Slimfit
  1. MEDİA

Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Sakura

Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyunun 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, PAŞA Holdinqin baş sponsorluğu ilə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq elmi konfransı keçirilib.

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olub. Konfransda dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri, alimlər iştirak ediblər.

Konfransın açılışından öncə tədbir iştirakçıları Ulu Öndərin Gəncədəki abidəsini, Nizami Gəncəvinin məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanış olublar.

Konfransın açılışında iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov, bu ilki konfransın çoğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını deyib. Rektor 3-cü konfransı əvvəlkilərdən fərqləndirən məqamlara diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edildiyini və konfransın ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirildiyini xüsusi vurğulayıb. Qazanılan möhtəşəm zəfərin regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər yaratdığını deyib.

Konfransın Nizami Gəncəvinin 880 illiyinə həsr olunduğunu diqqətə çatdıran professor Ədalət Muradov, cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib. Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.

Rektor sonda 2 təkliflə çıxış edib. Ağdamda yaradılacaq Qarabağ Universitetinin IV sənaye inqilabı tələblərini nəzərə alaraq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək, insan kapitalı formalaşdıracaq universitet olmasını, magistr və doktorantların növbəti IV beynəlxalq konfransının Ağdamda “Smart universitet”, rəqəmsal təhsil mövzularında keçirilməsini təklif edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirin Gəncə şəhərində keçirilməsinin xüsisu əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi və dahi şairin 880 illik yubileyi münasibətilə Gəncədə silsilə tədbirlərin keçirildiyini deyib. Niyazi Bayramov “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan beynəlxalq konfransın Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılması baxımından böyük rol oynayacağını diqqətə çatdırıb. Dinlənilən məruzələrin Gəncədə kiçik və orta biznesin inkişafına, postmüharibə dövründə əhalinin məşğulluğunun artırılmasına və yeni iş yerlərinin açılmasına təkan olacağını vurğulayıb.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını salamlayaraq, innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkərək, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. Nazir dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan nazir, IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib. Mikayıl Cabbarov Nizami Gəncəvi yaradıcılığının dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan tədqiqatlar sahəsində tükənməz xəzinə olduğunu da bildirib.

Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb: “Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. Nazir son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib: “Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.

PAŞA Holdinq Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb. Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirləri, təcrübə proqramlarını, əmək fəaliyyətinə cəlb olunmalarını xüsusi vurğulayıb. PAŞA holdinqin bundan sonra da təhsil layihələrini dəstəkləməyə davam edəcəyini deyib.

Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilib.

Sonda konfransın təşkilatçılarına göstərdikləri dəstəyə görə UNEC tərəfindən təşəkkür plaketləri təqdim olunub.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. İyunun 7-dək davam edəcək konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444    16 “Workshop”da 65 məruzələri dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək.

Konfransın məruzələr kitabı Harvard, Oxford, Yale, Stanford, Princeton, Columbia, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Qeyd edək ki, konfrans UNEC-in rəsmi Facebook səhifəsi, YouTube kanalında canlı yayımlanıb.


ganjanews az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR