Slimfit
  1. MEDİA

Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək

Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək
Sakura

Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovun Oxu.Az-a müsahibəsi:

Gündüz müəllim, builki Aşura mərasimi necə keçdi? Ümumi ab-hava sizi qane etdimi?

- Aşura rahat və sakit keçdi. Ciddi problem yaranmadı. Əksinə, statistika göstərir ki, Aşura ilə bağlı bəzi müsbət tendensiyalar ilbəil güclənir. Məsələn, həm qanvermə aksiyasının keçirildiyi ünvanlar, həm də bu aksiyada iştirak edənlərin sayı hər il artır.

Üstəlik, qan verənlərin arasında dindar olmayanlar da var. Deməli, Aşura ilə bağlı vaxtilə göstərilmiş bu təşəbbüs artıq ənənə halını alıb və zaman keçdikcə möhkəmlənir. Bu, həm də onu göstərir ki, insanlarımız Aşuranın mahiyyətini düzgün başa düşürlər. 

Qəmə vurmaq, qan çıxarmaq, zəncir vurmaq kimi hallar aradan çıxır. Bu il cəmi bir, ya iki zəncir vurma hadisəsi qeydə alındı ki, onun da qarşısını din xadimlərimiz və dindarlarımız özləri aldılar.

Məhərrəm ayı ərzində mərasimlərin sakit və normal keçməsində görülmüş işlərin, xüsusi maarifləndirici və profilaktik tədbirlərin böyük rolu var. Mən bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, yerli icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini qeyd etmək istərdim. Bu qurumların birgə, koordinasiyalı fəaliyyəti öz nəticəsini aydın şəkildə göstərdi.

 - Yəqin ki, Aşura ilə bağlı həm monitorinq, həm də təhlil işi aparırsınız. Sizcə, son illər əsas diqqəti çəkən məqamlar nələrdir?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkcə Aşura deyil, bütün dini bayram və əlamətdar günlərlə bağlı monitorinq və təhlil işi aparılır. Bu iş bütün ilboyu davam edir. Həm illər, həm bölgələr, həm ayrı-ayrı dini mərasimlər üzrə müqayisəli təhlil aparılır. Bununla ayrıca şöbə məşğul olur. Bu cür təhlillər olmadan ölkədəki dini durumu və dini prosesləri düzgün qiymətləndirmək qeyri-mümkündür.

Builki Aşura ilə bağlı monitorinq bitsə də, təhlil işi bitməyib. Amma təbii ki, ilkin qənaətlərimiz var. Ümumiyyətlə, son illər Aşura ilə bağlı iki məqam diqqəti cəlb edir. Birincisi, Aşurada iştirak edən dindar kontingentdə kəmiyyətlə yanaşı, keyfiyyət dəyişikliyi də baş verir. Zaman keçdikcə bu mərasimlərdə iştirak edənlərin arasında orta və yaşlı insanlar azalır, gənclərin sayı isə çoxalır.

Bu, təbii prosesdir. Amma nəzərə alın ki, orta və yaşlı insanlar Sovet dövründə formalaşıblar. Bu baxımdan onların dünyagörüşləri ilə gənclərin dünyagörüşləri, hətta dinə baxışları müəyyən qədər fərqlənir. Bu fərqliliyin özünəməxsus tərəfləri var ki, ona biganə yanaşmaq olmaz. İkincisi, Bakı şəhərində dindar kontingentin, daha çox da dindar gənclərin yalnız bir neçə məsciddə cəmləşməsi prosesi gedir. Ətrafda başqa məscidlər olmasına baxmayaraq, dindarlar daha çox bu məscidlərə üz tutur. Belə olduğu təqdirdə əlavə məsələlər, çətinliklər yaranır.

- Məsələn, hansı çətinliklər?

- Əgər tutumu beş yüz nəfərdən çox olmayan və həyəti də çox kiçik olan bir məscidə minlərlə insan gəlirsə, deməli, insanlar küçədə dayanmaq və ya küçədə ibadət etmək məcburiyyətində qalacaqlar. Bu isə həm dindarların təhlükəsizliyi, həm rahatlığı, həm də ətrafda yaşayan insanların sərbəst hərəkəti üçün çətinlik yaradır.

Bəziləri bunun səbəbi kimi Bakıda məscidlərin az olmasını göstərir. Doğru fikir deyil. Bakıda kifayət qədər məscid var. Hətta sıxlıq müşahidə olunan məscidlərin ətrafında yarıboş məscidlər yetərincədir. Sadəcə, dindarlar daha çox bir neçə məsciddə cəmləşir.

- Sizcə, bunun səbəbi nədir və çıxış yolunu nədə görürsünüz?

- Səbəbi yalnız bir amilə bağlamaq doğru olmaz. Səbəblər çoxdur. Düzdür, bir çoxları bunu yalnız din xadimi faktoru ilə izah etməyə çalışır. Amma məncə, təkcə bu deyil, mütləq başqa səbəblər də var. Hər halda Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu məsələlərin həlli istiqamətində çalışırıq. Həm Komitənin, həm İdarənin məqsədi dindarlarımıza ibadətləri üçün normal şərait yaratmaqdır. Məsələnin həlli ilə bağlı artıq bəzi təkliflər də var.

- Bir az öncə qeyd etdiniz ki, bir neçə yerdə zəncir vurmağa cəhdlər göstərilib. Sizcə, iyirmi birinci əsrdə niyə hələ də “zəncirdən” əl çəkə bilmirik? Ümumiyyətlə, niyə xurafatdan imtina etməyi bacarmırıq?

- Bəzən xurafat ənənəyə çevrilir. Belə olanda ondan imtina çətin olur. Bu baxımdan, bəzi xurafat elementlərinin tədricən aradan qalxması başadüşüləndir. Amma qürurla deyə bilərəm ki, qan çıxarmaq və zəncir vurmaq kimi xurafat elementləri bizdə nəinki aradan çıxarılıb, hətta “qan ver, xilas et” aksiyası kimi mütərəqqi ənənə ilə əvəzlənib.

İndi digər müsəlman ölkələrində də qan verməklə bağlı təşəbbüslər göstərilir. Azərbaycanın fərqi və üstünlüyü budur. Bir vaxtlar İslam dünyasında qadınlar dini idarələrin işlərinə cəlb olunmurdu. İlk dəfə Azərbaycanda Şeyxülislam özünə qadın müavin təyin etdi. Bundan sonra dini idarələrin fəaliyyətində qadınların rolu artdı.

Bildiyimə görə, indi Türkiyədə Dəyanət İşləri Başqanının müavinlərindən biri qadındır. Yəni demək istəyirəm ki, din və iyirmi birinci əsr prizmasından baxdıqda Azərbaycan əksər məsələlərdə, o cümlədən, xurafata münasibətdə nümunəvi ölkə kimi qəbul olunur.

- Dini radikalizm və dinin siyasiləşdirilməsi, dinin məzhəb zəminində təbliği hallarına rast gəlinir. Dini radikalizm haqqında çox danışılır. Ona görə dinin siyasiləşdirilməsi və dinin məzhəbçilik çərçivəsində yayılması məsələsinə toxunmağınızı istərdik. Necə fikirləşirsiniz, Azərbaycanda dinin siyasiləşməsi və məzhəbçiliyin güclənməsi ehtimalı nə qədərdir?

- Bu, bizim üçün həssas və vacib məsələdir. Dinin siyasiləşməsi və məzhəbçilik dini radikalizmdən, xurafatdan heç də az təhlükə daşımır. Mahiyyət və nəticə etibarilə eynidirlər. Azərbaycanda da dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər var, amma bu cəhdlərin perspektivini görmürəm.

Azərbaycan xalqının yüksək mədəniyyəti, dünyagörüşü və dövlətin apardığı siyasət buna imkan verə bilməz. Amma etiraf edim ki, dinin siyasiləşməsi və məzhəbçiliklə mübarizə dini radikalizmlə mübarizədən daha çətindir. Çünki radikalizm elementlərini daha tez aşkarlamaq, daha asan ifşa etmək olur.

Dinin siyasiləşməsi və məzhəbçilik, adətən, bir qədər dərində gedən mürəkkəb prosesdir. Heç kim məzhəbçi olduğunu boynuna almır, əksinə, doğru olduğunu iddia edir. Danışanda ümumislam, vəhdət amilini qabardır. Amma vəhdət dedikdə başqalarının ona qoşulmasını, ona tərəf gəlməsini nəzərdə tutur. Halbuki vəhdət tərəflərdən birinin iki addım yox, hər iki tərəfin bir addım irəli gəlməsidir.

Məzhəbçiliyə gəlincə, mənə görə, müsəlmanın məzhəbi ola bilər, amma müsəlman məzhəbçi ola bilməz. Başqa sözlə, problem məzhəblərin olması deyil, bəzi müsəlmanların məzhəbçi olmasıdır. İslam bütün məzhəblərin fövqündə dayanır. Deməli, məzhəb təəssübkeşliyi din təəssübkeşliyindən üstün olmamalıdır. Amma təəssüf ki, reallıq belə deyil.

Məzhəbçilik və dinin siyasiləşməsi tarixən Azərbaycan dindarlığına xas xüsusiyyət olmayıb. Bu gün də belədir. Məzhəbçiliyə, dinin siyasiləşməsinə rəvac verənlər kənar qruplardır.

- Aşura mərasimində iştirakı dindarlığın göstəricisi kimi qəbul etmək olarmı? Ümumiyyətlə, sizcə, ökədə dindarlıq faizi sürətlə artırmı?

- Məncə, Aşurada iştirak dindarlığın göstəricisi kimi qəbul edilə bilməz. Çünki bu mərasimlərdə iştirak edənlərin hamısı dindar deyil. Hətta onların arasında elələri var ki, Aşuranın nə olduğunu, imam Hüseynin şəhid olmasının səbəblərini tam şəkildə bilmir. Amma dinə, peyğəmbərə, imam Hüseynə sevgisi, rəğbəti var.

Ümumiyyətlə, “dindarlıq dedikdə nə nəzərdə tutulur” və “dindar kimdir” sualına yanaşma fərqlidir. Adətən, xristianlıqda və yəhudilikdə həftədə bir dəfə kilsəyə və ya sinaqoqa gedən dindar sayılır. Bəs İslamda necədir? Bu suala hər kəs eyni cavab vermir. Məsələn, Azərbaycanda sorğu keçirsək, əminəm ki, respondentlərin əksəriyyəti özünü dindar hesab edəcək.

Hətta bir çoxları əsl mömin olduğunu iddia edəcək. Bunun səbəbini soruşduqda, deyəcək ki, əməli saleh adamam, əsl müsəlmanlıq, əsl möminlik elə budur. Bir az dərinə getsəniz, görəcəksiniz ki, heç dindən xəbəri yoxdur. Bizdə “yaxşı adam”la “dindar adam” anlayışı səhv salınır.

Bu cür yanaşma əxlaq prinsipinə söykənir və onun pis bir şey olduğunu iddia edə bilmərik. Amma həqiqət budur ki, bütün yaxşı adamlar dindar deyil. O başqa məsələ ki, əsl dindar həm də yaxşı adam olmalıdır.

Leksikonumuzda “imanlı”, “inanclı”, “dindar” və “mömin” kəlmələri var. Bu sözlərdən istifadə zamanı bəzən yanlışlığa yol verilir. Qısacası, mənim subyektiv fikrim budur ki, azərbaycanlılar inanclı və imanlı bir xalqdır. Biz dinsiz xalq, dinsiz ölkə deyilik. Əminəm ki, ölkədə ateistlərin sayı faizlə ifadə edilməyəcək qədər azdır. Mütləq əksəriyyət, təxminən 96 faiz özünü müsəlman sayır.

- Müsəmanların neçə faizi dindardır?

- Bizim hesablamalarımıza görə, bu rəqəm 8 faiz civarındadır. Təbii ki, bu, təxmini hesablamadır və fərqlər ola bilər. Çünki dindarlığı müəyyən etməyin fərqli metodları var. Biz hansı metoddan istifadə etmişik və sayı necə hesablamışıq? Bu, mənim subyektiv fikrimdir ki, İslamda dindarlığın, əsasən, namazla müəyyən edilməsi daha doğrudur.

Azərbaycanda məscidə ən çox dindar cümə günü, Qurban və Ramazan bayramlarında gəlir. Hesablamalarımıza əsasən, bu rəqəm 160 mindən az, 170 mindən çox deyil. Bu rəqəmi isə beşə vurmuşuq. Çünki həmin günlər qadınlar, əsasən, məscidə gəlmir, ümumiyyətlə, ibadətə gələnlər yetkinlik yaşına çatmış kişilərdir.

Bəzi ölkələrdə məscidə gələnlərin sayı üçə vurulur. Biz isə maksimum beş götürmüşük. Alınan rəqəm ölkə müsəlmanlarının təxminən 8 faizinə bərabərdir. Amma yenə də deyirəm, bu, təxmini rəqəmdir.

Dindarlığın artım dinamikasına gəldikdə, on il, hətta beş ilə öncə ilə müqayisədə bu, xeyli zəifləyib. Bunun müxtəlif səbəbləri var. Bu məsələdə Yaxın Şərqdə, o cümlədən, Suriyada baş verən proseslərin də müəyyən qədər rolu oldu. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR