Gürcüstan və Türkiyənin XİN başçıları regional layihələri müzakirə ediblər
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Nyu-Yorkda türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında olan strateji tərəfdaşlıq və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
XİN rəhbərləri hər iki ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq tranzit və enerji layihələrinə də toxunublar. Bu kontekstdə Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin əhəmiyyəti vurğulanıb. D.Zalkaliani Gürcüstan tərəfinin TANAP layihəsinin açılmasını alqışladığını qeyd edib.
M.Çavuşoğlu bildirib ki, Ankara Gürcüstanı ikitərəfli münasibətlər və beynəlxalq formatlarda dəstəkləməyə davam edəcək.
Tərəflər Gürcüstan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətini də qeyd edərək, şuranın Ankarada keçiriləcək növbəti toplantısına hazırlıq ifadə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət