Gürcüstanda 200 nəfərdən çox insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi yenidən qadağan edilib
Gürcüstanda 200 nəfərdən çox insanın iştirakı ilə qapalı məkanlarda və açıq havada kütləvi mədəni və idman tədbirlərin keçirilməsi sentyabrın 10-dan yenidən qadağan edilib. Amma bu qadağa seçki kampaniyasına tətbiq olunmayacaq.
Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə məlumat yayıb.
Onun sözlərinə görə, buna son günlər kütləvi mərasimlərdən sonra koronavirusa yoluxma hallarının artması səbəb olub. Ona görə də 200 nəfərdən çox insanın iştirakı ilə tədbirlərin keçirilməsi qadağan edilib. Qaydalara əməl etməyən fiziki və hüquqi şəxslər isə ciddi cəzalanacaqlar.
N.Mezvrişvili deyib ki, bu qadağa parlament seçkiləri ilə əlaqədar keçiriləcək təbliğat-təşviqat kampaniyalarına tətbiq olunmayacaq.
İctimaiyyətə müraciət edən hökumət rəsmisi insanları sosial məsafəyə və digər qadağalara ciddi riayət etməyə, tibbi maskalardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburidir. Bu qaydalara riayət etməyənlər də ciddi cəzalanacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət