Fransanın Azərbaycana qarşı sanksiya şousu Parisin Qafqaz siyasətinin iflas göstəricisidir - RƏY
Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi heç bir əhəmiyyətli siyasi-hüquqi nəticə doğura bilməz, əksinə, bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Fransanın isterikası Parisin Bakı qarşısında nə qədər aciz qaldığını, artıq sağlam və səbatlı qərar verə bilməyərək hətta özünə zərər vurmağa başladığını nümayiş etdirir.
"Sirr deyil ki, Fransanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistan və Gürcüstanla birgə dövriyyəsindən xeyli çoxdur. Bu mənada, Parisin mümküm "sanksiyası" ilk növbədə elə özünün maraqlarına zərbədir və Makron Azərbaycanı yox, məhz Fransanın Cənubi Qafqazdakı ticari mənafelərini hədəfə almış olur. Digər tərəfdən, əgər iqtisadi əlaqələri ehtiva edən sanksiyalardan söhbət gedirsə, sirr deyil ki, Parisin Orta Asiyaya artan marağı, xüsusən, Qazaxıstanın yalnız yerüstü nəqliyyatla daşına bilən uran ehtiyatlarının nəqli məsələsində Fransa üçün Azərbaycan açar ölkədir. Son dövrlər Fransa siyasəti üçün ənənəvi hal alan bu müdrik olmayan davranış, Makron rejimi və Senatının səbatsız gedişləri ucbatından əslində elə Parisin özünün çıxılmaz vəziyyətə düşəcəyi indidən şübhə doğurmur.
Bu gün Fransanın mövcud olmayan separatçı bir rejimin adını rəsmi sənədlərə salması, dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri başda olmaqla, beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Hətta Ermənistanın özünün Azərbaycanın yaratdığı yeni reallıqla barışması, sülh prosesinə dair müzakirə sənədlərində Qarabağın adının çəkilməməsi, ümumiyyətlə, Qarabağ adlı bir problemin qalmadığını etiraf etməsi halında Fransanın bu vəziyyətlə barışmaması sadəcə absurddur", - deputat qeyd edib.
Onun fikrincə, Fransa bu kimi addımlarla Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə kölgə salmaqla özünün beynəlxalq hüquq düşməni - militar neoimperialist simasını bir daha ifşa edir: "Amma dəyişməyən bir reallıq var, istər Ermənistanın havadarı kimi döyüş meydanında, istər BMT Təhlükəsizlik Şurası başda olmaqla, qlobal siyasi platformalarda, istər casus şəbəkəsinin ifşası fonunda təhlükəsizlik müstəvisində olduğu kimi, Fransanın sanksiya şousu da fiaskoya məhkumdur və özünün sonuncu aktivlərini xərcləyən Parisin geri addım atacağı müddət uzaqda deyil".
Qeyd edək ki, Fransa Senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi üçün qətnamə qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət