Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Vaiz Əfəndi Şirvani

Firidun bəy Köçərli - Vaiz Əfəndi Şirvani
Sakura

Firidun bəy Köçərli - Vaiz Əfəndi Şirvani

Mәrhum Vaiz әfәndi Şirvan vilayәtinin möhtәrәm, alim vә sahibi-kәmalü tәcrübә şairlәrindәn hesab olunub, әşari-zәrifәlәri ilә öz әsrindә namü şöhrәt kәsb etmişdi. Onun qәzәllәrindәn bir neçәsi әlimizә düşdü. Nümunә olaraq aşağıda iki qәzәli dәrc olunur.
 
Qәzәli-Vaiz әfәndi:
 
Mehrü vәfasızların heç kim sözünü qanmaz,
Yәğmadәn әl götürmәz, bidaddәn usanmaz.
 
Cahi-cahan gәlәndә bir tari-muy saxlar,
Üz döndәrib gedәndә zәncir ilә dayanmaz.
 
Töhmәt deyәn öziçün, nә söylәr özgәsiçün,
Utanmayan özündәn heç kimsәdәn utanmaz.
 
Münim yalan deyәndә tәsdiq edәr xәlayiq,
Gәr doğru desә müflis, heç kim ona inanmaz.
 
Ey dilbәri-sitәmgәr, mәğruri-hüsn olma,
Heç kimsәnin çiraği sübh açılınca yanmaz.
 
Zәrfin tünükdü[1], zahid, bir cuş ilә daşarsan,
Dәryadilin mәzacı seylab ilә bulanmaz.
 
[1]- Tünük -- dar vә tәng mәnasınadır.
 
Vaiz, sәnin kәlamın hәr biri niştәr olsa,
Hәr kәs edәrsә qәflәt ta hәşrә dәk oyanmaz.
 
Vaiz әfәndinin bu qәzәlindә çox pürmәna vә hәkimanә nöqtәlәr vardır ki, cümlәsi indәl-üqәla mәqbul vә müstәhsәndir.
 
Bu hәqir bәndә hәmişә bu etiqad üzrәdir ki, әksәri özqatda şәxsin xoşbәxt vә rahat olması öz sәyi ehtimamına bağlıdır. Hәr bir iş insanın elmü kәmalından, bilik vә tәcrübәsindәn asılıdır: «Zәhmәt çәkmәyәn bal yemәz», «cәfa çәkmәyәn sәfa görmәz». Bu etiqadda ola-ola hәqir bu doğrunu da inkar edә bilmәz ki, insanın iqbalı açılanda vә bәxti gәtirәndә zәhmәtsiz vә mәşәqqәtsiz dә hәr tәrәfdәn onun üstünә dövlәt vә nemәt axıb tökülür, hәr yerdә ona hörmәt vә izzәt görsәnilir. Vә bu bәxt gәtirәn vaxtı onun malü dövlәtini, cahü cәlalını saxlamağa «bir tari-muy» kifayәt elәyir. Amma vay o gündәn ki, bәxt insandan üz çevirә, iqbal gәtirmәyә. Bu halda adam nә qәdәr çalışıb-әllәşsә vә nә qәdәr canını zәhmәt vә cәfa oduna yaxsa, yenә dә axırda biçiz vә әliboş qalacaqdır. Budur ki, atalar deyiblәr: «Çox çalışan çarıq yırtar». İnsandan dövlәt vә hörmәt üz döndәrib gedәndә, filhәqiqә, nәinki zәncir ilә, bәlkә heç bir qüvvә ilә onu saxlamaq mümkün olmaz. Vaiz әfәndinin bu misraına dәxi diqqәt yetirmәmәk olmaz:
 
....Utanmayan özündәn, heç kimsәdәn utanmaz.
 
Doğrudan da öz eyib vә qәbahәtini görmәyib, qeyrilәri eyiblәndirәn vә özgәlәrә töhmәt edәn şәxsdәn nә hörmәt vә mәrifәt tәmәnna elәmәk olar? Өz pozğunluqlarını görmәyәn, çirkin vә nasәza әmәllәrindәn utanıb şәrmü hәya etmәyәn adam, söz yoxdur ki, özgәdәn dә utanmaz vә bişәrmanә sevmәdiyi adamın haqqında hәr qisim iftira vә böhtanı söylәr. Bu qisim adamlardan kәnar dolanmaq eyni-mәslәhәtdir. Necә ki, deyiblәr:
 
Abrını saxla abırsızdan,
Hәyanı saxla hәyasızdan.
 
Bәs, Vaiz әfәndinin bu beytinә nә irad tutmaq olar:
 
Münim yalan deyәndә tәsdiq edәr xәlayiq,
Gәr doğru desә müflis, heç kim ona inanmaz.
 
Dünya yaranandan bu anacan Adәm atanın övladı öz şәxsi mәnfәәtlәrini mülahizә edib dövlәt vә sәrvәt sahiblәrindәn qisim-qisim tәmәnnaları nәzәrdә tutub doğrunun üzünә yalanın qara pәrdәsini çәkmәyә mötad olublar. Müflis vә miskinlәrin hünәri olmayıbdır ki, doğrunu kәmali-cürәt ilә söylәyib, düruğgu vә hiylәbaz münәccimlәrin yalanlarını batil elәsin vә haqqı yeritsin. Belә ittifaqlarda hәr tәrәfdәn onun üstünә tәnpәrvәr vә nәfspәrәst dәni vә fürumayә şәxslәr hucum edib ağzını qapayıblar vә özün dә xalq içindә bihörmәt vә biabır ediblәr.
 
Ol sәbәbdәndir ki, müsәlman qardaşların arasında yalan söylәmәk vә haqqı gizlәtmәk adi bir şey olubdur vә hәtta bәzi ittifaqlarda hünәr sayılır. Bu minval haqqa güc vә zor edib kizbü yalana rövnәq vermәyin adını «düruği-mәslәhәtamiz» qoyub Şeyx Sәdinin bu hikmәtamiz sözlәrini başqa dona geydirirlәr. Odur ki, Vaiz әfәndi qeyri bir qәzәlindә kinayә tәriqi ilә demişdir:
 
Demәk kim, xәlq ara birәğbәtiz, iqbalımız yoxdur,
Zәmanә mövsimi-dәsmaldır, dәsmalımız yoxdur.
 
Kәmali-zatımızdır, şükrilillәh, eybdәn ari,
Rәvacın vermәyә tәrif edәn dәllalımız yoxdur.
 
Hümayiz üstüxan ilә qәnaәtpişә kәrkәs tәk,
Şikari-cifeyi-dünya üçün çәngalımız yoxdur....
 
Ağız kәskinliyiçün dәxli çoxdur yal-kuppalın,
Şikәstәbәstә fәqriz, yalımız, kuppalımız yoxdur.
 
Sәbükruhül-müşәrrәf mәşrәbiz fariğ tәkәllüfdәn
Zәmanә әhlinә lazım olan sanbalımız yoxdur.
 
Zәmanә halidir, Vaiz, hәya eylә hәyasızdan,
Hәyasızla hәyasızlıq edәcәk halımız yoxdur.
 
Mәrhum Vaizin bu kәlamı dәxi onun müasirlәrinin avam vә zahirpәrәst olmaqlarına şәhadәt verir. Hәr kәsin ki, saqqalı uzun vә pәhnalı vә cübbәsi faxir vә papağı uca olubsa, onun hörmәti artıq vә sözü ötkәn olubdur. Mәrifәt әhli isә şikәstәpәr vә müztәribbal olub özlәrini avamın etirazından vә cühәlanın zülmü sitәmindәn kәnarda saxlayıb, meydanı ağzı yallılara, yal vә kuppal sahiblәrinә veriblәr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR