Slimfit
  1. AZƏRBAYCAN

Gəncənin adının bərpasından 29 il keçir - Əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış

Gəncənin adının bərpasından 29 il keçir - Əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış
Sakura

Gəncənin adının bərpasından 29 il keçir - Əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış

XIX-XX yüzillikdə xalqımızın şüuraltı qatlarında yadellilərə tabe olmayıb sona qədər şərəfli mübarizə aparmaq, qürurlu, azad yaşamaq kimi assosiativ duyğular oyadan sözlərdən biri Gəncə olub. Bu, təsadüfdən, sözün şirinliyindən yox, orada yaşayan insanların işğalçılara qarşı illərlə apardıqları ölüm-dirim savaşlarından, təqib və təzyiqlərə baxmayaraq mübarizəni davam etdirmələrindən irəli gəlib. Gəncə xalqımızın qəlbində azadlıq, Cümhuriyyətin torpaqlarımızda fəaliyyətə başladığı ilk yer, Bakının yadellilərdən azad edilməsi uğrunda aparılan ölüm-dirim savaşının mərkəzi kimi də əziz olub. Şəhərin adı xalqın söykökü, milli mənəvi siması, memarlığı ilə də çox bağlıdır.

Bu şəhər strateji əhəmiyyətinə görə düşmənlərin diqqətini həmişə özünə çəkib. Məsələn, Azərbaycanı işğal etməyə göndərilmiş rus qoşunlarının komandanı Sisianov I Aleksandra məktubunda yazırdı: “Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı verdiyindən onun ələ keçirilməsini Rusiya üçün çox önəmli saymağa əsas verir”, Əslində Gəncəni tutmaqla Rusiya bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı qazanırdı.

1804-cü il yanvarın 3-də Orucluq bayramı günündə rus qoşunları Cavad xanın başçılıq etdiyi Gəncə üzərinə hücum etdi. Qüvvələrin – həm qoşunların, həm də texnikanın üstün olmasını bildiyi halda o, dəfələrlə tabe olmaq təkliflərini qəbul etməyib, 18772 nəfər döyüşçüsü ilə əldə silah sona qədər vuruşub və 1500 nəfər döyüşçü ilə birlikdə özü və oğlu Hüseynqulu xan həlak olub.

Çar hökuməti Gəncənin işğalını böyük bir bayram kimi qeyd etmiş, imperatorluq zərbxanasında Gəncənin alınmasında iştirakına görə döş medalı təsis olunmuşdu. Şəhərin adını tarixdən silmək üçün ona çar I Aleksandrın arvadı Yelizavetanın adı verilmişdi. İşğalçılar bununla da kifayətlənməmiş, Gəncə qalasını, qala divarları ilə birlikdə xan sarayını uçurub yox etmiş, Gəncə xanlığını ləğv edib onu dairəyə çevrirərək Gürcüstana tabe etdirmişdilər. Bir sözlə, xanlığı insanların yaddaşında xatırladan bütün atributları ilə məhv etməyə, yer üzündən silməyə cəhd etmişdilər. Hətta Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə ödəməli idi. Bununla bağlı hörmətli yazıçımız Rəşad Məcid mənə maraqlı bir əhvalat danışdı. Gəncədən olan yaşlı bir ziyalı ona danışırmış ki, bu sözü işlətmək qadağan olduğu vaxt buna dözməyən bir kişi camaatın gur olduğu yerdə ucadan üç dəfə “Gəncə” hayqırır və cəriməni də üçqat verərək ürəyini boşaldır.

Gəncə şəhərində dinc əhaliyə də amansızlıqla, qəddarcasına divan tutulmuşdu. Bu qırğın çar I Aleksandrın xoşuna gəlmişdi. Belə ki, o, Sisianovun adına yazdığı 5 fevral 1804-cü il buyuruğunda “Gəncənin işğalı zamanı baş verən hadisələrdən razılıq edərək” yazırdı: “Asiya qüruru qarşısında güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşlığa gətirərək... sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi”.

Beləliklə, çar hökuməti 114 il gəncə sözünü işlətməyə imkan vermədi. Ancaq xalqın yaddaşlarından onu silmək mümkün olmadı. Gəncə adının yenidən rəsmi qaydada özünə qaytarılmasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük rolu oldu. Xalqa, M.Ə.Rəsulzadənin sözləri ilə desək, “azadlıq tamını dadızdıran” bu hökumət 1918-ci il 30 iyulda tarixi bir qərar qəbul etdi. Bu qərarda deyilirdi: “Yelizavetpol şəhərinin adı Gəncə və Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin”. Qeyd edim ki, “Təqvim-Ünvan”da səhv olaraq bu tarix 30 avqust 1918-ci il kimi göstərilib. Əlamətdar hadisə olduğu üçün xalq bu qərarı razılıqla qarşılayıb, Gəncə camaatı sevincdən ağlaşaraq, xeyli sayda qurban kəsib.

Ancaq nə yazıq ki, bu sevinc uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının XI Qırmızı ordusu Vətənimizə soxuldu. Kənd və şəhərlərimizi bir tərəfdən ermənilər, digər tərəfdən bu ordu yağmalamağa başladı. “Talan həftələri” təşkil edildi. Xalqın heysiyyatına toxunulduğu belə bir çətin vaxtda işğalçılara qarşı ən böyük üsyan yenə Gəncədə oldu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Cahangir bəy Kazımbəyov, Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və digərlərindən ibarət hərbi şura sona qədər mübarizə apardı. Üsyan qan içində boğuldu. Ələ keçən üsyançılara divan tutuldu. Gəncə üsyanı və sonrakı “təmizləmə” vaxtı 13 min nəfərdən çox vətənpərvər şəhid oldu. Təəssüf ki, həmvətənlərimizin bu şərəfli mübarizəsinin qəddarlıqla yatırılmasında ermənilər və ruslarla yanaşı azərbaycanlı bolşeviklər də çox fəallıqla iştirak etmişdilər. Məsələn, o dövrdə daxili işlər komissarı, həmçinin İnqilab Komitəsinin Gəncə üzrə fövqəladə komissarı Həmid Sultanov xüsusi qəddarlığı ilə fərqlənmişdi.

Ermənilər ruslarla birlikdə şəhəri 3 gün qarət etdilər. Üsyan amansızcasına yatırılsa da, əslində xalqın şərəf və namusu xilas edilmiş oldu. Bu üsyandan bəhs edərkən M.Ə.Rəsulzadə çox doğru olaraq yazırdı: “...Fəqət bu üsyanlar dəxi olmasa idi, Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi”. Tarixi hadisələr göstərir ki, bu üsyan yatırılsa da, sovet rejimi xalqın azadlıq uğrunda mübarizə ruhunu qıra bilmədi.

1935-ci ildə Moskvanın Azərbaycandakı canişini M.C.Bağırovun göstərişi ilə Gəncə şəhərinin adı yenidən dəyişdirildi. Bu dəfə isə şəhərə Azərbaycanın işğalında, respublikamızda müstəmləkə rejiminin qurulmasında və ərazi bütövlüyümüzün parçalanmasında, torpaqlarımızda ermənilər üçün Muxtar Vilayət yaradılmasında böyük rolu olmuş S.M.Kirovun adı verildi. Şübhəsiz ki, respublikada o dövrdə olan rayon və şəhərlərin içərisindən Gəncənin seçilməsi təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması, Bakının yadelli işğalçılardan – xalqımızın qəddar düşməni, bolşevik-daşnak Şaumyandan və onlarla həmfikir olanlardan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinin bu şəhərdən başlanması, XI Qırmızı orduya qarşı qəhrəmancasına mübarizə aparması səbəbindən xalqımızın qəlbində Gəncə uca bir taxt qurmuş, azadlıq və mübarizlik simvoluna çevrilmişdi.

Xalqın qan yaddaşını silmək, “milli bolşeviklər”in sözlərilə desək, onu “simasızlaşdırmaq” siyasəti yürüdən Sovet rejimi məhz bu səbəblərdən ad dəyişdirmək məsələsində Gəncə şəhərini seçmişdi.

Maraqlıdır ki, Stalinin hakimiyyətinin son illərində, daha dəqiqi, 1952-ci ildə Azərbaycan SSR-də inzibati-ərazi islahatı keçirmək haqqında qərar qəbul edildi. Bu qərara uyğun olaraq 3 aprel 1952-ci ildə respublika ərazisində iki yeni vilayət yaradıldı. Onlardan biri 33 rayonu və yeni yaradılmış Sumqayıt şəhərini əhatə edən Bakı, digəri isə Kirovabad şəhəri və 28 rayonun daxil olduğu Gəncə vilayəti oldu. Yeni yaradılan bu vilayətin Gəncə adlandırılmasının təşəbbüskarının kim olduğunu söyləmək çox çətindir. Ancaq respublika rəhbəri M.C.Bağırovun bu işə razılıq verməsi heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, o dövrdə bu o qədər də asan iş deyildi.

Lakin bu islahatın da ömrü uzun olmur. Stalinin vəfatı və Xruşşovun hakimiyyətə keçməsi tezliklə Azərbaycana da təsir edir. 6 aprel 1953-cü ildə M.C.Bağırov Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad olunmuş, yerinə isə Mir Teymur Yaqubov təyin olunmuşdu. Elə həmin gün Azərbaycan KP MK-nın bürosunda “Azərbaycan SSR tərkibindəki Bakı və Gəncə vilayətlərinin ləğv edilməsi haqqında” qərar qəbul edilmişdi.

Qeyd edək ki, xalqın yaranması, tarixi və mənəvi həyatı ilə bağlı yer adlarının dəyişdirilməsi XX əsrin 60-cı illərində də davam edib. Təəssüflə deməliyik ki, belə ciddi ictimai əhəmiyyətli bir məsələdə o dövrün mətbuat orqanları da birtərfəli mövqe tutub, səhifələrində yalnız şəhər və kənd adlarının dəyişdirilməsini istəyən adamlara yer verib. Maraqlıdır ki, o dövrdə Moskva mətbuatında, məsələn, “Literaturnaya qazeta” hər iki mövqedə olan ziyalılara öz səhifələrində imkan vermiş və bununla əsl müzakirə mühiti yaratmışdı. Lakin bizdə vəziyyət hələ köhnə qaydada davam edirdi. Bəziləri isə lap vəcdə gəlmişdi. Məsələn, “Azərbaycan gəncləri” qəzetinin 25 iyul 1965-ci il tarixli nömrəsində “Kəndlərimizin adı da müasir olmalıdır” başlıqlı bir məqalə verilmişdi. Məqalənin müəllifi, kənd təsərrüfatı elmləri namizədi X.Həsənov əsrlərlə, bəlkə minillərlə xalqımızın tarixində yaranıb o günlərə gəlmiş çoxlu sayda kənd adlarının dərhal dəyişdirilməsini tələb edirdi.

Beləliklə, Sovet dövründə “mülayimləşmə” adı ilə daxil olan dövrdə yenidən milli-mənəvi dəyərlərimizlə bağlı olan toponimləri dəyişdirmək istiqamətində “bir yürüş” başladı. Ancaq “buz” tərpənmişdi. Ziyalılarımız bununla barışmaq istəmirdi. Bu zaman çoxlarının arzu etdiyi, ancaq ucadan deməyə cəsarət etmədiyi bir hadisə baş verdi.

1966-cı il yanvarın 8-də “Ədəbiyyat və incəsənət” qəzetində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dosenti S.Əliyarovun (indi tarix elmləri doktoru, professor, əməkdar elm xadimi S.Əliyarlı) məqaləsi çap edildi. Müəllif məqaləsində yer adlarının dəyişdirilməsi zamanı tələsməyin, hissə qapılmağın yolverilməz olduğunu bildirərək yazırdı ki, “Siz “Qacar” kəndinin adında İran şahı Məhəmməd Qacarın, tərkibində “türk” sözü olan kənd adlarında... isə Türkiyə qoşunların basqınlarının izlərini görürsünüz. Yumşaq desək, bu, ən azı sadəlövhlükdür”.

Daha sonra müəllif, doğru olaraq, xalqımızın etnogenezisinin (mənşəyinin) öyrənilməsində bu adların hər birinin elmi əhəmiyyətini, belə toponimlərin min illərlə davam edən mürəkkəb bir prosesin qədim izlərinin olduğunu göstərərək cəmiyyətin minillik inkişafından sonra belə qədim adlara ultra yeni estetik ölçü ilə yanaşmağın yolverilməz olduğunu bildirirdi. Süleyman müəllim məqaləsində tarix üçün çox ibrətamiz bir məsələyə də toxunaraq yazırdı: “Həm də kim deyə bilər ki, X.Həsənov yoldaşın köhnə kəndlərimiz üçün təklif etdiyi “Qələbə”, “Əmək”, “Mayak”, “Çiçəkli” kimi yeni adlar bir neçə əsrdən sonrakı estetik tələblərə cavab verəcək”.

Hörmətli Süleyman müəllim! Bu çox haqlı sual idi. Ancaq əsrlərə ehtiyac qalmadı. Cəmisi iki onillikdən bir qədər artıq vaxt kifayət etdi ki, belə mənasız, cəfəng adların “yamaq” olduğu üzə çıxsın. Məqalənin sonunda müəllif xalqımızın zəngin tarixinin canlı abidəsi kimi qədim şəhərlərimizdən olan Gəncə adının bərpasını təklif edərək yazır: “...öz-özünə aydındır ki, bu qədim şəhərin minillik adının dəyişdirilməsi 30-cu illərdə həmin sahədə hökm sürən intizamsızlığın acı nəticələrindən biridir”.

Məqalənin sonunda redaksiya materialı müzakirə məqsədi ilə dərc etdiyini, bu məsələ barədə tarixçilərin, dilçilərin, etnoqrafların, ədəbiyyat və incəsənət xadimlərinin, əlaqədar təşkilatların fikirlərini də bilmək istədiyini qeyd etmişdi. Beləliklə, bir proses başlamış oldu. Tezliklə, məqalə həm Azərbaycanda, həm də xaricdə ictimai rezonans doğurdu, qəzetə yüzlərlə oxucu məktubu göndərildi. Görkəmli alimlərdən Qasım Qasımzadə, Kamran Məmmədov, Tofiq Sultanov və Qulu Xəlilov birgə məqalə yazaraq, S.Əliyarlının mövqeyini müdafiə etdilər.

Xarici ölkələrdə, o cümlədən, Türkiyədə də bu məqalə müsbət münasibət bildirilmişdi. O dövrdə Türkiyədə çıxan “Yeni istiqlal” qəzetinin 30 mart 1966-cı il sayında “Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kampaniya” adı ilə bir məqalə çap olunmuşdu. Redaktor adından verilən yazıda bildirilirdi: “Dikkatla okununca Azərbaycanlı türk doçentinin endişeleri, üzüntüleri çox iyi anlaşılmaqda, kommunistlərin türk köylerini isimlerinə varıncaya kadar nasıl ruslaşdırmaq istedikleri, fakat bu durumun türkleri ne kadar müteessir ettdigi de görünmekdedir”.

Onu da vurğulayaq ki, bu yazının redaksiya heyətində müzakirə edilmədən çapa verilməsində o zaman qəzetin məsul katibi olan mərhum yazıçımız Əlfi Qasımov əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi. Bu məsələyə görə hətta onu işdən uzaqlaşdırmış və bir müddət işsiz saxlamışdılar.

Lakin Sovet dövründə rus kommunistlərinin sevimlisi olan S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan deyildi. Bu çətinliklərə baxmayaraq, ciddi addımlardan biri 70-ci illərdə atıldı. Həmin dövrdə respublikaya rəhbərlik edən görkəmli ictimai-siyasi xadim, mərhum prezident H.Əliyevin razılığı və tapşırığı ilə Kirovabad şəhərində iki yeni rayon yaradıldı və onlardan birinə Gəncə adı verildi. Həmçinin orada salınan təzə yaşayış massivi də “Yeni Gəncə” adlandırıldı. Beləliklə, Gəncə sözü yenidən rəsmi sənədlərdə işlənilməyə başladı. Bu, şübhəsiz ki, milli şüura, düşüncəyə təsir edən hadisə oldu.

Kirovabad şəhərinin Gəncə ilə əvəzlənməsi yolunda həlledici addımlar isə XX yüzilliyin 80-ci illərinin II yarısında atıldı.

1987-ci il fevralın 13-də Bakıda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edən “Kirovabadskiy raboçiy” şəhər qəzetinin redaktor müavini Nüşabə Məmmədli hərtərəfli əsaslandırmaqla Gəncə adının bəpra olunmasını təklif etmişdi. Rəyasət heyətində əyləşmiş Azərbaycan KP MK-nin birinci katibi K.Bağırov əlini Nüşabə Məmmədliyə tərəf uzadaraq qəzəblə demişdi: “Nədi, millətçilik toxumu səpirsiniz? Alma-Ata hadisələri bəyəm sizə dərs olmadı?.. Baxın, aramızda xalq düşməni oturub və belələrinə qarşı amansız olmalıyıq”. Maraqlıdır ki, bir çoxları birinci şəxsin daha çox rəğbətini qazanmaq üçün belə hallarda yaltaqlığın ən inanılmaz formasından istifadə etdikləri halda, əvvəlcə heç kim onu dəstəkləmədi. Salondan səs çıxmadı. Belə olduqda K.Bağırov “Siz məni müdafiə etmirsiniz? Eybi yox, əsl kommunistlər məni düz başa düşərlər” – deyə əsəbi formada dillənmişdi. Yalnız bundan sonra “əsl kommunistlər” ürəklənib həmişəki kimi əl çalmış və xitabət kürsüsünə çıxıb birinci katibin mövqeyini müdafiə etmişdilər.

Beləliklə, Gəncə adının bərpası uğrunda mübarizədə yeni, həlledici mərhələ başlamış oldu. Qurultaydan sonra N.Məmmədli ciddi təqib və təzyiqlərlə üzləşdi. “Yuxarılar” onun işdən çıxarılmasını tələb edirdilər. Lakin “Kirovabadskiy raboçiy” qəzetinin baş redaktoru Rauf Rəcəbli əsl cəsarət göstərərək, bundan boyun qaçıraraq, Nüşabə xanımı müdafiə etdi. O dövrdə Azərbaycan Jurnalistlər İttifaqının sədri mərhum Hacı Hacıyev də N.Məmmədlinin mövqeyini müdafiə etmişdi. Nə qədər qəribə olsa da, N.Məmmədlinin bu cəsarətli təklifinə Moskvadan da böyük dəstək gəldi. 1987-ci il martın 7-də Moskvada nəşr olunan “Sovetskaya kultura” qəzetində şöbə müdiri işləyən Fərhad Ağamalıyevin “Qrajdanstvennost” (“Vətəndaşlıq”) adlı məqaləsi dərc olundu. O, bir çox məsələ ilə yanaşı, Gəncə adının bərpa olunması məsələsini də qaldırmış, bunu ciddi şəkildə əsaslandırmışdı. Cəmi üç gün sonra, – qəzetin növbəti nömrəsində, məhz həmin səhifədə “Biz kirovabadlıyıq” adlı utancverici yazı dərc olunmuşdu. Yuxarıların tapşırığı ilə xüsusi təşkil olunaraq, necə deyərlər, ildırım sürətilə Moskvaya ötürülən bu rüsvayçı yazının altında əməkdar müəllim X.Hüseynovanın, şəhərin baş memarı F.İmamquliyevin, Alimünium Zavodunun aparatçılar briqadiri, SSRİ Ali Sovetinin deputatı A.Mayılovun, 10 saylı məktəbin direktoru A.Xaçaturovun və başqa şəxslərin imzaları qoyulmuş və ünvan olaraq “Kirovabad” yazılmışdı. Bir qədər sonra bu vətənpərvər jurnalist nəinki şöbə müdirliyindən, hətta işdən çıxarılmışdı. Belə təqib və təzyiqlərə baxmayaraq toxum səpilmişdi. Onun cücərməsini çox gözləmək lazım gəlmədi. Yeri gəlmişkən, “dövr belə idi, mənim də arvad-uşağım vardı” deyib hər fəsildə “qabığını” dəyişib özünə haqq qazandıran adamların nəzərinə çatdırıram ki, Kirovabad şəhər partiya komitəsində ciddi təzyiq, işdən çıxarmaqla hədələmələrinə baxmayaraq, bir çox adamlar “Biz kirovabadlıyıq” yazısına qol çəkməmişdilər. Belə kişilərdən biri də gəncəli ağsaqqal, ehtiyatda olan mayor, qvardiya minomyot briqadasının keçmiş baterya komandiri, müharibə veteranı Muqbil Nəzərov olmuşdu. Qeyd edim ki, o, Gəncə ağsaqqalları ilə birlikdə şəhərin adının bərpası üçün dəfələrlə Ali Sovetdə, Azərbaycan KP MK-da olmuş, bu işdə hər əziyyətə qatlaşmışdı.

Dəyərli jurnalist Ə.İsayev yazır: “Mərkəzi qəzetlərin birində – gərək ki, “İzvestiya”da idi – müharibə və əmək veteranı Ağa Ağayevin Gəncə adının bərpası barədə bir yazısı çıxmışdı. İstədim zəng çalıb təbrik edim. Bir də gördüm ki, Ağa müəllim hiddətindən əl-ayağı əsə-əsə gəlib çıxdı. Yer göstərdim, oturdu. Halı pərişandı.

– Ağa müəllim nə olub belə?

– Yenə qorkoma çağırmışdılar – dedi – Bir saat dərs keçdilər mənə. “Qələmi yerə qoy. Baş tutan sevda deyil, havayı yerə özünün yorma” – dedilər.

– Bəs sən nə dedin?

– Nə deyəcəyəm ki. Yəni onların sözüylə başlamışdım ki, onların sözüylə də qurtarım? Əhməd, onlara dedim ki, bizi istəyən adamsan, sən də bil, mən ölsəm, qəbrim də “Gəncə, Gəncə” deyəcək”.

A.Ağayevin Gəncə adının bərpası uğrunda mübarizəyə başlaması səbəbi də maraqlıdır. Məlum olur ki, 1947-ci ilin dekabrında Moskvada P.Çaykovski adına konsert salonunda N.Gəncəvinin 800 illik yubileyi keçirilərkən məşhur şərqşünas Bertels çıxış edərək demişdir: “Mən Gəncəni və gəncəliləri ona görə sevirəm ki, 800 il bundan əvvəl knyaz Yuri Dolqoruki Moskvanın təməlini yenicə qoyarkən Gəncə nəinki tarixi bir şəhər kimi mövcud idi, hətta cahana Şərqin poeziya günəşi Nizami Gəncəvini və göllər gözəli Göygölü vermişdi. O bildirir ki, akademiki dinlədikcə öz-özümə düşündüm: “Bəs haradadır o qədim Gəncə?” Və o gündən Gəncə adının bərpası uğrunda mübarizəyə başladım”.

1988-ci ilin sonu – 1989-cu ilin əvvəllərindən Gəncə adının bərpası uğrunda çağırışlar artmağa başladı. Belə ki, 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədi ilə şəhər əhalisi içərisindən imza toplanması kampaniyası başladı. Millətsevər insanların istiqamətləndirdiyi bu kampaniya nəticəsində 60 minə yaxın imza toplanmışdı. Maraqlıdır ki, bu kampaniyada azərbaycanlılardan əlavə şəhərdə yaşayan ruslar, ukraynalılar və yəhudilər də iştirak etmiş, onlar da ədalətin bərpasına tərəfdar olduqlarını bildirmişdilər.

Respublika rəhbərliyinin isə bu məsələnin həllinə münasibəti tamamilə fərqli olmuşdu. Dəyərli ziyalımız, o dövrdə, elə indi də Gəncədə yaşayan dosent Əlvan Əliyev xahişimlə mənə yazıb göndərdiyi xatirələrində bildirir: “...Günlərin birində mənə çatdırdılar ki, şəhər prokuroru səni axtarır. Tərəddüd etmədən getdim. Əmin idim ki, Gəncədə ad çıxarmış Eyyub Fətəliyevdən ziyan gəlməz. O, görkəmli Azərbaycan riyaziyyatçısı Əşrəf Hüseynovun bacısı oğlu idi və xalq hərəkatı fəallarına qarşı ciddi təqiblərin olmamasının əsas qarantı idi. Şəhər prokurorunun kabinetində yarımsaatlıq söhbət zamanı o, mənə aşağıdakıları söylədi: “Əlvan müəllim, Əbdürrəhman Vəzirov şəhərdə baş verənlərdən çox narahatdır. Görünür, ali məktəb müəllimi olduğundan sənin adını tez-tez çəkir, deyir ki, Gəncə adının bərpası zəruridir. Lakin bunu indi etmək olmaz. Gəncəlilərə deyin ki, mən şəhərin tarixi adını 1991-ci ilin ortalarında bərpa edəcəm. Bunun ardınca o mənə dedi ki, əgər şübhən varsa, bu dəqiqə kabinetimdəki dövlət telefonu ilə əlaqə yaradım, özün onunla danış. Mən bundan imtina etdim və söylədim ki, yolumuzdan dönəsi deyilik, gözləməyə də vaxtımız yoxdur. Məni yola salarkən o ucadan dedi: “Mən xəbərdarlıq etdim. Sonrakı məsuliyyət sizin boynunuzdadır”. Amma üzünün ifadəsindən başa düşdüm ki, “gedin, işinizdə olun” deyir. Amma heyif, ondan soruşmadım ki, Ə.Vəzirov 1991-ci ilin ortaları ifadəsi ilə nə demək istəyirmiş”.

1989-cu il dekabrın 9-da Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyası açıldı. Sessiyada deputatlardan çox ziyalılar, qonaqlar iştirak edirdi. Hamının maraqla iştirak etdiyi bu iclasda şəhərin adının bərpası məsələsi müzakirə olunmuş və qərara alınmışdı ki, bununla bağlı yuxarı instansiyalara məktub yazılsın, bu iş üçün lazım olan vəsait toplansın.

Elə həmin vaxtlarda Ə.İsayevin yazdığı “Haradasan, qədim Gəncə” adlı məqaləsi diqqəti cəlb edir. Bu dövrdə Respublika Mədəniyyət Fondu “Gəncə” adının bərpasına vəsait toplamaq üçün bankda xüsusi hesab açmışdı. Vətənpərvər insan, respublikanın əməkdar jurnalisti Ə.İsayev də Gəncənin XIII əsr tarixi barədə yazdığı “Üsyan” romanından aldığı qonorarın bir hissəsini bu fonda keçirmişdi.

1989-cu ilin 29 noyabrında növbəti dəfə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunmuşdu. Şəhər XDS İcraiyyə Komitəsi adından Nizami Xəlilov, AXC Gəncə şöbəsi adından Əlvan Əliyev (Kəbirli) məruzə etmişdilər. Digər çıxışlardan da sonra Gəncə adının bərpası təklifi qəbud edilmiş və ertəsi gün qərar verilmişdi. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: “Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı:

Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

– Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.

1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilmiş və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılamışdı.

Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir iş sonda uğurla nəticələndi.

Boran ƏZİZ

 

 

Mənbə  : Karabahmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR