Gənclərin icra başçısı təyin edilməsi o deməkdir ki... - Asim Mollazadə
Yenə də gənc icra başçılarının təyinatı o deməkdir ki, ölkədə islahatlar davam edir, dərinləşir və ölkənin icra strukturlarına yeni nəsil nümayəndələr gəlir. Bu, çox müsbət bir hadisədir. Əminəm ki, nəsil dəyişikliyi ilə yanaşı eyni zamanda şüur dəyişikliyi də həyata keçirilir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
O qeyd edib ki, sovet ənənələrinə, idarəetməsinə son qoyulur:
“Mən ümidvaram ki, bu proses daha da genişlənəcək və ölkəmizin bütün sahələrini əhatə edəcək”.
Bir neçə il əvvəl Gürcüstanda, Ukraynada gənc nəslin nümayəndələrinin yüksək dövlət vəzifələrinə irəli çəkildiyi Azərbaycanda nümunə kimi göstərilirdi. Bu təyinatlarla Azərbaycana yönəlik həmin iradın da aradan qalxdığını söyləyə bilərikmi?
Asim Mollazadə bu suala cavab olaraq deyib ki, heç kimə baxmaq lazım deyil:
“Biz özümüz hamı üçün nümunə ola bilərik. Azərbaycan kimisə yamsılamır. Azərbaycan öz yolu ilə gedir və bu yol, düz yoldur. Azərbaycan mütləq dünyanın ən uğurlu ölkələrindən biri olacaq. Bunun da əsas səbəbi Azərbaycan xalqının istedadı, intellektidir. Düşünürəm ki, bu proses davam etdirilməlidir. Azərbaycanda islahatlar genişləndirilməli, hər bir sahəni əhatə etməlidir”.
Milli Məclisin deputatı onu da qeyd edib ki, söhbət təkcə yaşdan deyil, həm də şüur dəyişikliyindən gedir:
“Söhbət fərqli düşüncədən və fərqli təcrübədən gedir. Mənə elə gəlir ki, sovet düşüncəsi Azərbaycanda tədricən yox olmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlarla Mirhəsən Seyidov Neftçala, Nahid Bağırov isə İsmayllı rayonunun icra hakimiyyətinin başçısı təyin olunub. Mirhəsən Seyidovun 31, Nahid Bağırovun 41 yaşı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət