Güləş üzrə dünya və Avropa çempionatlarının məkanları açıqlandı
Dünya Güləş Birliyi Bürosunun iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda 2022-ci ildə keçiriləcək dünya çempionatının Rusiyanın Krasnoyarsk şəhərinin olması qərara alınıb.
Sibir şəhəri 1997-ci ildə sərbəst güləş üzrə dünya çempionatına ev sahibliyi edib. Ancaq Krasnoyarsk ilk dəfə bütün növlərin birgə mübarizə apardığı dünya çempionatını keçirəcək. Onu da bildirək ki, 2021-ci ildəki dünya çempionatı da Rusiyada – Ufa şəhərində olacaq. Gələn il isə Tokio Olimpiadasına görə dünya çempionatı keçirilməyəcək.
Ufa 2021-ci ildə böyüklərlə yanaşı, gənclərin də dünya çempionatına ev sahibliyi edəcək. Serbiyanın paytaxtı Belqrad isə həmin il 23 yaşadək güləşçilərin dünya çempionatını keçirəcək.
Həmçinin Büro üzvlərinin yaş limiti 75-ə qaldırılıb. Qurumun prezidenti isə bundan sonra altı il müddətində iki dəfə seçilmək hüququ əldə edib. Güləş üzrə qitə qurumlarının prezidentləri isə dörd il müddətlə üç dəfədən artıq seçilə bilməz.
Bundan başqa, Tokio Olimpiadası zamanı Şərəf Zalına güləşdən hansı Olimpiya çempionlarının adının verilməsi təsdiqlənib. Bunlar qadın güləşində yaponiyalılar Saori Yoshida və Obara Sakamotodur. Sərbəst güləşdə amerikan Con və Ben Peterson qardaşları Şərəf Zalında yer alacaq. Yunan-Roma güləşindən George Berçyanu (Rumıniya) və Pertti Ukkolanın (Finlandiya) adı orda olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət