Slimfit
  1. MEDİA

Gəncədə “Nizami Gəncəvi ili”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncədə “Nizami Gəncəvi ili”nə həsr  edilmiş  elmi-praktik konfrans keçirilib
Sakura

Gəncədə “Nizami Gəncəvi ili”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin,  Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  və  AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

Tədbirdə  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli,   Nizamişünas alimlər və xarici qonaqlar   iştirak ediblər.     

Əvvəlcə konfrans  nümayəndələri  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər  çiçəklər düzüblər.         

Daha sonra qonaqlar AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi 880” sərgisi  ilə tanış olublar. 

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 44  günlük Vətən müharibəsi şəhidlərinin  xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə öz işinə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbir iştirakçılarını salamlayaraq dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr olunan elmi-praktiki konfransın əhəmiyyətindən danışıb. O qeyd edib ki,   dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. 

Gəncə Şəhər İcra Hakimiyyəti  başçısının birinci müavini Səməd Tomuyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2021-ci ili  “Nizami Gəncəvi ili” elan etməsi dahi şairin irsinin daha dərindən araşdırılması və dünyada təbliği baxımından olduqca önəmlidir. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə, həm ölkədən kənarda, həm də Azərbaycanda silsilə tədbirlər keçirilir. Nizami yurdu da bu kimi yerli, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Səməd Tomuyev onu da vurğulayıb ki, bu kimi tədbirlər, Nizami Gəncəvi irsinin daha dərindən öyrənilməsi və təbliğinə böyük töhfə verəcəkdir. 

Akademik İsa Həbibbəyli  giriş nitqində deyib ki, “Nizami İli”nin elan olunması ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli mütəfəkkirlərin  tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi  diqqətin və böyük qayğının əməli ifadəsidir. Dahi şairin vətənində təşkil olunmuş elmi-praktik konfrans bunun  parlaq təzahürüdür.         

Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunun baş direktoru, akdemik Teymur Kərimli və  Avrasiya Yazıcılar Birliyinin sədri Yaqub Öməroğlunun və Nizamişünas alimlərin  şairin həyat və yaradıcılığı, dünya ədəbiyyatındakı yeri və rolu, Nizami Gəncəvi dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələri haqqında məruzələri dinlənilib.  

Konfransda dünyanın görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərinin Nizami Gəncəvi  haqqında fikirlərinin yer aldığı video-süjet nümayiş  olunub.

Tədbir çərçivəsində  qonaqlar Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini, daha sonra Nizami Gəncəvi Məqbərəsini və Nizami Muzeyini  ziyarət ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR