Gədəbəydə mineral süfrə suları istehsalı müəssisəsi yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Gədəbəy rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 897 sahibkara 126,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9200-dək yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6843 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,3 milyon manat güzəştli kredit ayrılıb.
İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, üzümçülük, bağçılıq, mebel, mineral süfrə suları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Gədəbəy rayonunun Miskinli kəndində dövlətin güzəştli krediti ayrılan və ildə 16 milyon litr süfrə suları istehsal etmək gücündə olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərə baxış keçirilib. Hazırda müəssisəyə su mənbəyindən 18 km uzunluğunda boru xətti çəkilib, tutumu 200 ton olan olan su deposunun tikintisi başa çatdırılıb. Müəssisədə istehsal ediləcək mineral süfrə sularının yerli bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət