü ildə Afinadakı Olimpiya Oyunlarında qızıl medal qazanıb. 2009-cu ildə Danimarkada keçirilən turnirdə klassik güləş üzrə dünya çempionu oldu. Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının məşqçisidir.

Mənbə: Бесик Пипия

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR