Gəncədə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir reallaşıb
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bir sıra tədbirlər həyata keçirir. Bu il təşkil edilən silsilə tədbirlərin yekunu olaraq AQUPDK, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir baş tutub. Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunan tədbirin təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlara müvafiq istiqamətdə imkanlar yaratmaqdır.
Bu inteqrativ uşaq bayramında məktəblilər, həssas kateqoriyadan olan uşaqlar, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan, sağlamlıq imkanları məhdud olan və eyni zamanda aztəminatlı ailələrin uşaqları iştirak ediblər.
Tədbir səhər saat 8:45-də “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarının Bakıdan Gəncəyə yola düşməsi ilə başlayıb. 60 uşaqla Bakıdan yola düşən qatar 3 müxtəlif stansiyada - Biləcəri, Yevlax və Goranboyda dayanaraq əlavə uşaqlar götürüb. Beləliklə təbliğat qatarı Gəncəyə 100 kiçik sərnişilə çatıb.
Yol boyu uşaqlara Komitə əməkdaşları tərəfindən uşaq hüquqları ilə bağlı təlimlər keçilib, qrup işləri təşkil olunub.
“Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı Gəncədə coşğu ilə qarşılanıb. Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında davam edib.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov balacaları özəl gün münasibətilə təbrik edib. O bildirib ki, xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu amil nəzərə alınaraq respublikamızda uşaqların sağlam mühitdə böyüməsi, onların sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, müasir dövrdə uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. “Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürəcəklər, və müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayaraq rifah içində böyüyəcəklər. Çünki uşaqların uğuru, ölkənin inkişafıdır. Bizim vəzifəmiz gənclərimizin bilik və bacarıqlarının daha da artırılması istiqamətində səylərimizi birləşdirməkdir”, - deyə o qeyd edib.
Çıxışlardan sonra Təbliğat Qatarında uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı aparılmış müzakirələrdə kiçik sərnişinlərin irəli sürdükləri təkliflər səsləndirilib. Tədbir Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin ifasında tədqim olunan müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.
Günün sonunda “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı Bakıya yola düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət