Slimfit
  1. CƏMİYYƏT

Formula-1 paytaxt sakinlərini əlavə xərcə salıb - Sərnişinlər niyə pulsuz daşınmır?

Formula-1 paytaxt sakinlərini əlavə xərcə salıb - Sərnişinlər niyə pulsuz daşınmır?
Sakura

Formula-1 paytaxt sakinlərini əlavə xərcə salıb - Sərnişinlər niyə pulsuz daşınmır?

Xəbər verdiyimiz kimi, 24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səbəb isə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsidir. "Azneft" dairəsində yolun bağlanması isə Bayıl, "20-ci sahə" və Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə gələn insanların işini çətinləşdirib. Üstəlik bu çətinlik mayın 2-dək davam edəcək.

Qeyd edək ki, hazırda həmin ərazilərdən paytaxtın mərkəzinə gəlib-gedən sərnişinlər üçün dövlət şirkəti olan "Baku Bus"a məxsus 5 və 6 saylı marşrut avtobusları fəailiyyət göstərir. Maraqlıdır ki, əvvəlki illərdə keçirilən Formula 1 yarışları zamanı avtobuslar sərnişinləri funikulyorunun qarşısındakı Bəhram Gurun heykəlinə qədər daşıyırdılarsa, hazırda avtobuslar Bakı İdman Sarayının qarşısına kimi hərəkət edirlər. Bu da piyadaların "İçərişəhər" metrosuna kimi yolunu daha da uzun edir. Təbii ki, bütün bunlar insanların mənzil başına gecikməsinə gətirib çıxarır.

Bayıl, "20-ci sahə" və Bibiheybətdə yaşayan və işləyən insanların narazılığı təkcə "Azneft" dairəsinin bağlı olması səbəbindən "İçərişəhər" metrosu ilə Bakı İdman Sarayı arasındakı məsafəni piyada gedib-gəlmək deyil, həm də onların ikiqat, üçqat, hətta taksidən istifadə edərlərsə daha çox yol xərcləridir. Vətəndaşlar bildirir ki, bir halda ki, dövlət Formula 1 yarışı üçün əhalinin yolunu bağlayıb, o zaman Bibiheybətlə "Azneft" arasında hərəkət edən marşrutlar sərnişinləri pulsuz daşımalıdır.

Bəs, görəsən sözügedən istiqamətdə sərnişinlərin pulsuz daşınması təşkil oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, belə qərarların qəbul edilməsi üçün dövlət qurumları vəziyyəti təhlil etməlidir, onlar bu işə baxmalıdır.

Onun sözlərinə görə, bununla bağlı vəziyyəti qiymətləndirmək üçün prosesin içində olmaq lazımdır:

"Eyni zamanda, nəzərə almaq lazımdır ki, nəqliyyat şirkətlərinin çoxu özəldir və dövlətin özünün deyil. Yəni dövlətin özünün olsa, buna baxmaq olar. Amma bu özəl şirkətlərdir. Ümumilikdə isə mən hesab edirəm ki, bu formula bir yarışları ilə bağlı hər il bizim vətəndaşlarımız nəqliyyatda əziyyət çəkirlər, çox ciddi tıxaclar olur. Bununla bağlı kompleks tədbirlərin düşünülməsi və nəqliyyat marşrutlarının işə salınması barədə düşünülməsi yaxşı olardı. Bu da məlumdur ki, nəqliyyat qiymətləri artıb və vətəndaşlarımızın da bir neçə maşın dəyişməsi, hər ailədən bir neçə nəfər harasa gedirsə, bu, az vəsait etmir. Ona görə düşünürəm ki, bu məsələ dövlət qurumları tərəfindən araşdırılaraq, əgər uyğun olsa, qərarlar qəbul edilə bilər və vətəndaşlarımızın bu kimi çətinlikləri aradan qalxsın. Bu gün faktiki olaraq, həqiqətən də vətəndaşlarımız bu məsələdən ciddi şəkildə əziyyət çəkirlər. Problemin həlli üçün biz düşünməliyik ki, necə olsun. Yəni əksər insanlarımız küçədə qalırlar, bəzən işə gecikirlər, vaxtında evə çata bilmirlər. Ona görə də bununla bağlı, çıxış yolunun tapılması üçün əlavə nə edə bilərik, hansı addımları atmalıyıq barədə düşünməliyik".

Nəqliyyat eksperti Aslan Əsədov isə qeyd etdi ki, Bakı şəhərinin, xüsusən cənub istiqamətindən girişindən şəhərə daxil olan sərnişinlər və əhali üçün müəyyən dərəcədə şərait yaradılmalıdır:

"Bu, ekspress avtobuslar vasitəsilə də ola bilər, pulsuz da ola bilər. Əgər beynəlxalq təcrübədə belə bir formul varsa və Formula 1 yarışları üçün Almaniyada təşkil olunubsa, biz niyə tətbiq etməyək? Xüsusən də bəli, o istiqamətlərdə gələn sərnişinlər ən azı iki və bəzən də üç marşrut dəyişirlər. Bunu birbaşa Dövlət Bayrağı Meydanı istiqamətindən "Sahil" metrosu stansiyasının yanına qədər etmək olar. Və yaxud müəyyən bir müddət Bakı şəhərində bulvar ərazisində hərəkət edən, gəzişən, istirahət edən sərnişinlər də hardasa belə bir addımı alqışlayarlar. Və şərait də yaradılar ki, bulvarın öz ərazisindən Formula 1-in hərəkət trayektoriyasına toxunmadan bir ekspress avtobuslar təşkil olunsun və müəyyən bir 15-20 dəqiqə intervalında mümkündür. Mən düşünürəm ki, bu il olmasa da, gələcək illərdə Bakıda əgər təkrar Formula 1 yarışları keçirilərsə, bu hal mütləq nəzərə alınmalıdır və yaxud biz onu Bakı Şəhər Halqası, oyun iştirakçılarının, təşkilatçılarının nəzərinə, diqqətinə çatdırmalıyıq".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, insanlar dövlətin, hökumətin verdiyi qərarlardan əziyyət çəkməməlidirlər:

"Formula 1-in keçirilməsi ilə bağlı qərar verilibsə, hökumət vətəndaşların minimum bundan diskomfort yaşamamasına çalışmalıdır. Və buna görə də marşrut avtobuslarında, hətta metronun da, həmin günlər pulsuz olması mümkündür. Azərbaycanın büdcəsinin və gəlirlərinin buna imkanı var. Amma bunu nədən etmirlər, bilmirəm. Açığı, bununla bağlı yəqin ki, Nazirlər Kabineti qarşısında məsələ qaldırmaq lazımdır. Lakin bunlar çox asanlıqla həll oluna biləcək məsələlərdir. Hətta qardaş Türkiyədə, Ramazan bayramlarında belə körpülərdən, metrodan istifadə pulsuz olur. Bizdə belə praktikadan çox nadir, demək olar ki, istifadə olunmayıb. Yəni Azərbaycan hökumətinin, Nazirlər Kabinetinin belə bir fürsəti və imkanı var. Tətbiq etsə, təbii ki, insanlar məmnuniyyətlə qarşılaya bilər".

Paytaxt sakini Aynur Əliyeva da hesab edir ki, dövlət hansısa idman yarışına görə öz vətəndaşlarını əziyyətə salmamalıdır:

"Formula 1 Bakıya gələndən bəri hər il çox əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də əlavə xərcimiz çıxır. Əgər dövlət Bakının mərkəzində belə bir maşın yarışı keçirirsə və yolumuzu bağlayıbsa, onda marşrutu pulsuz etsin, biz də marşrut, metro dəyişdiyimizə görə çox xərcə düşməyək. Bəzən məcbur qalıb taksi ilə gedirik. Təsəvvür edin ki, Bakı İdman sarayının qarşısında avtobusdan düşüb "İçərişəhər" metrosuna qalxana qədər adamın nəfəsi kəsilir. Bunun yaşlısı, xəstəsi var. Gərək hamını düşünələr. Ümumiyyətlə, şəhərin mərkəzində maşın yarışı nəyə lazımdır? Gedib Bakı Olimpiya Stadionunun yanında bir tras çəkib orda maşın yarışdırmaq olmur? Almaniyada marafon zamanı bütün nəqliyyatı pulsuz edirlər ki, bəs, əhalinin yolunu əlindən almışıq. Biz niyə bunu etmirik ki? Onsuz da marşurut qiymətləri də bahadır. Bir tərəfdən də Formula 1-ə görə ikiqat, üçqat ziyana düşürük. Səbailin deputatı Nigar Arpadarai özü Formula 1-də işləyib. İndi bir deputat kimi biz Səbail sakinlərinin çəkdiyi əziyyətləri niyə hökumət qarşısında qaldırmır?".

Qeyd edək ki, məsələ ilə bağlı Bayıl, "20-ci sahə" və Bibiheybət qəsəbələrinin daxil olduğu Səbail rayonundan deputat Nigar Arpadarainin də mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə və votsapa göndərdiyimiz sualımıza cavab vermədi.

Bakı Nəqliyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirdi ki, təmsil etdiyi qurum sözügedən ərazidə sərnişinlərin pulsuz daşınması barədə qərar vermək səlahiyyətində deyil: "Bu qərarı BNA qəbul etmir".

Mövzu ilə bağlı Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR