Slimfit
  1. DÜNYA

Fransız milyarder 100 milyard dollar sərvəti necə toplayıb?

Fransız milyarder 100 milyard dollar sərvəti necə toplayıb?
Sakura

Fransız milyarder 100 milyard dollar sərvəti necə toplayıb?

“Dior” və “Louis Vuitton”ın sahibi “yox” sözünü qəbul etməyən və uduzmağı xoşlamayan biri kimi tanınır. 

Bu xüsusiyyətlər Bernar Arnoya moda imperiyası qurmağa imkan verib. Yaratdığı markalar fransız dəbdəbəsinin rəmzinə çevrilir və sahibkara 100 milyard dollarlıq sərvət gətirir. Məşhur fransız mütəmadi olaraq ən böyük markalarının maliyyə göstəricilərini izləyir. Bu xüsusilə konqlomeratın “pul maşını” hesab olunan “Louis Vuitton”a aiddir. Analitiklərin fikrincə, mənfəətin 47%-i və “LVMH”nin 2018-ci il üçün gəlirlərininin dörddə biri “Louis Vuitton”ın payına düşür. LVMH beş əsas bölməsinin maliyyə hesabatlarını dərc edir, lakin ayrı-ayrı markaların fəaliyyətini açıqlamır. 

“Louis Vuitton”un heç vaxt topdan və ya endirimlə satmadığı çantalar, geyim və akssessuarlar klassika və müasirliyin vəhdətidir. Bernar Arno bildirir ki, “Louis Vuitton” və “Christian Dior” kimi markaların sirri bundadır ki, onlar zamanın hüdudlarından kənarda bir yerdədir və həmişə müasirdir.Su və atəş kimi. 

Şirkətin bu paradoksu sayəsində Fendi, Bulgari, Dom Pérignon, Givenchy və digər markaları (ümumilikdə 70-dən çox) birləşdirən LVMH qrup şirkətlər rekord satış və qazanc əldə edib. Bu, dörd ildə təxminən üç dəfə artan LVMH səhmlərinin dəyərinin bir az da artmasına səbəb oldu. Bernar Arno doğmaları ilə birlikdə şirkətin 47%-nə sahibdir. Onun sərvəti hazırda 102 milyard dollar dəyərində qiymətləndirilir. Yəni, 2016-cı ildəkindən 68 milyard dollar daha çox. O, Ceff Bezos (110 milyard dollar) və Bill Qeytsdən (106 milyard dollar) sonra dünyanın ən varlı insanların reytinqində üçüncü yeri tutur. 

Hətta 70 yaşında da Arno uğurları ilə kifayətlənmir. Oktyabr ayının sonunda LVMH məşhur zərgərlik markası “Tiffany”nin alınması haqqında danışıqların başlandığını açıqlayıb. Arno 182 illik tarixi olan Amerika zərgərlik markasını əldə etməyi planlaşdırır. Bu müqavilə baş tutsa, “Tiffany” Bernar Arnonun ən böyük alışı olacaq. 

“Bizi Microsoft ilə müqayisə etsəniz, demək olar ki, şirkətimiz elə də böyük deyil.” 

“Həqiqətən də, texnologiya nəhənginin bazar dəyəri 1,1 trilyon dollar təşkil edir. Bu məbləğ 214 milyard dollar təşkil edən LVMH maliyyələşməsini əhəmiyyətli dərəcədə üstələyir. “Lakin bu, sadəcə başlanğıcdır” 

Arno karyerasına Fransanın şimalında başlayıb. Milyarderin ilk eşqi musiqi olsa da dahi pianoçu olmağa istedadı kifayət etməyib. Odur ki, 1971-ci ildə elit fransız universitetində mühəndis təhsili aldıqdan sonra babasının Rub şəhərində təsis etdiyi inşaat şirkətində atası ilə birlikdə işləməyə başlayır. Elə həmin il Nyu-Yorkda taksi sürücüsü ilə söhbətindən ona aydın olur ki, amerikalılar Fransa prezidenti Corc Pompidudan daha çox Kristian Dioru tanıyırlar. Bu fakt Bernarın gələcək karyerasına təsirsiz ötüşmür. 

25 yaşında Arno artıq ailə biznesinə başçılıq edirdi. 1981-ci ildə sosialist Fransua Mitteran Fransa prezidenti seçildikdən sonra Bernar Arno ABŞ-a köçür. Orada ailə şirkətinin şöbəsini açmağa çalışır. Lakin onun hədəfi inşaat sektorunun hüdudlarından kənara çıxmaq idi. Onun genişləndirə biləcəyi bir layihəyə ehtiyacı var idi. Bu layihə fransız kökləri və beynəlxalq iştirakı ehtiva etməli idi. 1984-cü ildə Christian Dior brendinin satışa qoyulduğunu öyrənən Arno dərhal onu almaq qərarı verir. “Dior”un ana şirkəti olan “Boussac” müflis olur və fransız hökuməti ona təcili surətdə alıcı axtarır. Arno ailə kapitalının 15 milyon dollarını sərf edərək və “Boussac”ın xilasına 80 milyon dollar yatırmış “Lazard Frères” investisiya şirkətini cəlb edərək şirkəti alır. Qəzetlər yazırdı ki, Arno ilk əvvəl istehsal prosesini yeniləməyə və iş yerlərini saxlamağa söz vermişdi. Ancaq sonra 9000 işçini qovdu və aktivlərin böyük hissəsini 500 milyon dollara satdı. Bu davranış hər kəsi təəccübləndirdi. Çünki o, bir fransız kimi deyil, amerikalı kimi hərəkət etmişdi. Mətbuat onu “kaşmir geyinmiş canavar” adlandırdı. 

Arnonun növbəti hədəfi Louis Vuitton konqlomeratı “Moët Hennessy”ə məxsus olan Dior ətriyyat bölməsi idi. LVMH markalarının liderləri daim öz aralarında rəqabət aparırdı və Arno bundan mənfəət əldə etməyi qərara aldı. İki biznesmenin arasındakı gərginlikdən istifadə edərək ikisindən də yaxasını qurtardı və konqlomerat üzərində nəzarəti ələ keçirdi. Konqlomeratın tərkibinə məşhur fransız şərabı istehsalçısı “Moët & Chandon” və 1765-ci ildə qurulmuş fransız konyak istehsalçısı “Hennessy” daxil idi. 

Hiyləgər gedişlərlə “Louis Vuitton” rəhbərliyini ələ keçirdikdən sonra Arno Avropanın aparıcı moda və ətriyyat şirkətlərini əldə etmək üçün milyardlarla dollar xərclədi. 2008-ci ildən bəri LVMH 20 marka alıb, nəticədə indi oraya 79 şirkət daxildir. 2011-ci ildə LVMH italyan zərgərlik markası Bulgari üçün təxminən 5 milyard dollar (əsasən səhmlərlə) ödəmişdi. İki il sonra italyan yun və kaşmir geyimləri istehsalçısı “Loro Piana”nı 2,6 milyard dollara öz tərkibinə qatdı. Rusiya prezidenti Vladimir Putinin əynində bu markaya aid olan geyim və akssessuarlar dəfələrlə görülüb. LVMH Venesiyadakı Cipriani Otelini, lüks Orient Express qatarlarını və Botsvanadakı üç safari otelini ehtiva edən Belmond qrupu (Londonda yerləşir) üçün 3,2 milyard dollar ödəyib.

Lakin milyarderin bəxti həmişə gətirməyib. 2001-ci ildə o, əsas rəqibi Fransua Pinoya məğlub olur. Əfsanəvi italyan moda evi Gucci üzərində nəzarəti “Hermès” qazandı. KİV onların mübarizəsini “çantaların müharibəsi” adlandırmışdı. Sonrakı on il ərzində LVMH hec fondu taktikalarından istifadə edərək ipək şarflar və “Birkin” çantaları istehsal edən 182 illik “Hermes” şirkətinin səhmlərini gizli şəkildə satın aldı. Bu şəkildə hərəkət edən Arno 17% səhm əldə edə bildi. Lakin Hermes rəhbərliyi ilə 2017-ci ilə qədər davam edən bu soyuq müharibədə LVMH məğlub oldu və şirkətdəki payının böyük qismindən imtina etdi. 

Dünya şöhrətli fransız idman formasını tennislə məşğul olaraq qoruyub saxlayır. Həftədə dörd saat tennis oynayaraq iş yorğunluğunu da atmış olur. Hal-hazırda Parisdə Sena çayının sol sahilində XVII əsrə aid bir malikanədə yaşayır. Şənbə günlərində Arno LVMH markalarına məxsus mağazaları dolaşır və satış məsləhətçilərinə vitrin tərtibatı ilə bağlı tövsiyələr verir. Frederik Arno bildirir ki, atası bir səhər ərzində 25 butiki ziyarət edə bilir. Bu, Bernar Arnonun ritualı imiş. Biznesmen həm şirkətə, həm də rəqiblərinə məxsus butikləri gözdən keçirməyi sevir. 

Hər ay minimum bir dəfə Arno “Bombardier”ində öz moda imperiyasının müxtəlif uzaq guşələrinə baş çəkir. Oktyabrda balaca Texas şəhərciyində ABŞ prezidenti Donald Trampla birlikdə “Louis Vuitton”un iki yeni fabrikindən birinin təmtəraqlı açılışını edib. Qarşıdakı beş il ərzində orada min iş yeri açılması planlaşdırılır. Jurnalistlərin Tramp haqqında suallarına isə bu şəkildə cavab verib:

“Mən buraya Trampın siyasi kursunu müzakirə etməyə gəlməmişəm. Ümumiyyətlə, siyasətdən uzağam”. 

LVMH kolleksiyasının eksponatlarını şirkətin flaqman mağazalarında və Parisdə Frenk Qerrinin üzərində işlədiyi Louis Vuitton Muzeyində görmək olar. Muzeyin inşası konqlomerata 135 milyon dollara başa gəlib. 

“LVMH”nin coğrafiyası heyranedicidir: 68 ölkədə 4590 mağaza. Ancaq yeni mağazalar açmaq və ya köhnələrini bağlamaq məsələsi nəinki kvadrat metrə görə satış göstəricisindən, həmçinin Arnonun altıncı hissindən və mağazanın yerləşməsindən asılıdır. Konqlomerat üçün ən vacib bazarlardan biri olan Çində Arno LVMH inkişaf tempinə nəzarət etmək üçün Louis Vuitton mağazalarının sayını bilərəkdən məhdudlaşdırır. Keçən il şirkət rəhbərliyi Florida ştatında yerləşən Fort-Loderleyl şəhərindəki mağazasını sırf ona görə bağlayıb ki, qonşuluqdakı mağazalar və restoranlar kifayət qədər cəlbedici deyil. 

2017-ci ildə LVMH müğənni Rihanna ilə birlikdə Fenty Beauty kosmetika markasını yaradıb. Məhsullar “LVMH”yə məxsus olan Sephora şəbəkəsinin 2600 mağazasında satılır. May ayında LVMH Fenty Fashion markasını təqdim edib. Milyarder inanır ki, Rihannanın geyimləri onun kosmetikası qədər məşhur olacaq. “Rihanna dəb mövzusunda fərqli düşüncə tərzinə sahibdir. Uzunmüddətli dövrdə bu, bizim üçün çox xeyirlidir, çünki milleniallar hər şeyi bəyənirlər”, — deyib. Varlı milleniallar Bernar Arnoya Bill Qeytslə rəqabətdə kömək edir. 

Markaların öz aktuallığını itirməməsi üçün Arno hər iki nikahdan olan övladları ilə də məsləhətləşir. Onların dördü “LVMH“da çalışır: Delfina(44 yaş), Antuan(42 yaş), Aleksandr(27), Frederik (25 yaş). Aleksandr Arnonun sözlərinə görə, biznesmenin 21 yaşlı kiçik oğlu Jan da təhsilini bitirdikdən sonra ailə biznesinə qoşulacaq. Bernar Arnonun uşaqları yekdil şəkildə iddia edir ki, ataları hələ çox gəncdir və uzun müddət LVMH başçısı olaraq fəaliyyət göstərəcək. Lakin bəzi mənbələr əmindir ki, qoca Arno təqaüdə çıxan kimi taxt-tac savaşları başlayacaq. 

Bernar Arno hansı övladını öz yerinə qoyacağını açıqlamır. Əvəzində onların istedadlarını sadalayır. Məsələn, Frederik “iPhone 11”də List sonatasını ifa edir, musiqiçi anası ilə birlikdə konsertlər verir. 

Milyarder vurğulayır: “LVMH — Fransanı dünyada tərənnüm edən abidədir. İnsanlar Louis Vuitton, Christian Dior, Dom Pérignon и Cheval Blanc adlarını əzbər bilir. Çoxu Fransa dedikdə ancaq Napoleon və general Şarl de Qollu tanıyır. Ona görə də vacibdir ki, uzunmüddətli perspektivdə konqlomerat fransız ailəsinin nəzarəti altında olsun”. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR