Slimfit
  1. CƏMİYYƏT

“FM radioları tezliklə tarixə qovuşacaq...” - RƏSMİ

“FM radioları tezliklə tarixə qovuşacaq...” - RƏSMİ
Sakura

“FM radioları tezliklə tarixə qovuşacaq...” - RƏSMİ

Ens.az xəbər verirki,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Rahid Ələkbərli “Teleqraf.com”un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Rahid müəllim, Dövlət Radiotezliklər İdarəsinin yaranma məqsədi, əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

– Dövlət Radiotezliklər İdarəsi ölkədə mülki məqsədlərlə ayrılmış radiotezlik resurslarının spektr idarəetməsini, uçotunu və onların istismarına nəzarəti həyata keçirir. Tezliklərin ayrılması üçün Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası fəaliyyət göstərir.

Dövlət Radiotezliklər İdarəsi ayrılmış tezlikləri qeydiyyata alır və efirdə istismarına nəzarət edir. Biz həmçinin rəqəmsallaşma və yeni texnoloji trendlərin ölkəyə nüfuz etməsi, texnoloji inkişafın tənzimlənməsi, istifadəçilərin qlobal transformasiyaya uyğunlaşmasına müəyyən şəraitin yaradılmasında radiotezlik resursları istifadəçilərinə müəyyən dəstək veririk.

– Yeri gəlmişkən, sizcə, FM radionun gələcəyini nə gözləyir?

– Ümumiyyətlə, informasiyanın yayılması üçün istifadə olunan texnologiya təkcə FM radio yayımlardan ibarət deyil. Bu sahədə bir sıra müasir texnologiyalar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafını nəzərə alsaq, görərik ki, beynəlxalq aləmdə informasiyanın çox az hissəsi FM radio yayım üzərindən ötürülür. Bu istiqamətdə dünyada mühüm inkişaf prosesləri gedir və qlobal transformasiyanın bir hissəsi təbii ki, Azərbaycanı da əhatə edir.

Əslində radioya marağın azalmasında bir neçə faktor var. Birincisi, FM radioların özləri texnoloji olaraq köhnəlib. Artıq FM radio yayım texnologiyasının 100 yaşı tamam olacaq. Çünki hər transformasiyada radiotezlik spektrindən daha məhsuldar istifadə edilməsi məqsədilə yeni texnologiyalar işlənilir.

Beynəlxalq təcrübədə rəqəmsal radio yayımlar bir neçə texnoloji istifadə bazasında həyata keçirilir. Bunlardan biri də DAB (Digital Audio Broadcasting) texnologiyasıdır. Əgər biz bir tezlikdə bir radionu dinləyə biliriksə, bu texnologiya sayəsində bir kanalda daha çox radioların yayımlanması mümkün olur.

Artıq ölkəmizdə də DAB texnologiyasının test sınaqlarına və yayımına başlanılıb. Amma bu yeniliyi qəbul edən cihazlar tam kütləviləşməyib.

– Bəs Azərbaycanda yerli radiolar niyə azdır? Radioya marağın azalması tək Azərbaycana məxsus hal hesab olunur, yoxsa başqa ölkələrdə də bənzər problem var?

– Bu problem təkcə Azərbaycana xas deyil. Bütün dünyada FM radio yayımçıları radiolara marağın azalmasından şikayətçidirlər. Bu problemin araşdırılması məqsədilə qlobal sorğular keçirilir. Rəyi soruşulan 42 faiz respondent FM radionu ancaq avtomobildə dinləməyə vaxt tapdığını deyib. Bu respondentlərin 37 faizi isə avtomobildə multimedia və digər audiomedia texnologiyalarının çox olduğunu və FM radionu dinləmək üçün vaxt qalmadığını bildirib.

Yeni informasiya cəmiyyəti insanları həmişə əlçatan kontentə yönəltməyə çalışır. İnsanlar hansısa maraqlı bir proqramın yayım saatını gözləmək istəmirlər. Bilirlər ki, boş vaxtlarında hansısa sosial mediada proqramın təkrarını izləyə biləcəklər. Çünki insanlar vaxtını çox sıxlaşdırıb.

Biz istəyirik ki, universal olaq, həmişə kontent əlimizin altında olsun. Dünya texnologiyaları da bu istiqamətdə inkişaf edir. Artıq radioların bulud texnologiyaları üzərindən yayımı həyata keçirilir.

Əvvəllər FM radioların və televiziyaların reytinqini yoxlamaq üçün qəbuledicilərə sayğaclar qoşurdular. İzləyici və yaxud dinləyici kanalı dəyişdikcə bu sayğaclar işə düşürdü. Bununla da hansı radio və ya televiziyanın nə qədər izləndiyini öyrənirdilər. Hazırda interaktiv multimedia texnologiyaları kifayət qədər artıb. İnternet üzərindən yayımlanan, efir tezliyində olmayan həm radioların, həm də televiziyaların sayı artmaqdadır.

Müasir dünyada böyük televiziya və radio yayımçılarının 3 tip xidməti var – radio, televiziya və “video on demand”. Sonuncu xidmət rəqəmsal yayımdan istifadə edilən bir sistemdir. İstədiyiniz vaxt istədiyiniz filmi, proqramı izləməyə imkan verir. Yəni kanalın proqramından asılı olmursan.

Baxmayaraq ki, “video on demand” pullu xidmətdir, amma insanlar adi yayımı dinləməkdənsə, 1 dollar verib hansısa yayımı izləməyə razıdırlar, nəinki saatlarla oturub radioda aparıcının onların marağı ilə üst-üstə düşəcəyi bir proqramı gözləməyə...

FM radiolara marağın azalması maraqlı kontentin həmişə əlçatan olmamasından irəli gəlir. Artıq radio və televiziya yayımçıları kommersiya verilişlərinin içərisinə inteqrasiya etməyə məcbur olublar. Yəni ayrıca reklam saatı yox, verilişin içərisində sponsorların adların çəkməklə vəziyyətdən çıxış yolu axtarırlar. İzləyicilər isə çox inkişaf edib və onlar başa düşürlər ki, proqramda, sadəcə, reklamdan söhbət gedir. Bu da onları yorur.

Məsələyə ümumi yanaşsaq, demək olar ki, FM radio yayımı 2012-ci ildən etibarən texnoloji köhnəlmə və interaktivliyin dəstəklənməməsi üzündən bütün dünyada gündəmdən çıxmağa başlayıb.

– Radiotezliklər sahəsində hansı yeniliklər baş verir?

– Artıq radiotezlik diapazonu getdikcə interaktiv xidmətlərə doğru daha çox yönəlir. İndiyə qədər televiziya və radio yayımı üçün istifadə olunan radiotezliklərin bir hissəsi artıq yeni nəsil mobil rabitə xidmətlərinə ötürülür.

Əvvəllər televiziyada interaktivlik yox idi. Yayımçılar proqramları, sadəcə, bir istiqamətdə yayımlayaraq izləyiciyə ötürürdülər. Reaksiyanı ya telefonla, ya da sosial şəbəkə üzərindən müəyyən məlumatları toplamaqla əldə edə bilirdilər. Artıq yeni televiziya yayımları texnologiyası tətbiq olunur. Hansı ki, ağıllı telefonlar və ya televizorlar vasitəsi ilə hansı kanala baxdığımızı yaymçılar bilirlər. Bu sayğaclar texnoloji olaraq birbaşa yayım prosesinə inteqrasiya olunub.

Bu gün televiziya qəbuledicilərində bulud texnologiyalarına inteqrasiya prosesi sürətlə gedir. Yəni həm avtomobildəki, həm telefondakı, həm də evdəki radio və televiziya qəbulediciləri bulud texnologiyası ilə internetə bağlanır. Biz orada istədiyimiz radio proqramının istənilən saatına çevirib baxa bilirik. FM texnologiyası isə bu baxımdan çox kasaddır. Bu texnologiyada informasiyanın zaman sürüşdürülməsi və interaktivlik nəzərdə tutulmayıb.

“Time shifting” dəstəkli maraqlı layihə var idi. Bu, televiziyada vaxtın bir neçə saat geriyə sürüşməsini həyata keçirə bilən bir platforma idi. İzləyici istədiyi proqramı, məsələn, 3 saat əvvələ sürüşdürüb baxa bilirdi. Hətta bu layihəni Azərbaycanda da tətbiq etmişdilər.

– Ümumiyyətlə, radioların informasiya mühitindəki rolu haqqında nə deyə bilərsiniz?

– İndi internetdə istənilən informasiya əlçatan olub. “Google” axtarış proqramları, “Youtube”, “Facebook”, “WatsApp”, “Telegram” kimi sosial media və şəbəkələrdə istənilən mövzu ilə bağlı məlumatlar var və gündən-günə bu məlumatlar sürətlə artmaqdadır. İndi bütün televiziya və radio proqramları da sosial media vasitəsilə yayımlanmaqda maraqlıdır. Buna görə də artıq qloballaşan dünyada FM radioları ilə bağlı mövzu və problemlər arxa plana keçir. Yəni bu sahədə də yeni texnologiyalardan istifadə olunur. Bu o deməkdir ki, FM radioları yaxın vaxtlarda tarixə qovuşacaq.

Hazırda Avropa İttifaqının bir sıra ölkələrində FM radiolarından tam imtina edilib. Norveç 2017-ci ildə FM radiolarından imtina edən ilk ölkə kimi tarixə düşdü. FM radiolarının yerini isə DAB (Digital Audio Broadcasting) rəqəmsal radio yayım radiostansiyaları alır. DAB rəqəmsal radio yayımla radio proqramların daha keyfiyyətli səslənməsini təmin edir.

Bu texnologiyada daha keyfiyyətli – 320 kbit/saniyəlik sıxlaşma ilə səsin dinləyicilərə ötürülməsi mümkündür. Bunlara nəzər yetirdikdə görürük ki, haqqında danışmaq istədiyimiz FM artıq çox qocalıb və öz aktuallığını itirib.

– Dünyada bu sahədə texnoloji transformasiyalar və trendlər haqqında nə deyə bilərsiniz?

– Dünyada yeni texnologiyalar dinamik şəkildə inkişaf edir. Buna görə də qabaqcıl dövlətlər yeni texnologiyaların tətbiqinə daha çox diqqət ayırırlar. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi ictimai həyatda artıq bütün mümkün sahələrə nüfuz edir, “ağıllı” əşyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilir.

Yeni rəqəmsal xidmətlər daha çox inkişaf edir ki, bütün şirkətlər rəqəmsal transformasiya prosesinə qoşulurlar. İKT mütəxəssisləri bu tendensiyaların doğru istiqamət və təbii bir proses olduğunu qeyd edirlər. Ümumilikdə bu halın gələcəkdə də davam edəcəyi, dünyanın müxtəlif regionlarında da tətbiq olunacağı vurğulanır.

– FM radioların əvvəlki şöhrəti qalmasa da, ətraf regionlarda yaşayan əhali, o cümlədən müstəqil ekspertlər Azərbaycan radio məkanında başqa ölkələrə məxsus proqramların yayımından narahatdır. Bu halı təhlükəsiz hesab etmək olarmı?

– Əgər qonşu ölkələrin televiziya və radio yayımçısı öz proqramlarını birbaşa bizim ərazimizə yayımlamaq üçün yönəldibsə, bu, əlbəttə, təxribat xarakterli bir işə bənzəyər. Kənar yayımların ölkə ərazisində qəbulu mütəmadi olaraq araşdırılır. Dövlət Radiotezliklər İdarəsi bir sıra qurumlarla birgə mütəmadi olaraq radio monitorinqlər həyata keçirir, efir nəzarətdə saxlanılır. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrini nəzərə almaqla müvafiq tədbirlər görülür.

Bu məsələlər sistemli olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının bütün dünyada tənzimlədiyi əsas işlərdən biridir. Beynəlxalq verilişlər bazasında hansı ərazilərdə hansı radioların olması və bu radioların hansı istiqamətdə yayımlanması kimi məsələlər nəzarətdə olan sistemə daxildir.

Hazırda dünyada yeni bir informasiya erası başlayıb. Artıq müharibələr torpaqlar üzərində yox, informasiya üzərində aparılır. Belə bir əsrdə FM radioları yeganə informasiya ala biləcəyimiz mənbə deyil. Regionda olan sakinlərin müxtəlif üsullarla informasiya qəbul etmək imkanı var. İndi hansı zamandır ki, təkcə radio ilə təbliğat işi getsin?!

Müasir gənclər FM radiolardan uzaqdırlar. Yaşlılar isə internetə adaptasiya olduqdan sonra istədikləri kontenti izləyə bilirlər.

Əgər hər hansı yaşayış ərazisindən şikayət olarsa, birgə radio monitorinqlər həyata keçirilər. Həmin ərazidə yerli radio kanallar yoxdursa, yaxud yayım ora gedib çata bilmirsə, orada mütəmadi olaraq optimallaşdırma işləri aparılır. Lazım olduqda yeni ötürücülər qurulur, yaxud mövcud ötürücülərin gücü artırılır. Həmin ərazilərə yayımın çatdırılması işi həyata keçirilir.

– Rahid müəllim, yerli televiziya və radio sahibi olsaydız, orada ilk gördüyünüz iş nə olardı?

– Əhatə dairəsini artırmaq üçün ən birinci bulud texnologiyalarını tətbiq edərdim. Bu texnologiya ölkədə var. Digər tərəfdən, radiotezlik spektr resurslarını istifadə etməklə yanaşı, daha böyük və interaktiv işləyən texnologiyalar seçərdim.

Bu gün FM tezliklər üzərindən yayımlanan radiolarda yayımçılar onları neçə nəfərin dinlədiyini izləməkdə çətinlik çəkirlər. Bu, reytinq üçün vacibdir, amma çox çətindir. Bunun üçün yayımçılar, heç olmasa, yüzlərlə və ya minlərlə yerdə sayğac qurmalıdırlar ki, ümumi statistik rəqəmi əldə edə bilsin. Amma internet üzərindən yayımlandıqda bilmək olur ki, reytinq hansı proqramda çox olub, hansı saatda neçə nəfər izləyib.

– Yeni texnoloji imkanlardan istifadə edən yerli televiziya və radio nümunələri varmı?

– Tovuz rayonunda baş verən hadisələr zamanı ölkəmizdə gənc nəsil yeni baxış tərzi nümayiş etdirdi. Bloqerlər sosial media və şəbəkələrdə çox aktiv və effektiv informasiya sərkərdəliyi nümayiş etdirdilər. Onlar televiziyası, radiotezliyi, yayım lisenziyası olmayan, amma bütün dünyaya yayımlanan effektiv yayım kanallarına malikdirlər. Bəzilərinin statistikalarını da izləməyə çalışıram. Bir də görürsən ki, yeni qoyduğu videoya iki saat keçməmiş, yüz minlərlə izləyici baxır.

Bəs yerüstü yayımla gedən televiziya proqramlarını necə ölçə bilərik ki, nə qədər izləyicisi var? Əksər ailələrdə bir telefon, bir tablet, ən pis halda bir kompüter var. Reallıq bundan ibarətdir ki, bu gün televiziya və radio yayımçıları sosial media ilə interaktiv şəkildə yayımlanmaqda daha maraqlı olmalıdır. Çünki cəlbedici proqramlar sosial mediada daha əlçatandır. Belə bir məqamda FM radiolarına maraq, təbii ki, get-gedə azalacaq.

– Bəs investisiya yatıranların marağı necədir?

– Məsələyə texnoloji cəhətdən yanaşsaq, burada bir neçə cərəyan gedir. Bir cərəyan qloballaşmadır. Az öncə haqqında danışdığımız bloqerlər reklama fokuslanmırlar. Buna baxmayaraq, özlərinin böyük bir sosial media kanalı var, hamı da istədiyi vaxt bu proqramları izləyə bilir. Reklam işini onlar üçün sosial media platforması həyata keçirir. Kütlə onun verilişlərini izlədikcə bloqer də çəkdiyi videodan pul qazanmağa başlayır. Bu zaman sponsor axtarmağa da ehtiyac qalmır.

Bu bloqerlər həm də informasiya müharibəsində çox ciddi və təqdirəlayiq işlər görür, təbii ki, istisna hallar da var. Bu gün Azərbaycanın nümunəvi informasiya sərkərdələrinə ehtiyacı var. Həm kontenti, həm kontingenti yaradır, həm gəlirini qazanır, həm yeni texnologiyaya fokuslanır, həm də xərclərə qənaət edir.

Çox ciddi texnoloji çevrilişlər gedir və buna reaksiya vermək lazımdır. Artıq yayımçılar yeni prinsiplərlə hərəkət etməlidir. Köhnə texnologiyada interaktivlik nəzərdə tutulmadığı üçün maraq azalır və əlçatımlılıq itir. Buna görə də onlar yeni texnologiyalara üz tutmalıdır.

– Yeni texnoloji formatda yayıma keçmələri üçün FM radiolara məhdudiyyət tətbiq oluna bilərmi?

– Azərbaycan hökumətinin informasiyanın yayılmasında və əldə olunmasında tutduğu mövqe olduqca azaddır. Yəni ölkədə texnoloji qadağaların olmaması informasiya cəmiyyətində azad rəqabət mühiti yaradıb. Sahibkarlar da bu istiqamətdə sərbəstdirlər. Amma keyfiyyət baxımından haqlısınız, çünki sahibkar bu məsələyə fərqli yanaşır.

Yayımçı FM radionun vericisini alıb istifadə edirsə, yeni verici alması üçün ona təzyiq etmək olmaz. Bu onun üçün əlavə investisiya tələb edir. Texnoloji yeniliklər qaçılmazdır. Onsuz da qloballaşan dünyada ancaq perspektivli texnologiyalar irəli gedir. Bu gün hər hansı bir yayımçı yeni texnologiyadan qaçırsa, “köhnə texnologiyaya investisiya qoymuşam və bunu axıra qədər istifadə etmək istəyirəm” deyirsə, o, artıq bazarda geriləyə bilər.

Ümumiyyətlə, müasir dövr həyatı çevikliyi tələb edir. Nə qədər çevik oldunsa, bir addım qabağa düşdünsə, böyük payın olacaq. Əks halda uduzmağa məhkumsan.

2019-cu ilin statistik rəqəmlərinə görə bütün dünyada cəmi 44 min FM radio var. Onların hamısı lokal yayımlanır. Yəni hansı ölkənin ərazisindədirsə, orada da yayımlanır. Hazırda müzakirə etdiyimiz FM radioların əksəriyyəti 1933-cü ildə kəşf olunmuş texnologiyalarla işləyir. 100 il əvvəlki texnologiyanı qınamaq olmaz. Yeni texnoloji trendlər radio və televiziyaların qlobal transformasiya qatarına qoşulmasına məcbur edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR