Dərc edildi: Baxış sayı: 1749
“Gənc qızlarda süd vəzi xərçəngi sürətlə yayılır” – Türkiyəli cərrah səbəblərini və yollarını göstərdi
Süd vəzi xərçəngindən qorxan qadınlar illər öncə süd vəzilərini əməliyyat edib, rahat yaşaya bilər
MƏMƏ ONKOLOGİYASINDA YENİLİKLƏR
LİV Hospitalın süd vəzi onkoloji cərrahı Ertoğrul Qazioğlu BakuPost.az-a geniş müsahibə verib. O, hələ şiş yaranmadan süd vəzi xərçəngindən qorunmağın mümkün olmasından danışıb.
- Doktor, süd vəzi xərçənginin cavanlaşmasının səbəbi nədir? Gənc qızlarla yaşlı qadının müalicəsi arasında fərq varmı?
- Əslində, süd vəzi şiş menopouza yaşlarından başlayır, bunu öncədən belə bilirdik. Amma Azərbaycan, Türkiyə, Hindistan, Rusiya, Braziliya kimi inkişaf etməkdə olan, amma yanlış inkişaf edən ölkələrdə bəzi səhvlər üzündən məmə xərçəngi gənclər arasında geniş yayılıb.
Dünyada hətta 9 yaşında da süd vəzi xərçəngi olan qız uşağı var, 95 yaşında xəstə də.
Amerika, Avropa kimi ölkələrdə xərçəng riski də çoxdur, statistika da yüksəkdir. Amma gənc yaşda tutulanların sayı orada azdır. Bizdə isə əksinədir. Azərbaycanda da gənc yaşda məmə xərçəngi olan xəstələr getdikcə çoxalır...
Yanlış, plansız inkişaf edən, qida sistemi zərərli olan, ekologiyası çirkli olan ölkələrdə təəssüf ki, vəziyyət yaxşı deyil. Bir faktı deyim, Türkiyədə bütün məmə xərçəngi xəstələrinin yarısı 50 yaşdan aşağıdır.
Amma müalicə və əməliyyatda yanaşma yaşa görə az fərqlənir. Yaşama şansında isə yaşın önəmi yoxdur. Gənc yaşda şiş hüceyrələri daha aqressiv olur və sürətlə artır. Bu da hormonların aktivliyindən irəli gəlir.
Süd vəzi xəstəliyinin müalicəsində çox erkən, düzgün diaqnoz qoyulması əsasdır. Dünyanın inkişaf etmiş ölkələrində yeniyetmə və gənc qızların onkoloji skrininqi inkişaf edib. Hər kəs işini öncədən bilir.
Erkən diaqnoz xəstəliyin 1-ci mərhələdə tapılması deməkdir, yəni süd vəzidə sadəcə kiçik şiş var, qoltuqaltı və limfalara sıçramayıb.
Bu halda tam müalicə olunmaq, uzun müddət yaşamaq şansı 95%-dir.
Heç olmasa 2-ci mərhələdə yaxalansa, yenə də şansı çoxdur. Amma 3-cü dərəcədə olarsa, artıq rəqəm birdən birə 50%-ə düşür.
Biz kiməsə ömür kəsmirik. Ömür Allaha məxsusdur. Biz statistikaya əsasən deyirik.
Tibb elmində sağ qalma 5-10-15 illik dəyərləndirilir.
1-ci dərəcədə xəstə təqib olunmaq şərtilə 10-20 il tam normal ömür sürər.
2-ci dərəcədə 10 il maksimumdur.
4-cü son dərəcədə - 3-5 il dəyərləndirilir.
Bu da şişin orqanizmə nə qədər yayılmasından asılıdır.
Amma xəstələrimiz var ki, 2-3-cü dərəcədə müalicə etmişik, 5 ildir normal, xəstəlik geri qayıtmadan yaşayırlar.
- Uğurlu müalicə həkimdən asılıdırmı?
- Süd vəzi xərçənginin müalicəsi bir komanda işidir. Mən uzmanam, süd vəzi xərçəngi xəstəsini təkcə özüm müalicə edərəm demək yalandır. Elə bir şey yoxdur. Elə həkimlər var: əməliyyatını da özü edir, kimyaterapiyasını da. Bu, yanlışdır. Sən çox yaxşı cərrah ola bilərsən; əməliyyatını etdin, qalanı artıq digər mütəxəssislərin işidir. Onlar da çox peşəkar olmalıdır: radioloq, patoloq, onkoloq, plastik cərrah, psixiatr. Xəstə Məmə xərçəngi mərkəzində dəyərləndirilməlidir.
Çox gec mərhələ deyilsə, xəstənin ilk müalicəsi əməliyyatla başlayar.
Əməliyyat texnikası, şərtləri, yanaşma çox dəyişib, inkişaf edib. 10 il öncə süd vəzidə lap 5 mm şiş olsun, dərhal süd vəzi tamam götürülürdü. İndi isə maksimum orqan saxlama əməliyyatı olunur.
YALNIZ ŞIŞ ÇIXARILIR, ƏMƏLIYYAT ZAMANI ONKOPLASTIK CƏRRAH SÜD VƏZI TOXUMALARINI ELƏ YIĞIR KI, SÜD VƏZI NORMAL HALINDA QALIR, BAXSA BILMƏZ KI, ƏMƏLIYYAT OLUNUB.
Bəzi xəstələrdə süd vəzi içində bir neçə ədəd şiş olur, bütün məməni tutur. O şişləri götürdükdə, süd vəzi pis hala düşür. Əgər şiş dərini korlamayıbsa, elə eyni əməliyyatda məmə içini tam boşaldıb, yerinə silikon qoyulur. Xəstə oyandığında süd vəzisini yerində görür, bu da ona çox böyük psixoloji dəstəkdir.
- İllər öncədən, hələ uşaq ikən süd vəzi xərçənginə yoluxacağını necə bilmək olar?
- Süd vəzi xərçənginin çox hissəsi genetik səbəblərdəndir. Bir ailənin 1-2-ci dərəcəli yaxın qohumlarında süd vəzi xərçəngi olubsa, o ailənin qadın üzvlərinə xəstəliyi gözləmədən genetik test olunmalıdır. Test 10-12 yaşından belə qız uşaqlarına oluna bilər.
LİV hospitalda genetik test paneli var.
Genetik test pozitiv çıxarsa, xəstədə gələcəkdə süd vəzi xərçəngi olma ehtimalı 80-85%-dir. Bu durumda o qızı gələcəkdə xəstəliklə baş-başa qoymamaq üçün hələ xəstəliyə tutulmadan hər iki süd vəzi birdən boşaldılır, yerinə silikon, ya da başqa toxuma qoyulur.
- Bəs gənc qızlara bir az zaman verə bilirsizmi? Ailə qursun, ana olsun, uşaqlarını əmizdirsin, sonra süd vəziləri alınsın. Buna imkan varmı?
- Bəli, xəstənin istəyinə görə ola bilər. Bu halda həkim zəmanət vermir ki, o ailə qurana kimi, hətta ana olduqdan dərhal sonra şiş yaranmayacaq. Hər an hər şey ola bilər. Tibbin məsləhəti 18 yaşında da olsa, bir an öncə riskli süd vəzilərini xəstədən uzaqlaşdırmaqdır. Xəstə bu şərtləri qəbul edirsə, seçim onun.
Elə bir pasiyentim oldu: zaman istədi, əkiz övladları oldu. Sonra gəlib süd vəzilərini aldırdı.
O pasiyentlər daim təqibdə olmalıdırlar.
Amma süd vəzinin alınması qadının hamilə olmasını əngəlləməz. Qadının həyatı önəmlidir. Uşağa süd verib-verməməsi önəmli deyil. Uşaq süni qidalar da yeyə bilər. İrəlidə olub-olmayacağı bəlli olmayan uşağa nə vaxtsa süd verəcək deyə oturub gözləmək də düzgün deyil. Xərçəngsiz yaşamaq istəyirsə, testdən dərhal sonra süd vəziləri alınsa yaxşı olar. Bunları hər xəstə ilə fərdi müzakirə edirik. Yenə də qərar xəstənin..
Mənim məsləhətim, dərhal əməliyyatdır.
Biz artıq Türkiyədə belə əməliyyatlar çox edirik. Razılaşanlar çoxdur, bu da sevindiricidir.
AMERIKADA SÜD VƏZI XƏRÇƏNGI QORXUSU O QƏDƏR ÇOXDUR KI, QADINLAR HƏTTA TESTSIZ BELƏ ÖNCƏDƏN SÜD VƏZILƏRINI ALDIRIB, RAHAT YAŞAYIRLAR. Xərçəngdən çox qorxan, fobiyası olan qadınlar önləyici əməliyyat edir.
- Süd vəzi əməliyyatında hansı yeniliklər var?
- Son yenilikdən biri odur ki, artıq qoltuqaltı limfalar da qorunur. Əməliyyatda özəl radioaktiv maddə vurulur. O maddə qoltuqaltında limfaları boyayır. Əməliyyatda kamera ilə baxıb, ilk bir iki limfanı çıxarıb, patoloji analizə göndəririk. Əgər orda şiş hüceyrəsi tapılmasa, digər limfalara toxunmuruq. Bu, 100 % dəqiq metoddur. Boşuna limfa vəzlərini çıxarmırıq. Limfalar insan üçün çox önəmlidir.
- Süd vəzi xərçəngi əməliyyatı olan, müalicə alan insan əlil hesab olunurmu? Müalicədən sonra işləyə bilərmi?
- 1-2-ci mərhələdə yaxalanan xəstə müalicədən sonra normal insanlar kimi olar. Necə ki, insan qrip olur, 10 günə sağalıb işinə dönər. Xərçəngin də müalicəsi 5-6 ay sürər, sonra tam normal işinə dönə bilər. Amma vücudunda çox sıçrama varsa, o artıq təqib olan xəstədir, onun müalicəsi çətindir.
- 4-cü dərəcədə çox yerə metastaz vermiş xəstəni də əməliyyat edirsizmi? Süd vəzi götürülürmü?
- Xeyr. Burda süd vəzi əməliyyatı olunmaz. Sümüyə, ağciyərə yayılmış xəstənin tam müalicə şansı yoxdur. Süd vəzini götürsək də, xəstəlik davam edəcək. Belə xəstəni çoxları boşuna əməliyyata alır. Amma niyə bilmirəm? Xəstəyə artıq xərc və əziyyətdir.
- Şiş neçə müddətə orqanlara metastaz verir, bunu hesablaya bilirsiz?
- Hər xəstədə fərqlidir. Onu tam bilmək olmur. Süd vəzi xərçənginin alt tipləri var. Hormon reseptorları baxılmalıdır. Böyümə faktorları.
Bu parametrlərə baxaraq bilirik ki, sürətlə yayılandır, yoxsa ləng. Ona uyğun da müalicə seçilir.
Bütün qadınlara süd vəzisində heç bir şiş, ağrı olmasa da ildə bir dəfə mütləq mammoqram çəkilməsini vacib bilirik. Süd vəzi xərçəngi hüceyrə səviyyəsində başlayır, sonra kütləyə çevrilir. 1 ildə 1 sm böyüyə bilər. Bu gün mammoqrafiya çəkdiz, təmiz çıxdı, amma 10 gün sonra hüceyrələrdən şiş yarandı. Növbəti mammoqrafiyə qədər o şiş 1 sm böyüyəcək. Növbəti müayinədə o 1 sm-lik təbii ki görüləcək, xəstə üçün yenə də erkən dönəmdə yaxalanmaq şansı oldu. Amma heç mammoqrafi etməsə, ya 4-5 ildən bir getsə, o 1 sm-lik şiş böyüyüb qoz boyda olacaq. Hətta 7 il ərzində bütün süd vəzini belə tutur, o zaman qadın sinəsində nəsə törəmə hiss edər.
Süd vəzi xərçəngi əksərən ağrı vermədiyi üçün insanı aldadır.
Elə süd vəzi xərçəngi var ki, qızartı, ekzema kimi başlayır, qaşınır. Xəstə dermatoloqa gedir, o da ona dəri məlhəmləri yazır. Burdan da vaxt gedir. Ta ki, şiş böyüyüb, yayılır.
Ona görə deyirik, əgər qadının süd vəzisində qızartı, xırda sızanaq belə varsa, 1 həftə ərzində getməzsə, dərhal mammoloqa müraciət etməlidir. Artıq şübhələnmək lazımdır.
- Uşaq əmizdirməmək xərçəng riski yaradırmı?
- Ümumiyyətlə, qadın cinsində olmaq artıq risk deməkdir. İkincisi qadının 50 yaşı keçməsi böyük riskdir.
Genetik və irsi səbəblər əsasdır.
Bir də qadın hormonu ekstrogenin günahı böyükdür. Bir qadın həyatı boyu nə qədər çox bu hormona məruz qalırsa, irəli yaşda məmə xərçəngi olma riski çoxdur. Bu hormonun hücumuna məruz qalma nə deməkdir: çox erkən yaşda menstruasiya olmaq; gec yaşda menopauza görməsi; hamiləlik əleyhinə dərmanların qəbulu; uzun müddət hormonal terapiya alan qadınlar da risk qrupuna daxildir.
Amma uşaq əmizdirmək ayrı mövzudur. Qadının süd vəzisi niyə yaradılıb, rolu nədir: uşaq əmizdirmək. Süd vəzisi bir bədən orqanı, göstəri və estetik bir görünüş üçün deyil. Qadın ana oldusa, uşağı əmizdirməlidir. Bundan imtina etmək bir təbiət, yaradılış qanunlarına ziddir. Məmə toxuması əmizdirməyənə qədər tam olğunlaşmır. Olğunlaşmadığı üçün də toxumalar arasında mutasion hüceyrələr yaranır. Ona görə uşaq əmizdirməyən qadınlarda bir az daha çox süd vəzi xərçəngi rastlana bilir. Amma yenə də bu birinci səbəb deyil, səbəblərdən biridir.
- Hansı diqqətdən qaçan əlamətlər var ki, qadınlar bunlara diqqət yetirməlidir?
- İlkin əlaməti: gilədən axıntı, qan rəngli axıntı, dəridə istənilən dəyişikliklər: qaşıntı, gilənin içəri batması, süd vəzinin özündə içəri doğru çökəklər, səpki, portağal qabığı effekti, şişkinlik. Bunlardan birinin olması xəstəni şübhələndirməlidir.
Qadınlar, qızlar süd vəzi xərçəngindən qorxmasınlar. Xəstəliyin tapılmasından yox, gec tapılmasından qorxmaq lazımdır. Müayinələri bu qorxudan gecikdirməsinlər. Lap başda diaqnoz olunsalar, o zaman xəstəlikdən tamam qurtula bilərlər.
Aygün Musayeva
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət