Futbolda yeni era: Azərbaycanı AVRO-2020-yə aparan yol
Ötən gün UEFA-nın yeni turniri Millətlər Liqası start götürüb.
Oxu.Az xəbər verir ki, ümumilikdə 55 komanda Avropa çempionatına düşmək uğrunda mübarizə aparacaq.
Millətlər Liqası haqda rezüme
Millətlər Liqası təşəbbüsü hələ Mişel Platini UEFA prezidenti olan vaxt ilk dəfə ortaya atılmışdı. Belə bir turnirin yaradılmasında məqsəd Avropadakı azarkeşlər üçün o qədər də maraq daşımayan, daha çox məşqçilərin futbolçularını sınaması üçün nəzərdə tutulan yoxlama oyunlarını əvəzləmək idi.
Belə ki, artıq komandalar yoxlama oyunları əvəzinə Millətlər Liqası turnirində iştirak edirlər. Bu turnir komandaların reytinqinə görə dörd diviziona bölünüb: A, B, C və D. Hər divizionun qalibinə 2020-ci ildə dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq imkanı verir.
Bu isə artıq yeni maraq deməkdir. İndi həm futbolçular meydana daha motivasiyalı çıxır, həm də azarkeşlər stadionlara gərgin keçəcək qarşılaşmaları izləmək üçün gəlir.
Qurban Qurbanovun rəsmi debütü
Azərbaycan millisi də Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi oyununa bu gün bu turnirdə çıxacaq. Komandamızın Avropada reytinqi aşağı olduğundan, sonuncu – D divizionunda qərarlaşıb. Rəqiblər Kosovo, Malta və Farer adalarıdır.
Təbii ki, millimizin bəzi oyunları ölkəmizdə keçiriləcək Avropa çempionatında iştirak etməsi üçün bundan gözəl şans ola bilməz. Onsuz da bu turnirin yaradılmasında həm də digər məram ondan ibarətdir ki, Azərbaycan millisi kimi böyük futbol yarışlarından kənar qalan komandalar da həmin həyəcanı yaşasın. Buna görə də komandamız bu oyunlara xüsusi yanaşır.
Millimizdən nə gözləyək?
Qurban Qurbanovun millisi Avropa çempionatına birbaşa vəsiqə qazanmaq üçün tək qrup qalibi olmaqla kifayətlənməli deyil. Qrup yarışları noyabrın 20-də yekunlaşacaq. Komandamız qrupda ilk sıranı tutsa, dekabrda püşkatmaya qatılacaq. Püşk komandamıza D divizionunun digər üç qrupunun qaliblərindən birini yarımfinalda rəqib salacaq. Gələn ilin iyununda yarımfinal mərhələsini və daha sonra finalda qalib olsaq, ilk dəfə qitə birinciliyinə vəsiqə qazanacağıq.
Rəqiblərimizdən Malta və Farer adalarını millimizin dişinə görə komandalar adlandırmaq olar. Kosovo isə UEFA və FIFA-ya yeni üzv olduğundan, reytinqdə aşağıdadır və bu üzdən məhz D divizionunda mübarizə aparır. Lakin bu komandanın heyətinə baxdıqda, ehtiyat qapıçıları istisna, oyunçularının hamısının Avropada çıxış edən legionerlər olduğunu görə bilərik. Deməli, bu qrupda ən ciddi rəqibimiz elə Kosovodur. Həmçinin digər iki rəqibi də unutmamalıyıq. Onları "cırtdan milli" adlandırsaq da, hər iki komandanın bizim kimi birbaşa Avropa çempionatında iştirak etmək şansı olduğundan, meydana bütün güclərini qoyub çıxacaqlar.
Bu üzdən hazırda baş məşqçi Qurban Qurbanovdan çox şey asılıdır. O, komandamızın futbolçularını bu rəqiblərlə oyunlarda arxayınlaşmamağa və hər oyuna final matçı kimi yanaşmağı təlqin edə bilsə, sözsüz ki, yığmamız bu qrupdan lider kimi çıxa biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət