Gəncə Şəhər İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar
Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlarlarla görüşüb. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətində təcrübə keçən 30 könüllü iştirak edib.
Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub. Bu məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb. Şəhər rəhbəri bildirib ki, könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. O, gəncləri könüllük fəaliyyətlərini uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında bildirib ki, könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu faəliyyət həm gənclər, həm də Gəncə Şəhər İcra Hakimiyyəti üçün faydalı olub.
Gənclərin Gəncə Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə cəıb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. 30 gənc Gəncə Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərində könüllü fəaliyyətinə cəlb olunublar. 2 ay müddətində gənclər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər.
Görüşdə çıxış edən gənclər yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, 2 ay müddətində burada qazandıqları təcrübə onların gələcək fəaliyyətlərinə fayda verəcək.
Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət