Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (I hissə)
Mәrhum Mirzә Fәtәlinin tәrcümeyi-halına vә mütәәddid әsәrlәrinә şüru etmәkdәn müqәddәm onun mәsqәtürrәsi olan Nuxa şәhәrinin vә Şәki xanlığının keçmiş әhvalatına vә әhalisinii dolanacağına dair filcümlә mәlumat vermәyi burada lazım gördük.
Nuxa şәhәri Qafqaz dağlarının cәnubi-şәrqindә dağ әtәyindә tәmir olunmuş gözәl bir şәhәrdir ki, sabiqdә Şәki xanlarının paytaxtı hesab olunurmuş. On sәkkizinci әsri-miladın әvasitinә kimi indiki Nuxa bir qoryә halında imiş. Şәki xanlığı bina tutduqdan sonra Nuxa qәryәsi şәhәrә mübәddәl olub, sürәt ilә mәmura vә abadanlığa üz qoyur.
Şәki xanlığı baş tutubdur Nadir şahın Zaqafqaziyaya lәşkәrkeşliyi zamanında -- miladın 1734--1740-cı sәnәlәrindә. Şәki xanlarının zәmani-hökumәti yüz sәnәyә kimi çәkibdir. Tarixi-mәsihiyyәnin 1819-cu sәpәsindә Fәtәli xanın әyyami-hökumәtindә Şәki xanlığı bilkülliyyә Rus dövlәtinin tәhti-idarәsinә keçmişdir. Xanların әvәzinә onda rus çinovniklәri başlayır hökmranlıq etmәyә.
1846-cı sәnәdә Nuxa şәhәri vә Şәki mahalı әvvәlcә Şamaxı quberniyasının, sonradan Bakı vә axırda Gәncә quberniyasının uyezdlәrindәn birisi hesab olunur. Bu halda Şәki mahalı Gәncә quberniyasının uyezdidir.
Arxeoqrafiçeski komissiyanın tәrtib qıldığı aktlardan belә mәlum olunur ki, Kovalenskinin Gürcüstana nazir tәyin olunduğu vaxtda Şәki hakimi Mәhәmmәdhәsәn xan imiş. Әgәrçi Kovalenski onu müfәttin, hiylәgәr vә qәzəbnak xanlardan birisi hesab edir, vәli «Asari-Dağıstan»da tәhrir olunduğuna binaәn, xanın işbilәn vә aqibәti gözlәyәn müdәbbir bir vücud olduğu görünür. Ağamәhәmmәd xan onun әmlakını qәsb edib, gözlәrini dә çıxartdırmış idi. Ağamәhәmmәd şahın qәtlindәn sonra yenә öz әmlakına sahiblәnmiş idi.
Gürcüstan ilә kor xanın әlaqәsi ancaq ticarәt işlәrindә imiş. Zahirdә özünü Gürcüstana dost göstәrәrmiş isә dә, batindә onun dostluğuna vә dәyanәtinә etibar etmәz imiş vә Gürcüstan padşahlarını sevmәz imiş. Mәhәmmәdhәsәn xanın hәrәmlәrinin içindә Tiflis knyazlarının birisinin qızı var imiş. O qızın atası bәzi vaxtlar qızını görmәk niyyәti ilә Nuxaya gәlib, orada vaqe olan siyasi işlәrә dair bәzi mәlumat cәm edib apararmış.
Sabiqdә Şәki әhli öz xanlarına tabe vә çox zirәk tayfa imiş. Belә cәld vә qoçaq camaatın vasitә vә kömәyi ilә Şәki xanı çox işlәr görә bilәrmiş. Çifayda, Mәhәmmәdhәsәn xan gözsüz olduğuna görә, ancaq öz başını hәr tәrәfdәn hücum edәn düşmәnlәrdәn qorurmuş. Xani-mәrhum vәfat edibdir miladın 1804-cü ilindә.
Şәhәrin içindә şayani-diqqәt tikililәrdәn Nuxa xanlarının sarayıdır ki, 1765-ci sәnәdә İran padşahlarının qәsri sәbkindә tәmir olunubdur vә bundan әlavә şәhәrin yuxarı sәmtindә çәkilmiş hasardır ki, bunun içindә әlan rus qoşunu sakin olmaq üçün kazarmalar tikilibdir. Hasar bir şәkildә tәmir olunubdur ki, ona diqqәt olunsa, «Mәhәmmәd» kәlmәsi oxunar.
Şәhәrin abü havası mötәdil vә sәlamәtdir. Çahar fәsli çox düz vә hәr fәsil öz iqtizasına müvafiq gәlib keçir. Şәhәrin içindә hәr tәrәf sular vә çeşmәlәr axır; hәr evin özünә mәxsus mәhәllәsi vә bağçası olduğundan şәhәr yaşıl yarpaqlar ilә әhatә olunubdur.
Әtrafda olan dağ әtәyindәn Nuxaya tamaşa etdikdә gözün qabağında gözәl bir mәnzәrә açılır, ruh tәzәlәnir. Uca vә böyük ağacların arasından minarәlәr dәxi göy tәrәfinә sәrkeşlik edib, guya zәbani-hal ilә onlara deyir: Nә qәdәr siz uca olsanız da, bizim rütbәmiz vә hörmәtimiz sizinkindәn әladır; bizim başımızdan «allahü әkbәr» sәdası, sizin üstünüzdәn qarğa vә dolaşalar qaqtıltısı eşidilir.
Şәki mahalında qәdimdәn barama qurdu saxlamaq adәti olmağa görә, burada Zaqafqaziyanın sair yerlәrindәn artıq barama becәrilir vә Nuxa tacirlәrinin ümdә alış-verişi barama vә ipәk ilәdir. Bu halda Nuxada işlәyәn ipәk zavodlarının әdәdi ildәn-ilә artmaqdadır. Zavodların artmağı bir tәrәfdәn şәhәrin fәqir-füqәrasına mәaş verirsә dә, digәr tәrәfdәn havanı pozğun vә xarab edir vә fәhlәlәrin bәdәnlәrinә böyük zәrәr toxuyur. Biçarәlar dar vә rütubәtli zavodlarda sәhәrdәn axşamadәk işlәmәkdәn vә mütәәffin hava ilә nәfәs almaqdan vaxtsız-vәdәsiz solub, qisim-qisim mәrәzlәrә mübtәla olurlar.
Nuxa әhli sabiqdә nә qәdәr elmü mәrifәt vә kәsbi-kәmal vә sәrvәt cәhәtincә geridә imişlәrsә dә, bu axır vaxtlarda qәflәtdәn ayılıb kәmali-ciddiyyәt vә sürәt ilә irәli getmәkdәdirlәr. Ülum vә maarif tәhsilinә canü dildәn qurşanıblar.
Nuxa şәhәrindә hicrәtin 1227-ci sәnәsindә -- ki, miladın 1812-ci ilin mütabiqdir, -- bizim böyük vә möhtәrәm әdibimiz vә әvvәlinci dramayazanımız vә müqtәdir mütәfәkkirimiz Mirzә Fәtәli Axundov tәvәllüd edibdir.
Mirzә Fәtәlinin özü fars dilindә yazdığı tәrcümeyi-halı 1887-ci sәnәdә «Kәşkül» qәzetinin; 43, 44, 45-ci nömrәlәrindә dәrc olunubdur. İşbu tәfsilatı әn möhkәm vә doğru bir mәnbә hesab edib, burada onu eyni ilә türkә tәrcümә edirik.
Tәrcümeyi-Halını Mirzә Fәtәli bu sayaq başlayır: «Mәnim atam Mirzә Mәhәmmәdtağı Hacı Әhmәdin oğludur. Onun babaları fars tayfasındandır. Atam cavanlığında Tәbriz hәvalisindә Xamnә qәsәbәsinin kәndxudası olubdur. Bu mәnsәbdәn mәzul olandan sonra 1811-ci sәnәdә ticarәt әzmi ilә Şәki vilayәtinә gәlib, Nuxa şәhәrindә sakin olubdur vә burada mәşhur Axund Hacı Әlәskәrin qardaşı qızını nigah edibdir. Bu mәnkuhәdәn mәn tarixi-mәsihiyyәnin 1812-ci sәnәsindә vücuda gәlmişәm.
Bu tarixdәn iki il keçmiş Şәki vilayәtinin hakimi Cәfәrqulu xan vәfat edir. Bu sәbәbә görә, İran qәriblәri -- ki, Cәfәrqulu xanın himayәti altında zindәganlıq edirlәrmiş, -- onun vәfatından sonra öz vәtәnlәrinә qayıtmaq qәsdinә düşürlәr. Mәnim atam da onun silkindә arvadı vә oğlu ilә Xamnә qәsәbәsinә müraciәt edir. Dörd sәnә burada qalandan sonra mәnim anam atamın o biri arvadı ilә -- ki, Xamnә әhlindәn idi, -- yola getmir vә әrindәn xahiş edir ki, onu mәnimlә bir yerdә әmisi Axund Hacı Әlәsgәrin yanına göndәrsin.
O әsnada Axund Hacı Әlәsgәr dә Әrdәbildә Şәkinin sabiqi hakimi Sәlim xanın müsahibәtindә zindәkanlıq edirmiş. Atam anamın xahişini qәbul edib, onu mәnimlә әmisinin yanına göndәrdi. Bu tarixdәn mәn atamdan ayrılıb bir dә onu görmәdim; anamın әmisinin yanında oldum -- Horand qәryәsindә ki, Qaradağ kәndlәrindәn birisidir.
Bir ildәn sonra Axund Hacı Әlәsgәr tәlim vә tәrbiyәmә şüru edib, әvvәl Quranı mәnә oxutdurdu. Quranı tamam edәndәn sonra yavaş-yavaş fars vә әrәb kitablarından başladı mәnә dәrs vermәyi.
Axund Hacı Әlәsgәr mümtaz bir fazil idi vә cәmi ülumi-islamiyyәdәn, -- xah farsi olsun, xah әrәbi, --kamil ittilaı var idi. Mәrhum mәni oğulluğa qәbul elәdi vә xalq arasında «Hacı Әlәsgәr oğlu» adı ilә mәşhur oldum.
İki ildәn sonra Horand qәryәsindәn Әnkut qışlağına köçüb Vәlibәyli obasının içindә sakin olduq. Bu vaxtlarda Mustafa xan Şirvani El-Әnkut qışlağında Şәkәrli adlanan bir mahalda sakin olurdu. Bu gözәl xasiyyәtli vә nәcib xandan mәnim ikinci atam[1] --yәni Axund Hacı Әlәsgәr xeyli himayәtlәr vә vәsfdәn ziyadә yaxşılıqlar gördü.
[1]-Mәrhum mirzә hәr yerdә Axund Hacı Әlәsgәri «ikinci ata» lәqәbi ilә zikr edir.
Bu әsnada -- ki, tarixi-mәsihiyyәnin 1825-ci ili idi, -- Axund Hacı Әlәskәrin böyük qardaşı Mәhәmmәdhüseyn Şәki vilayәtindәn Әnkut mahalına gәlib, qardaşını, mәni vә anamı vәtәni-mәlufa apardı.
Axund Hacı Әlәsgәr әvvәl ili Gәncә şәhәrindә mәskәnәt elәdi. Bir ildәn sonra İran dövlәti ilә rusların davası başlandı. O müsibәtlәr -- ki, bu müharibәdәn Axund Hacı Әlәsgәrә vә onun әyalına üz verdi vә o bәlalar ki, ona düçar oldular vә cәmi әmvalü әcnasdәn әllәri boş qaldı, -- Gәncә qalasında tarac oldu vә özlәri müflis halına düşdülәr, -- onların cümlәsini yazmağa yer yoxdur; kitab vә dәftәrә sığınmaz.
Әlqissә, İran qoşunu şikәst tapandan sonra Axund Hacı Әlәskәr öz әyalı ilә Nuxa şәhәrinә gәlib burada aram oldu vә burada mәnim tәlim vә tәrbiyәmә kәmali-ehtimam ilә әmәk sәrf elәdi; fars vә әrәb dillәrini özü mәnә öyrәtdi. Hәtta mәni Dağıstan lәzgilәrinin tәlәbәlәri kimi fars vә әrәb dillәrindә mükalimә etmәyә mötad qıldı.
1832-ci ilin әvvәllәrindә Axund Hacı Әlәsgәrin Hәcc sәfәri lazım oldu. Өzü ilә mәni Gәncәyә gәtirib Axund Molla Hüseyn adlı alim bir şәxsin yanında qoydu vә ona tapşırdı ki, mәnә mәntiq vә fiqh kitablarından dәrs versin; özü azimi-Mәkkә oldu.
Bu vaxta kimi mәn fars vә әrәb dillәrini oxumaqdan başqa bir şey bilmәzdim vә dünyadan bixәbәr idim vә ikinci atamın muradı bu idi ki, mәn ülumi-әdәbiyyәni tәhsil edib ruhanilәr silkinә daxil olam vә mollalıq ilә başımı dolandıram. Amma başqa bir qәziyyә üz verdi vә bu, niyyәtimin fәsxinә bais oldu.
Әlqissә, ikinci atam Axund Hacı Әlәsgәr Hәccdәn qayıdandan sonra mәn dә Nuxaya gәldim vә burada bir neçә vaxt әrәb dilindә yazılmış kitabların, o cümlәdәn Şeyx Bәhai әleyhirrәhmәnim «Xülasәtül-hesab» adında yazılmış kitabının mütaliәsinә mәşğul oldum. Bu әsnada Nuxa şәhәrindә rus mәktәbi açıldı. İkinci atamın icazәsi ilә rus dilini öyrәnmәk üçün bu mәktәbә girib, bir il burada tәlim alıb çıxdım. Çünki yaşım artıq idi vә bir ildәn ziyadә burada oxumağa qadir deyil idim.
Bir ildәn sonra 1834-cü tarixdә ikinci atam özü ilә bahәm mәni götürüb Tiflisә apardı vә burada sәrdar Baron Rozenә әrizә verib tәvәqqe elәdi ki, mәni öz dәftәrxanasında Şәrq dillәrinin mütәrcimi mәnsәbinә qәbul elәsin vә rus yazıçılarından bir nәfәri mәnim üçün kömәkçi tәyin etsin, ta ki, rus dilindә biliyim artsın, qüvvәt tapsın.
Bilmirәm hansı bir dil ilә bu sәrdarın, yәni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinә yetirim. Mәlәk xisallı bu әmir ikinci atamın iltimasını fövrәn qәbul edib, iltifat vә mәrhәmәtlәrini mәnim haqqımda zahir qıldı ki, tәmamisini vәsf etmәkdә acizәm.
Ol vaxtdan bu günә kimi mәn Qafqaziya sәrdarlarının nәzdindә әlsineyk-Şәrqiyyә mütәrcimi olub, hәr birindәn әnvai-iltifat vә mәrhәmәtlәr görmüşәm. Xüsusәn, mütәvәffa general feldmarşal knyaz Vorontsovdan razı vә şakirәm ki, Baron Rozendәn sonra mәnim ikinci vәliyyün-nemәm olubdur vә bu әmiri-kardan vә rövşәnzәmirin iltifatının vasitәsilә mәndә müsәnniflik qabiliyyәti büruz edibdir.
Altı komediya -- yәni tәmsil türk-Azәrbaycan dilindә tәlif edib hüzuri-alilәrinә tәqdim etmişәm. Cümlәsi mәqbul vә tәhsin olunub; әvәzindә bir çox әnamlara nail olmuşam. Tәmsilatımı Tiflis teatrında -- ki, onun da banisi knyaz Vorontsov olubdur, -- sәhneyi-tamaşaya qoydular. Hüzzari-mәclisdәn çox tәriflәr vә afәrinlәr eşitdim. Ondan sonra «Yusif şahın hekayәti»ni[2] yenә türk dilindә yazdım. Bu yeddi tәsniflәrim rus dilinә tәrcümә olunub çapa verildi vә onların haqqında Berlin vә Peterburq curnallarında xeyli tәrifnamәlәr yazılıbdır.
[2]- «Yusif şahın hekayәti»ni -- ki, «Aldanmış kәvakib» adı ilә mәşhurdur, -- ikinci dәfә olaraq türk dilindәn rusa biz tәrcümә edib «Vestnik Kafkaza» adlı curnalın 5-ci nömrәsindә 1901-ci sәnәdә çap etdirmişik. Bu hekayәnin әvvәlki tәrcümәsindәn bizim xәbәrimiz yoxdur vә mütәrcimi kim olubsa, o da bizә mәlum deyil.
1857-ci tarixi-mәsihiyyәdә islam әlifbasının tәğyiri babında bir kitabça fars dilindә yazmışam. Mәzkur әlifbanın tәğyiri vacib vә mühüm әmrlәrdәn olmağını xeyli mәtin dәlillәr vasitәsilә sübuta yetirmişәm.
1863-cü tarixdә Qafqaz canişini imperatorzadeyiәfxәm veliki knyaz Mixail Nikolayeviçin icazәsi ilә bu xәyalını elan etmәk üçün İstambula azim oldum. Cәmi sәfәr xәrcimi veliki knyaz öz xәzinәsindәn mәrhәmәt elәdi vә vәziri Kruzenştern İstambulda olan rus sәfirinә bir kağız yazdı ki, mәnim mәtlәbimin әncama yetmәyi üçün Osmanlı dövlәtinin övliyavü әrkanından tәvәqqe elәsin, ta ki, lazimeyi-tәqviyәt vә müavinәti müzayiqә etmәsinlәr.
Әlifbanın tәğyiri babında tәrtib qıldığım kitabçanı rus elçisinin draqomanı müәrrifliyi ilә sәdri-әzәm Fuad paşanın hüzuruna pişnәhad etdim vә yazdığım tәmsilatı vә «Yusif şahın hekayәti»ni dә nişan verdim. Kitabçamı sәdri-әzәm hәzrәtlәrinin әmri ilә Osmaniyyәnin Cәmiyyәti-elmiyyәsindә mülahizә edib hәr bir xüsusda mәqbul vә müstәhsәn gördülәr vә lakin icrasına icazә vermәdilәr. Bu sәbәbә ki, kitabçada qәrari-sabiqi üzrә hüruflar bir-birinә culaşır vә kәlmәlәrin tәrtibindә çәtinlik müşahidә olunur.
Bu irada cavabım bu oldu ki, belә olan surәtdә lazımdır islam әlifbasını bilkülliyyә tәrk edib, avropalıların üsuli-xәttini götürmәk vә yazını soldan-sağa yazıb oxumaq vә nöqtәlәri bilmәrrә saqit etmәk vә hürufların şәklini latın hüruflarından intixab edib, tәzә bir әlifba tәrtib elәmәk vә hürufi-müsәvvәtәni hürufi-samitәnin yanınca yazmaq. Xülasә, sillabi әlifbanı alfabiti әlifbaya mübәddәl etmәk.
Hәqirin bu rәyini dә İstambul ülәma vә vüzәrası öz fәhmü qanacaqlarına müvafiq görmәdilәr vә qәbul etmәdilәr vә orada olan İran vәziri-muxtarı Mirzә Hüseyn xanın mәnim barәmdә olan qәdimi әdavәti büruz edib İstambul vәzirlәrinin әdәmi-müvafiqәtinә sәbәb oldu. Xülasә, mәramü arzuma çatmayıb İstambuldan geri qayıtdım.
Әgәrçi Osmaniyyә dövlәtindә müsәlman әlifbasının tәğyiri babında etdiyim fikir vә xәyal nәticә vermәdi vә qәbula keçmәdi, amma bu zәhmәtin әvәzindә bәndәyә «Mәcidiyyә» nişanı fәrmani-tәhsin ilә әnam olundu. Mirzә Hüseyn xandan İstambulda xeyli mәrarәt vә küdurәtlәr çәkdim ki, onların hamısını zikr etsәm, başağrısı olar. Müşarileyh sabiqdә Tiflis şәhәrindә öz dövlәtinin konsulu idi vә mәlum oldu ki, batindә mәnimlә böyük әdavәti var imiş. Vәli onun әdavәtindәn mәn qafil imişәm vә onu özümә dost hesab edib evindә mәnzil etdim. Axırda әdavәtini büruz edib, mәni cәmi Osmaniyyә vәzirlәrinin nәzәrindә islam dininin vә müsәlman dövlәtlәrinin bәdxahı nişan verdi.
Necә ki, mәlum oldu, onun әdavәtinin sәbәbi bu imiş ki, guya mәn öz tәmsilatımda iranlıların әxlaqi-zәmimәlәrini hәcv qılmışam vә halanki dramaya dair әsәrlәrin şәrti vә xüsusәn, komediyanın tәqazası xәlayiqin eyiblәrini vә әxlaqi-zәmimәlәrini eyni ilә göstәrmәkdir.
Çün müşarileyh drama fәnnini, onun şәrtlәrini anlamır vә ülumi-dünyәviyyәdәn bilkülliyyә bibәhrәdir vә hiylәvü tәzvirdәn vә büxlü hәsәddәn vә hirsü tamahdan başqa bir şeyә qabiliyyәti yoxdur, ona binaәn belә qiyas elәyir ki, mәnim bu hәrәkәtim iranlılara nisbәt büğzü әdavәtimdәn naşidir. Onun belә әdavәti zahir olandan sonra evindәn çıxıb, özgә bir yerdә mәnzil etdim.
Tiflisә qayıdandan sonra әlifbamızın qüsuru vә tәğyiri barәsindә tәzәdәn yenә bir kitabça yazıb Tehrana göndәrdim. Bu kitabçada hürufi-müqәttәәni hürufi-müttәsilәyә tәrcih etdimsә dә, yenә ülәmanın qorxusundan rәsmi-xәtti sabiqi qәrar üzrә sağdan-sola yazmağı nişan verdim, Tehranda da hәmçinin mәnim bu fikrü tәsәvvürümә mültәfit olmadılar vә bu mәsәlә әlan tәrәqqipәrvәrlәr ilә mühafizәkarlar arasında İstambulda mayeyi-mübahisә olub bir mәqamda qәrar tutmayıbdır.
Digәr öz dövlәtimin әrkanü böyüklәri icazәsi ilә Osmanlı dövlәtinin sәdri-әzәmi olan Әli paşaya әlifba mәsәlәsinә dair bir kitabça yazıb Tiflisdәn göndәrdim. Bu kitabçaya әlavә olaraq Osmanlı danişmәndlәrindәn Süavi әfәndinin әlifbamız barәsindә yazdığı tәnqidi (kritikanı) dәxi qoşdum. Vәli bu kitabça da bisәmәr qaldı.
Әlifbanın tәbdili xüsusunda bu qәdәr sәyü tәlaşım nәticәsiz qaldığını vә bu әhvalın güzarişini fars dilindә yazılmış bir mәnzumәdә bәyan etmişәm[3]. Bu macәradan sonra Rzaqulu xan «Hidayәt» tәxәllüsün «Rövzәtüs-sәfa»ya mülhәqat tәrzindә yazdığı tarixә müxtәsәr bir tәnqid (kritika) yazıb Tehrana göndәrmişәm vә bundan bir sәnә keçmiş «Süruş» tәxәllüslü Tehran şairinin ki, «Mәliküşşüәra» lәqәbi ilә şöhrәtlәnmiş idi, yazdığı bir qәsidәyә tәnqid yazıb öz aşinalarıma Tehrana göndәrmişәm.
[3]- Bu mәnzumә aşağıda yazılacaqdır.
Әlan -- ki, tarixi-miladiyyәnin 1878-ci ilidir,--ömrüm altmışdan keçibdir. Rus dövlәtinin mәrhәmәtindәn irәliki xidmәtimdә qalıb, onun lütfü himayәtindә bәhrәmәndәm».
Mәrhum Mirzә Fәtәlinin öz yazdığı seyr-sülukundan maәda bir para mәlumat onun oğlu mәrhum Rәşid bәy cәm edib bizә göndәrmişdi ki, mәqamı gәldikcә onlardan bәhs olunacaqdır.
Necә ki, öz yazdığı tәrcümeyi-halından görünür, mirzә uşaqlıqdan yetim qalır. Bu yetimlikdә böyük әlamәt var. Tarixdәn xәbәrdarlığı olanlara mәlumdur neçә-neçә böyük şәxslәr -- ki, ibarәt olsun hükәmavü ülәmadan, mәşhur reformatorlardan, din vә şәriәt sahiblәrindәn, -- uşaqlıqdan yetim qalıblar. Vәli heç bir yetimi allah-taala sahibsiz vә hamisiz qoymayıbdır. Mirzә Fәtәli dә körpә vaxtından yetim qalıbsa da, artıq üsrәt vә zәhmәt çәkmәyibdir.
Axund Hacı Mirzә Әlәsgәr atalıq vә analıq vәzifәsini öhdәsinә götürüb, nәvәsi mәnzәlәsindә olan balaca Fәtәliyә lütfü nәvazişlәrini әsirgәmәyibdir vә öz istәkli övladı kimi onun tәlim vә tәrbiyәsinә mәşğul olubdur. Balaca Fәtәli dәxi onu atası kimi istәrmiş vә ömrünün axırına kimi zikri-xeyir ilә yad edәrmiş. Mirzeyi-mәrhum Gәncәdә Axund Molla Hüseyn Gәncәvidәn tәlim almağı filcümlә yad edirsә dә vә mollalığa hazırlaşdığı әsnada onun fikirlәrinin dәyişirilmәsini vә başqa bir qәziyyәnin üz vermәsini ötәri işarә edirsә dә, amma hәqiqәti-halı bәyan etmir.
Mәrhum Rәşid bәyin bizә verdiyi mәlumatdan belә zahir olunur ki, möhtәrәm atası Gәncәdә olan zamanı mәşhur Mirzә Şәfi ilә görüşüb tanış olur. Sәhih rәvayәtә görә, Mirzә Şәfi İrandan gәlib Gәncәdә müvәqqәti olarmış, özü dә alim vә fәlsәfәmәslәk bir vücud imiş ki, hәr bir şeydәn xәbәrdarlığı var imiş. Әfqanlı Şeyx Cәmalәddinin vә Mirzә Mülküm xanın vә İranın bir neçә tәzә fikirli adamları ilә ülfәt vә әlaqәsi var imiş. Bununla belә gözәl vә mövzun tәbi var imiş. Mirzә Şәfinin bir çox әşari-nәfisәsi vә asari-fәlsәfiyyәsi Avropada vә xüsusәn Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzә Şәfinin mәcmuәsi Bodenştedt[4] adlı alim bir şәxsin ehtimamı ilә nemsә dilinә tәrcümә olunubdur.
[4]-Bilmәk gәrәkdir ki, Bodenştedt nemsә әdib vә şairlәrinin mәşhurlarından birisi hesab olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenştedt 1840-cı sәneyi-miladidә Moskva şәhәrinә gәlib, orada knyaz Qalitsinlәrdәn birisinin mürәbbisi olur. 1844-cü sәnәdә Qafqaz canişini general Neydqardtın tәklifi ilә Tiflisә gәlib, indiki şәhәr müәllimlәri hazırlaşdıran mәktәbә (Aleksandrovski instituta) müdir olur. Bodenştedt bu mәnsәbindә bir ildәn ziyadә qalmayıb istefa verir vә sonra Qafqazın çox yerlәrini vә Krım vilayәtini seyrü sәyahәt edib bir çox mәlumat vә tәcrübәlәr kәsb qılır. Gәncә şәhәrindә olan vaxtı Mirzә Şәfidәn fars dilini öyrәnir. Sonra Bodenştedt vәtәninә müraciәt edib, Berlin şәhәrindә «Qәzәliyyati-Mirzә Şәfi» ünvanında öz әşarını çapa verir. «Qәzәliyyati-Mirzә Şәfi»dә olan müәssәnat vә lәtafәt bir dәrәcәdә nemsәlәrә xoş gәlir ki, 123 dәfә peydәrpey çap olunur.
Bәzi rәvayәtә görә, «Qәzәliyyati-Mirzә Şәfi» mәrhum Mirzә Şәfinin öz kәlamıdır ki, onu Bodenştedt farsdan nemsәyә artıq mәharәtlә rәvan dildә tәrcümә edibdir. Bәzilәri dәxi bu qövlә şәrikdirlәr ki, Mirzә Şәfi xud Bodenştedt özüdür ki, «Mirzә Şәfi» lәqәbini özü üçün intixab etmişdir. Amma bu qövl sәhih deyil. Sәhihi budur ki, Mirzә Şәfi әslәn İran әhlidir. Gәncәdә sakin olduğu әsnada Bodenştedtin oraya sәfәri düşür onunla tanış olub bir müddәt mәclisindә iqamәt edib dilini ondan tәhsil etmişdir. Bodenştedt vә әsәrlәrindә Mirzә Şәfini «ustad» lәqәbi ilә yad edir.
Bәli, Mirzә Şәfi cavan Fәtәlinin ağlını, fitri zәkavәt vә fәrasәtini müşahidә edib vә gözlәrindәn yağan anlaq vә mәrifәt nurunu dәrk edib, gәlәcәkdә ondan böyük xidmәtlәr vüqua gәlmәsini Mirzәyә bәşarәt verir vә onunla bir neçә müddәt görüşüb danışandan sonra filosof Mirzә Şәfi cavan Fәtәlinin fikir vә xәyalatını başqa bir sәmtә çevirir. Bundan sonra cavan Fәtәli ruhani olmaq fikrindәn bilmәrrә daşınıb, Avropa mәdәniyyәti ilә aşina olmaq niyyәtinә düşür vә dövlәti xidmәtlәrdәn birisinә daxil olmağa meyl edir. Bu әsnada mәrhum Axund Hacı Mirzә Әlәsgәr Hәccdәn müraciәt edir vә -- necә ki, zikr olundu, -- öz nәvәsinin әvvәlcә rus dili öyrәnmәyinә vә sonra qulluğa girmәyinә sәbәb olur. Bu qulluqda (Qafqaz canişinlәrinin mütәrcimliyi mәnsәbindә) Mirzә Fәtәli ömrünün axırına kimi qalıb, sәdaqәt vә ixlasla öz vәzifәsini әda elәyir vә hüsni-xidmәtlәri әvәzindә neçә-neçә nişanlar vә polkovnik çini alır.
Qulluq işlәrindәn fariq olduqda asudә vaxtlarını mirzә rus kitablarının mütaliәsinә sәrf qılıb, bir çox mәlumat kәsb edir. Onun artıq sevdiyi fәlsәfәyә dair, siyasi vә iqtisadi elmlәrinә mәxsus kitablar imiş.
Mirzә Fәtәli vәfat edibdir Tiflis şәhәrindә tarixi-mәsihiyyәnin 1878-ci ilindә may ayının 28-dә ki, tarixi-hicrәtin 1294-cü sәnәsinә vә cәmadiyül-әvvәlin 27-ci gününә tәsadüf edir[5]. Dәfn olunubdur Tiflis qәbristanlığında.
[5]-«Kәşkül» qәzetinin verdiyi xәbәrә görә, mәrhum Mirzә Fәtәlinnn vәfatı ittifaq düşübdür haman ildә fevral ayının 28-ci yövmündә.
Axundovun tәrcümeyi-halına dair yazdığımız bu qәdәr mәlumata iktifa edib, onun әsәrlәrindәn vә millәtә göstәrdiyi hüsni-xidmәtlәrindәn filcümlә danışmağı burada lazım görürük.
Mirzә Fәtәli Axundov, demәk olur ki, müsәlmanların әvvәlinci reformatoru olubdur. Müsәlman mәişәtinin köhnә vә çürümüş әsaslarını pozan vә islam tәrәqqisinә mane olan üsulü qәvaidin tәğyirü tәbdili yolunda әn әvvәl sәrfi-himmәt edәn bu zati-ali olubdur.
İyirmi sәnәdәn ziyadә mirzә müsәlman kitablarının mütaliәsi ilә mәşğul olub, yenә onları rәvan oxumaqda özünü aciz görür. Amma rus әlifbasının vasitәsilә bir az vaxtda çox şeylәr öyrәnir vә rus hәrflәri ilә yazılmış kitabların kaffәsini asanlıq ilә oxuyur. Bu hal mirzәni mütәhәyyir edir vә onun diqqәtini cәlb edir. Bu qәdәr mәktәblәr küncündә ömürlәr sәrf edib axırda yenә bisavad vә elmdәn bibәhrә qalmağımızı mirzә әlifbamızın qüsurundan görür. Bu qüsuru rәfü dәf etmәk üçün, oxumaq vә yazmaq mәsәlәsini asanlandırmaq üçün özü tәzә bir әlifba tәrtib edir.
Bu әlifbada mirzә nöqtәlәri götürüb, yazıda nişanı vә asarı olmayan hürufi-müsәvvәtә üçün vә hәrәkәlәr әvәzinә müәyyәn nişanlar icad edir. Bununla oxumaq vә yazmaq mәsәlәsini bir növ yüngüllәşdirir. Vәli avam xalqın qorxusundan vә mütәәssib vә fanatik ruhanilәri ürkütmәmәkdәn ötrü Mirzә Fәtәli müsәlman hәrflәrini bilmәrrә dәyişmәyib, onların ibtidasına vә ya axırına bәzi nişanlar qoşur vә bu vәch ilә yazılmış kәlmәlәrin düzgün olunmağını qaydaya salır[6].
[6]-Әlifbamızın qüsuru babında öz fikrü rәyimizi 1898-ci ildә «Kavkaz» qәzetinin 230, 238, 264-cü nömrәlәrindә müfәssәlәn yazmışıq.
Filhәqiqә, әrәbdәn götürdüyümüz sillabi xәttdә o qәdәr qüsur vә nöqsanat vardır ki, tәhrirә sığası vә tәqrirә gәlәsi deyil. Ümum müsәlman tayfalarının tәrәqqi vә tәali yolunda Avropa әhalisindәn bu qәdәr dalda qalmaqlarının böyük sәbәblәrindәn birisi dә hәmin mayeyi-sәadәtimiz vә mәbdәyi-tәrәqqimiz olan oxumaq vә yazmaq alatü әsbabının qüsur ilә dolu olmağıdır. Bir әlifbanın ki, irabü hәrәkәsi vә qәdri-kifafınca hürufi-müsәvvәtәsi vә müәyyәn bir şәkildә hürufatı olmasın vә qәdim misirlilәrin heroqlifinә bәnzәyib, bir kәlmәnin neçә tәrzdә oxunmağına yol versin, onun bu tәrәqqi әsrindә bәqası [sәlah] deyil vә nә qәdәr tәbdil vә tәshihinә tez çarәlәr bulunsa, bir o qәdәr dә irәli düşәrik vә sürәtlә qabağa gedәrik; dünya vә axirәt işlәrimiz qaydaya düşüb öz yolu ilә rastü rahat gedәr.
Ülumü fünundan -- ki, bu qәdәr bәhs edib, mәclislәrdә vә mәhfillәrdә danışırıq, qәzetә vә curnallarda yazırıq, -- heç biri bizim üçün müyәssәr olmur. Hürufumuz tәbdil olduqda qilü qalsız asan vәch ilә cümlәsindәn bәhrәmәnd vә mәnfәәtbәrdar olarıq.
Xәtti-alfabiti[7] -- ki, Avropa millәtlәri arasında icravü istemal olunur, -- dillәrdә eşidilәn cәmi sövtlәri әksiyi otuz, artığı otuz beş әdәd hәrflәrin vasitәsilә әda edilir.
(II hissə)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət