Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Məişətimizə dair/1908-1909 (II hissə)

Firidun bəy Köçərli - Məişətimizə dair/1908-1909 (II hissə)
Sakura

Firidun bəy Köçərli - Məişətimizə dair/1908-1909 (II hissə)

1881-ci ildәn indiyә kimi, yәni iyirmi yeddi ilin әrzindә Qori darülmüәlliminindәn 150 nәfәrә kimi müәllim çıxıbdır. Müsәlman şöbәsinin güşadından iki-üç il sonra İrәvanda dәxi bir darülmüәllimin açıldı.
 
Amma burada müsәlman şagirdlәrinin әdәdi çox az olmağa görә buradan ancaq otuz, artıq başı qırx nәfәrә kimi müәllimlәr hasilә gәlibdir.
 
Bunlardan әlavә, keçәn әsrin hәştadıncı sәnәlәrindә Tiflisdә Aleksandrovski institutundan beş-altı nәfәr şәhәr müәllimi tәhsili-elm edib kurs qurtarmışdı.
 
Bu müәllimlәrdәn möhtәrәm bәradәrlәrimiz Sultan Mәcidbәy Qәnizadә vә Hәbibbәy Mahmudbәyov Bakı şәhәrindә bir mәktәb açıb, tәzә üsul vә qayda ilә onda dәrs demәyin binasını qoymuşlar.
 
Demәk olar ki, bu müәllimlәrin Bakıda tәsis etdiklәri mәktәb indiki rus-müsәlman şkolalarının anası mәnzilәsindәdir.
 
Lakin o vaxt da maarif naziri olan Delyanovun tәdbiri vә binagüzarlığı ilә müsәlmanlardan şәhәr mәktәblәrindә müәllim olmaq ixtiyarı alındı.
 
Buna binaәn müsәlmanlardan instituta daxil olmaq rәğbәti kәsildi. Belә ki, 1888-ci ildә qızıl medal ilә institut kursunu tamam edәn cavanlarımızdan cәnab Hacı Rәhimbәy Qayibova şәhәrdә yer verilmәyib, İrәvan uyezdindә Uluxanlı qәryәsinә müәllim tәyin olundu. O da bir-iki sәnә kәnd müәllimliyi edib, özü üçün bir tәrәqqi yolu görmәyib, Okrujnoy sud mәhkəmәsinә qulluğa girdi.
 
Belә ki, iyirmi yeddi sәnәnin әrzindә dövlәt tәrәfindәn açılmış darülmüәlliminlәrdәn 200-ә qәdәr müәllimlәr çıxıbdır. Qafqazın üç milyona çatan müsәlman әhalisinin tәlim vә tәrbiyәsinә mübaşir olmaq üçün iki yüz nәfәr müәllim--dәryaya nisbәt bir qәtrә mәnzilәsindәndir desәk, mübaliğә etmiş olmarıq.
 
Ötәn mәqalәmizdә dövlәt tәrәfindәn açılmış darülmüәlliminlәrdәn iki yüz nәfәrә kimi kurs qurtarmış müәllimlәrin tamami Qafqaz müsәlmanlarının tәlim vә tәrbiyәsi üçün kifayәt etmәdiyini bәyan etmişdik.
 
Mәlum ola ki, bu iki yüz müәllimlәrdәn bu anacan bir neçәsi dari-bәqayә rihlәt edib, rәhmәti-hәqqә vasil olmuşlar.
 
Hali-hәyatda olanların da bir sülsi müәllimlik kimi nә qәdәr müqәddәs dә olsa ağır vә çәtin bir peşәyә, qәdr vә qiymәti bilinmәyәn vә nәzәrdә istiqbalı olunmayan bir sәnәtә tab gәtirmәyib, iki-üç sәnә müәllimlik etdikdәn sonra qeyri bir mәdaxilli sәnәtlәrin vә avam nәzәrindә hörmәtli sayılan başqa qulluqların dalısınca gediblәr.
 
Müәllimlikdәn hәr qisim mәnsәblәrә: polisiya qulluğuna, mütәrcimliyә, sekretarlığa, müxtәlif mәhkәmәlәrdә vә mütәәddid dәftәrxanalarda cürbәcür xidmәtlәrә girәni olubdur. Müәllimlikdәn hәtta aksız qulluğuna da keçәni olubdur.
 
Әlbәttә, o kәslәr ki, müәllimlik kimi möhtәrәm vә müqәddәs xidmәti tәrk edib, qeyri peşә dalısınca gediblәr, mәnәviyyat cәhәtincә öz әhdü peymanlarını şikәst ediblәr, ümumi xidmәti әda etmәkdәn, millәtә qulluq elәmәkdәn boyun qaçırıblar. Vәli maddi tәrәfdәn vә dolanacaq sarıdan bunlar zirәk vә durbin olublar. Zira müәllimlәrә nisbәtәn bunlar artıcaq rahat vә mürәffә-hal güzәran etmәkdәdirlәr.
 
Müәllimlik peşәsinә müdavimәt edib, onun zәhmәtinә qatlanıb qalanların halı vә güzәranı ziyadә üsrәt vә mәşәqqәt ilә keçibdir vә keçmәkdәdir. Bunlardan dәxi artıq bacarıqlı vә zirәk olanları dolanacaqlarını bir növ yüngüllәşdirmәk üçün kәndlәrdә qulluq etmәyә qane olmayıb şәhәrә keçiblәr. Şәhәrlәrdә müәllimlik mәvacibi kәnd müәlliminin mәvacibindәn bir az artıqdır vә hәm dә burada sair mәnbәlәr dә vardır ki, onlardan tәhsili-mәaş etmәk mümkündür. Bunlardan әlavә, şәhәrlәrdә әsbabi-tәrәqqi vә maarif hәmә vaxt müyәssәr olduğu üçün vә ünsiyyәt etmәyә müvafiq yar-yoldaş tapıldığı üçün şәhәrdә tәlim almış cavanlara şәhәrdә dә güzәran etmәk xoş keçir. Bu sәbәblәrә görә müәllimlәrin çoxu kәndlәrdәn qaçırlar.
 
Necә ki, bu barәdә üç sәnә bundan әvvәl "İrşad" ruznamәsinin sәhifәlәrindә yazmışdıq, indi dәxi haman mәtlәbi tәkrar edib deyirik ki, kәndlәrimiz müәllimsiz vә mürәbbisiz qalıbdır.
 
Üç yüz, dörd yüz vә daha ziyadә nüfuslu qәryәlәrimizdә mәktәb vә mәsciddәn bir әsәr dә yoxdur. Mayeyi-zindәganlığımız olan dәhat әhllәrinin vә rәiyyәt tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz vә pәrәstarsız qalırlar. Cәhalәt vә onunla bahәm yoxsulluq vә qorxu get-gedә artıb çoxalır, qeyri millәtlәr tәrәqqi etdiyi halda biz tәnәzzül edirik. Zaqatala okruqunda iyirmidәn ziyadә dörd-beş yüz nüfuslu böyük kәndlәr vardır ki, heç birindә mәktәb vә mәdrәsә yoxdur. Belә dövlәtli vә mәhsuldar mahalın, bu sayaq barverici vә meyvәyetirici torpağın әhalisi әgәr elmli vә bilikli olsa idi, әlbәttә, ehtiyacdan xәbәrlәri olmazdı vә qızıl-gümüş içindә dolanardılar. Vәhalonki avamlıqları ucundan öz torpaqlarından mәnfәәtbәrdar ola bilmirlәr.
 
Qızıl vә gümüş axıb, kәnardan gәlmәlәrin, xaricilәrin torbalarına tökülür, amma yer vә mülk sahiblәri ehtiyacın içindә zillәt ilә güzәran edirlәr.
 
Habelә Nuxa uyezdindә, xüsusәn, Qәbәlә mahalında, İrәvan uyezdindә Zәngibasarda, Şırıldәrә, Lәgiz uyezdindә, Şuşa vә Cavanşir uyezdindә, xüsusәn Tәrtәrbasarda vә sair. Bunlar misilli ziyadә mәhsulat yetirici vә meyvәcat yetirici yerlәrdә әhali elmsizlik cәhәtindәn fәqir vә zillәtdә dolanmaqdadırlar. Tәrbiyә almış vә kamali-tәhsil etmiş cavanlarımız qaranlıqda qalan qardaşlarına işıq salmağı vә onları qaranlıqdan işığa çıxartmağı özlәrinә borc hesab etmәyib, hәr bir nәhvlә çalışırlar ki, kәndlәrdәn qaçıb uzaqlaşsınlar.
 
Kәndlәrdә öz qәzalarına razı olub qalan müәllimlәrimizin әdәdi altmış-yetmişdәn ziyadә deyil. Bunlardan ancaq bir neçәsi öz vәzifәlәrini kamalınca düşünüb, cani-dildәn intişari-maarif yolunda çalışırlar vә millәtin ayılıb tәrәqqi etmәsinә sәmimidildәn xidmәt edirlәr.
 
Bunların zәhmәtlәrinin sәmәri görünmәkdәdir. Amma mәtәәssüf, müәllimlәrin çoxunda bu rәviş, bu hәrәkәt vә bu canfәşanlıq müşahidә olunmur.
 
Bunlardan әksәri iki-üç sәnә az-çox hәvәslә tәlim vә tәrbiyә işlәrinә mәşğul olub, sonralardan yavaş-yavaş öz peşәlәrinә soyuyurlar, tәlim vә tәәllümә rәğbәtlәri kәsilir, mütaliәyә hәvәslәri olmayır, ruhlarının, әql vә әxlaqlarının tәrbiyәsinә bilmәrrә mәşğul olmayıb, bilaixtiyar özlәrinin xәbәri olmaya-olmaya geri gedirlәr vә avam halına düşürlәr.
 
Belә müәllimlәrdәn neçәlәrini tanıyıram ki, bir dәfә dә әlinә qәzet alıb oxumur, övzai-zәmanәdәn fil-cümlә xәbәrdar olmağa şövq vә hәvәs göstәrmir, şkolanın adına göndәrilәn kitablar başı bağlı qalıb kәsilmir vә ruznamәlәr qurşaqdan çıxmır.
 
Bu cәnablar gündә iki saat könülsüz dәrs demәyә iktifa edib, yerdә qalan vaxtlarını öz mәxsusi işlәrinin, kәsbkarlarının üstündә keçirirlәr.
 
Amma elәlәri dә var ki, heç bir iş görmәyib, övqati-әzizәlәrini mütlәq bikarçılıqda zaye edirlәr.
 
İldә ya iki ildә bir dәfә inspektor tәftiş üçün şkolaya tәşrif gәtirir, onu da bir sayaqla razı edib yola salırlar vә yenә öz bekarçılıqlarına mәşğul olurlar. Amma çox ittifaqlarda inspektor, direktor müsәlman müәllimlәrindәn narazı qalıb, onların tәnbәlliyindәn vә karsızlığından şikayәt edirlәr. Münsif vә haqqı inkar etmәyәn müәllimlәrin bir neçәsindәn eşitmişәm ki, öz dillәri ilә iqrar ediblәr: "Bәli, doğrudur, biz iş görmürük vә cani-dildәn müәllimlik etmirik vә bizim şkolaların xali qalmağına әksәr övqat sәbәb özümüz oluruq, çünki müәllimlik dә bizә bir şey vermir".
 
İşlәr bu minval üzrә getdikdә, әlbәttә, müәllim camaatın gözündә hörmәtdәn düşür vә onun üçün qәlblәrdә bir mәhәli-etina vә mәqami-mәhәbbәt qalmır vә onun mәktәbinә uşaq verәn olmur. Elә şkolalar var ki, onda bütün il sәrasәr beş-on uşaqdan ziyadә şagird olmur.
 
Әlbәttә, kәndlәrdә müәllimlik etmәk yüngül vә asan iş deyil. Xüsusәn, müsәlman kәndlәrindә: bir tәrәfdәn, divan әmәlәsi tutduğu xilafi-zakon işlәrin bәrәkәtindәn, digәr bir tәrәfdәn, şikәm güdәn vә fanatik mollaların xilafi-şәriәt işlәtdiyi әmәllәrin vә söylәdiyi vәzlәrin tәsirindәn vә bunlar ilә bahәm işıqdan qorxan vә millәtin ayılmağından xof vә әndişә edәn mülkәdar-bәylәrin vә ağaların mәrhәmәtindәn bir növ әxlaqsız olublar, elm vә әdәbә meyl vә rәğbәt göstәrmәyirlәr; şkolaya ayrı gözlә baxırlar vә müәllimlәrә çәndan etina vә ehtiram olmayır. Çox kәndlәrdә biçarә müәllimlәrin halı ziyadә çәtinlik ilә keçir vә bu xüsusda "Qafqaz" ruznamәsinin 25-ci nömrәsindә "İbtidai mәktәblәrin qüsuru" ünvanı ilә yazılmış mәqalәdә haq sözlәr çoxdur. Vә lakin bizim әqidәmizә görә, müәllimin ürәyindә atәş olsa bu maneәlәrin çoxuna qalib gәlә bilәr vә öz dairәsindә әvvәlinci şәxs ola bilәr....
 
Müәllim mәktәbin canı vә içindә olduğu camaatın çırağı mәqamındadır. Müәllim öz şüğlini sevsә, öz şagirdlәrini övladı kimi istәsә, onların tәlim vә tәrbiyәsinә can yandırsa, әhalinin gözünü açmağa vә xeyir yetirici biliklәr ilә cәhalәt pәrdәsini yırtmağa sәrfi-hümmәt etsә, bilaşübhә, böyük kәramәtlәr göstәrәr vә cümlәnin rәğbәt vә mәhәbbәtinә mәzhәr olar.
 
Hәr bir şey mәhәbbәtә bağlıdır. Hәr bir şeyә hәyat verәn, hәr bir şeyi tәr vә tәzә qılan, hәr bir şeyi gözәl, mәqbul vә nurani edәn mәhәbbәtdir!
 
Heyfa ki, bu ali vә pakizә hiss, bu yandırıcı atәş bizim qәlbimizdә yoxdur; heyfa ki, nә ev tәrbiyәsindә, nә mәktәblәrdә vә mәscidlәrdә vә nә dә camaatımızın içindә mәhәbbәt atәşini bizim ürәyimizdә yandıran olmayıbdır.
 
Müәllim mәktәbin canı olduğunu vә mәhәbbәt ilә çox işlәr açdığını әcnәbi qövm vә tayfaların içindә görürük. Bizim müsәlmanlar dәxi belә hәqiqi millәt xadimlәrindәn mәhrum deyillәr. Kәnd müәllimlәrinin içindә İsabәy Abakarov, Әhmәd ağa Mustafayev kimi bir neçә möhtәrәm şәxslәr var ki, hәqiqәtdә millәt xadimi olub, cani-dildәn tәlim vә tәrbiyә işlәrinә ömürlәrini sәrf ediblәr. Bunlardan hәr birisi iyirmi ildәn ziyadәdir ki, müәllimlik etmәkdәdir. Bunlar qulluq sarıdan artıq bir tәrәqqi etmәyiblәrsә dә vә tәrәqqi etmәk qeydinә dәxi düşmәyiblәrsәlәr dә, camaatın mәhәbbәtinә şayәstә olublar. Hansı kәnddә müәllimlik ediblәrsә, orada mәrifәt çırağını yandırıb, әhalinin gözlәrini açıb, mәnәvi tәrәqqilәrinә bais olublar. İsabәyin tәhti-tәrbiyәsindә yüzlәrcә rәiyyәt balaları çıxıb, kamali-tәhsil edib, çörәk sahibi olubdur. İsabәy çox fәqir şәxslәrin övladına atalıq edib, azacıq mәvacibindәn onlara xörәk vә puşak verib oxudubdur. İmtahan mövsümündә onları öz xәrci ilә Tiflisә, Gәncәyә, Qoriyә göndәrib vә çox vaxtı özü aparıb bәzisini sәnәt mәktәbinә, kimisini feldşer şkolasına, kimisini seminariyaya vә hәtta bir neçәsini gimnaziyaya qoyubdur.
 
İsabәyin haqqı bizim üstümüzdә çoxdur. İsabәy bizim Pestalotsimiz mәqamındadır. Vә lakin belәlәri çox azdır, beş-on nәfәr ancaq tapılar. Yerdә qalanları öz şüğllәrinә soyuyubdur, ürәklәrindә olan atәş sönübdür vә hәr şeyә hәyat verәn mәhәbbәt çeşmәsi quruyubdur.
 
Bәzilәri bizim müәllimlәrin öz şüğl vә sәnәtlәrinә nisbәtәn izhar qıldıqları soyuqluq vә kәmetinalığı onların tәlim alıb kursu tamam etdiklәri mәktәblәrin qüsuruna hәml edirlәr. Çoxları bu әqidәdәdirlәr ki, darülmüәlliminlәr elmli, lәyaqәtli vә öz işini yaxşı bilәn müәllimlәr hazırlaşdırmır.
 
Bu rәy vә әqidәlәrdә, әlbәttә, doğruluq asarı çoxdur, öz tәrәfimizdәn biz deyә bilәrik: nәinki bir kәnd müәllimlәri hazırlaşdıran, hәtta şәhәr mәktәblәri vә gimnaziyalar üçün qabil vә mahir müәllimlәr yetirәn darülmәdrәsәlәr vә ali mәktәblәr yoxdur.
 
Buna baş vә ümdә sәbәblәrdәn birisi dә budur ki, mәişәt ilә mәktәbin mabeynindә әsla ittifaq vә saziş yoxdur, mәmlәkәtimizdә qәdim zamandan bәridir ki, mәişәt öz yolu ilә, mәktәb dәxi öz çığırı ilә gedib, bir-birindәn xәbәri olmayıbdır, bir-birinin qeydinә, dәrdinә vә ehtiyacına mültәfit olmayıblar; mәktәb öz başına qalıb, yaxşı-yaman öz işinә mәşğul olubdur.
 
Mәişәt dәxi mәktәbin varlığından vә yoxluğundan xәbәrdar olmayıb, onun nәdәn ötrü, nә işin xatirәsi üçün vә hansı ehtiyacın rәfi üçün bina olduğunu әsla nәzәrә almayıb, öz yolu ilә gedibdir.
 
Rusiya dövlәti әksәr ittifaqlarda Avropa mәdәni millәtlәri arasında filan növ mәdrәsәlәr vә filan qisim mәktәblәr var, bizdә dә olsun deyib, öz millәtinin dәrәcәyi-kamalını, tәbiәt vә xasiyyәtini vә zәruri ehtiyaclarını nәzәrә almayıb, mәhz bir "moda" üçün mәişәtә uymayan vә yaramayan mәktәblәr açıbdır. Amma lazım olanların qeydinә vә fikrinә qalmayıbdır.
 
Belә ki, qәdim zamandan bәridir ki, mәktәb mәişәtin rәfi-ehtiyacı vә tәrәqqisi üçün olmayıb, ziynәt vә bәzәyi üçün xәlq olunubdur. Bu illәtdәn naşidir ki, mәktәb elmli, bilikli, mәişәtin ehtiyacatını rәf edici vә millәtin tәrәqqi vә sәadәtinә sәbәb olucu adamlar yetirә bilmәyir.
 
Belә olan surәtdә şәk yoxdur ki, darülmüәlliminlәrimiz vә darülmәdrәsәlәrimiz dәxi bu zikr olunan tәsәvvürdәn ari vә bәri deyil.
 
Bununla belә, bizim әqidәmizә görә, tamam müәllimlәrin bilümum vә kәnd müәllimlәrinin bilxüsus öz peşәlәrinә bu qәdәr süst, kәmmәhәl vә kәmetina olmaqlarına ümdә sәbәb onların hәddәn ziyadә az mәvacib almaqlarıdır.
 
Bir peşә ki, öz әrbabını hәmişә fәqir vә zillәtdә saxlaya, onun ehtiyaclarını necә ki, lazımdır ödәmәyә, aclıqdan vә susuzluqdan, istidәn vә soyuqdan özünü vә әyalını mühafizәt etmәyә, o peşәyә dәxi әrbabı tәrәfindәn artıq meyl vә rәğbәt olunmaz. O peşәnin sahibi çalışar ki, özgә bir xeyirli işin vә mәnfәәtli kәsbin dalısınca getsin.
 
Mәnim әhibbalarımdan institut qurtarmış bir nәfәri-qabil vә qeyrәtmәnd şәhәr mәktәblәrinin birisindә on il sәrasәr qulluq edib, ildә 4 yüz manat mәvacib almaqla bir növ güzәran edirdi. Bu şәxs nә qәdәr cani-dil ilә ibtidada qulluq әmrlәrini yerinә yetirdisә dә, bir o qәdәr dә axırlarda soyuyub, tәlim vә tәdris işlәrinә hәvәsdәn düşmüşdü. On ilin әrzindә buna müәllimlik yeri vermәdilәr, ancaq müәllimә müavin olub, dörd yüz manatdan ziyadә mәvacib ala bilmәdi. Axırda özü qulluğundan şikayәt edib, mәnә hali-dilini söylәdi ki, "filankәs, bu qәdәr zәhmәt vә әziyyәtin müqabilindә bir tәrәqqi yolu görmәmәk, әliboş, üzü qara qalmaq hәr kәsi rәğbәtdәn salar vә incidәr.
 
Bir yandan әhli-әyalın fikri, bir yandan övladın tәrbiyә әndişәsi şu ismi bu növ pәrişan edibdir ki, müәllimlik fikri vә tәlim-tәdris işlәri mәnim üçün axırkı mәsәlәlәrdәn birisi olubdur. Hәrgah doğrusunu bilmәk istәyirsәn, әrz edәyim: başımın әn bala mәrtәbәsindә bu hindә un vә buğda fikridir. Ondan aşağıdakı mәrtәbәdә yar vә düyü әndişәsidir. Ondan da aşağıda odun vә kömür dәğdәğәsidir; lap axırıncı mәrtәbәdә olanı şagirdlәrin hesab vә yazı dәftәrlәridir ki, sabaha gәrәk onları düzәldәm. Hәqiqәti-әmrdәn bizimki müәllimlik deyil, çәrçilikdir. Şeyx Sәdi әbәs demәyibdir:
 
Qәme-fәrzәndo nano camәvo qut
Baz darәd ziseyr dәr mәlәkut.
Hәme ruz ittifaq misazәm
Ke, beşәb baxuday pәrdazәm.
Şәb ki, әqde-nәmaz mi bәndәm,
Çe xurәd bamdad fәrzәndәm. [2]
 
[2] Tərcüməsi:
 
Övlad, çörək, paltar və azuqə dərdi.
Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar.
Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim.
Gecə ki, namazla məşğulam, bəs səhər çağı uşaqlarım nə yesin?
 
"Qarnı ac abidin ibadәti dürüst olmayan kimi, ac müәllimin müәllimliyi dәxi dürüst deyil vә ondan fayda gözlәmәk әqli-sәlimdәn bәiddir".
 
Mәzkur müәllim on ildәn ziyadәdir ki, müәllimlik peşәsini tәrk qılıb, ticarәt әmrinә mәşğuldur vә bu halda güzәranı xoş vә rahat keçir, müәllim olduğu vaxtda çәkdiyi darlığı vә ürәk sıxıntısını indi çәkmir vә mәqamı düşdükcә millәtә dәxi qövlәn vә felәn xidmәtini müzayiqә etmәyir. Bu minval müәllimlikdәn bizar vә dilgir olub qaçanların vә әli çörәyә çatanların әdәdi az deyil.
 
Tamam Rusiyada müәllimlәrin haqqında görsәnilәn hәqarәt vә әdalәtsizlik "Novoye vremya" kimi bir darmәslәk vә mühafizәkar qәzeti dәxi dilә gәtirmişdir.
 
"Novoye vremya" edadiyyә mәktәblәrindә, gimnaziyalarda qulluq edәn müәllimlәrin halına yanıb tәkid edir ki, onların zәhmәti azalıb, mәvaciblәri çoxalsın. Qәzetә gimnaziyalarda qabil vә mahir müәllimlәrin olmadığını bu illәtdәn görüb deyir: "Bu mәtlәb barәsindә dәfәat ilә yazılıbsa da, heyfәn ki, yazıçıların nalә vә fәryadı sahibi-ixtiyarların vә dadrәslәrin qulaqlarına yetişmәyibdir vә cәrәs sәdası kimi biyabanda mәhv vә nabud olubdur".
 
Gimnaziyalarda mahir vә öz işlәrinә bәlәd olan müәllimlәrin yoxluğuna ümdә sәbәb, necә ki, yuxarıda işarә etmişdik, bunları hazırlaşdıran vә kamil müәllim yetirәn darülmüәlliminlәrin yoxluğudur, o institutlar vә darülülumlar ki, ondan müәllimlәr hasilә gәlir, qayda üzrә tәsis olunmamışdır. Onlarda pedaqogiya elminә dair vә tәlimat işlәrinә mәnsub mәlumat verilmәyib. Gimnaziya müәllimlәrindәn çoxlarını tanıyıram ki, pedaqogiya fәnn vә elminin babası sayılan Amos Komenskinin vә Pestalotsinin adların da eşitmiş olsunlar.
 
Bu qüsurun illәtini "Novoye vremya" açıq yazır. O illәt budur: Sabiqdәki maarif nazirlәrinin ümdә fikri yaxşı müәllimlәr vә qabil müdәrrislәr yetirmәk olmayıb. Onların fikir vә xәyalı saldatlar kimi naçalniklәrin, rәislәrin hökmünә tabe vә әmrinә müti çinovniklәr hasilә gәtirmәk olubdur. Onlardan mәşhuru qraf Tolstoy müәllimlәr yetirmәk üçün cavan tәlәbәlәrә saldat kimi tәlim verdirib, onların bәdәnlәrindәn müәllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etmәyә müvәffәq oldu. Delyanov bu yolda özündәn tәzә bir şey ixtira edә bilmәdisә dә, Tolstoy qoyduğu pürmәşәqqәt, sәrt vә müәllimlik vәzifәsinә müğayir qaydaları mühafizәt etmәyә cani-dildәn çalışdı.
 
Tolstoy vә Delyanov kimi pedaqogiya elmindәn bisәmәr vә insaniyyәt alәmindәn bixәbәr şәxslәr maarif vәziri olduğu halda, Piraqov kimi rәhmdil vә mәşhur pedaqoq kәnarda qalıb unuduldu.
 
Qәzetә nәticәyi-kәlamda bunu yazır ki, hәrgah gimnaziyalarda qulluq edәn müәllimlәrin zәruri ehtiyacları rәf olunsa, mәvaciblәri artsa vә zәhmәtlәri azalsa, onda hәr bir müәllim bilaşübhә çalışıb sәy edәcәkdir ki, öz vәzifәsini layiqincә әda etsin, mәnsәbi xatirәsi üçün qulluğunda bir qüsur qoymasın.
 
Söz yoxdur ki, gimnaziya müәllimlәri az mәvacib alır vә әmri-maaşda qeyri çinovniklәrә görә bir növ üsrәt çәkirlәr vә lakin onlardan da artıq üsrәt vә zillәt çәkәn kәndlәrdә vә qorodskoy şkolalarda qulluq edәn müәllimlәrdir. Bu biçarәlәr ağır vә pürmәşәqqәt zәhmәtlәri әvәzindә bu bahalıq әsrindә o qәdәr az mәvacib alırlar ki, çoxusu tәngә gәlib müәllimlikdәn qaçır vә qaça bilmәyәnlәri dә dilәnçilik halında ömürlәrini zaye edir. Bәs hәr şeydәn әvvәl vә cümlәdәn müqәddәm gәrәkdir bu binәvaların dәrdinә çarә etmәk vә halına yanmaq. Yәqindir ki, maaş sarıdan bunların da ehtiyacı rәf olunsa vә zәhmәtlәrinә görә bunlara da mәvacib tәyin olunsa, bunlar da çalışacaqlar ki, öz öhdәlәrinә götürdüklәri tәlim vә tәrbiyәyi-әtfal kimi mühüm әmri layiqincә ifa elәsinlәr. O vaxt cavanlarımız nәinki müәllimlikdәn qaçarlar, bәlkә çoxları sair qulluqdan müәllimliyә keçmәyә meyl vә rәğbәt göstәrәrlәr vә camaat nәzәrindә dәxi müәllimlәrin şan vә hörmәti artar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR