“Google” istifadəçilərin gizli izlənməsinə görə təzminat ödəyəcək
“Google” şirkəti “Google Chrome” brauzerinin istifadəçilərindən gizli məlumatlar topladığına görə, ən azı 5 milyard dollar dəyərində məhkəmə iddiasında ilkin razılığa gəlib.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,bu barədə “Reuters” agentliyi iddiaçıların və cavabdehin vəkillərinə istinadən məlumat yayıb.
Razılaşmanın şərtləri açıqlanmasa da, hüquqşünaslar “Google”un məcburi tələblər siyahısı ilə razılaşdığını bildirib. Razılaşma 24 fevral 2024-cü il tarixinədək məhkəmənin təsdiqinə təqdim ediləcək.
İddiaçıların şikayətinə görə, “Google” tətbiqləri şirkətə istifadəçilərin “Google Chrome” brauzerini şəxsi “inkoqnito” baxış rejiminə keçirdikdə belə onların fəaliyyətini izləməyə icazə verib.
“Google”a qarşı iddia 2020-ci ildə ABŞ-ın Kaliforniya ştatında açılıb. İddia şirkətin xidmətlərindən istifadə edən milyonlarla istifadəçini əhatə edir və federal telefon dinləmə qanunlarının və Kaliforniya məxfilik qanunlarının pozulmasına görə hər iddiaçı üçün ən azı 5000 dollar təzminat tələb edir.
Qeyd edək ki, bundan əvvəl “Google Chrome” brauzerində ciddi boşluq aşkar edilmişdi. Onun köməyi ilə kibercinayətkarlar proqramların nasazlıqlarına səbəb ola, zərərli kodları işə sala və quraşdırılmış təhlükəsizlik proqramlarından yan keçə bilirdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət