Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Həqiqi gözəllik və hərəkətsiz nisfimiz

Firidun bəy Köçərli - Həqiqi gözəllik və hərəkətsiz nisfimiz
Sakura

Firidun bəy Köçərli - Həqiqi gözəllik və hərəkətsiz nisfimiz

1
 
 
"Molla Nәsrәddin" jurnalının 14-cü nömrәsindә qurşaqdan yuxarı iki adam surәti çәkilmişdir. Bunlardan birisi mәhz ağzı ilә, o birisi başı ilә iş görәn adamların şәkillәridir ki, onlara diqqәt yetirmәmәk olmaz. Bu şәkillәrin altında yazılıbdır: "Bәdәnin hansı üzvü işlәsә böyüyәr vә qüvvәt tapar". Bu sözlәrin doğruluğu şәkillәrdәn görünür.
 
Hәr iki şәkil çirkin, yöndәmsiz, bәdtәrkib vә hәtta nifrәt gәtirici şәkillәrdir. Әgәrçi bu surәtlәri çәkmәkdәn "Molla Nәsrәddin"in muradı başı ilә işlәyәni ağzı ilә zәhmәt çәkәnә tәrcih vermәkdir, vәli bizim nәzәrimizdә hәr ikisi çirkindir.
 
Ağzı ilә işlәyәnin ağzı vә çәnәlәri, başı ilә işlәyәnin başı bәdәnin sair üzvlәrinә nisbәtәn hәddәn ziyadә böyük vә zorba çıxıbdır.
 
Әvvәlki xırdaca başlı vә yekәqarın bir qisim balıq var, ona oxşayır, ikincisi Hindistan aclarına bәnzәyir.
 
Bu cür adamların vücudu hәr mәkanda vә zamanda olubdur vә vardır. Bizim içimizdә başı ilә iş görәnlәrin әdәdi az isә dә, ağzı vә dişlәri ilә şöhrәt kәsb edәnlәrin hәddi, hesabı yoxdur.
 
Hәr halda bәdәnin bir üzvünün böyüyüb әndazәdәn çıxması vә sairlәrinii kiçilib balaca vә zәif olması bәdәni yaraşıqdan salır, onu çirkin, görkәmsiz vә nahәmvar elәyir. Bәdәnin gözәl, göyçәk vә xoşayәnd olması münhәsirdir onun üzvlәrinin mötәdil, mütәnәssiq vә yek-digәrinә uyğun vә müvafiq olmağına.
 
Nәinki bir bәşәr qisminin, hәtta sair heyvanat vә nәbatatın, bәlkә hәr qisim mәxluqatın gözәlliyi vә qәşәngliyi onların vücudunu tәrkib edәn әza vә hissәlәrin biri-birinә müvafiq, yaraşıqlı vә mütәnasib olmalarından ibarәtdir. Hәddәn ziyadә yekәağız, yekәbaş, yekәqarın adama xoş gәlmәyәn kimi, hәddәn ziyada balaca baş, xırdaça gözlәr, nazik vә zәif әllәr vә ayaqlar da adamın nifrәtinә sәbәb olur. Heyvanat qismindә dәxi bu eyblәr müşahidә olunduqda insan onlardan nifrәt edir, düyünlü, әyri vә bәdtәrkib ağacları da adәm övladı xoşlamayıb, hәr şeyin gözәlinә, xoştәrkib, xoşәndam vә xoş şәklinә meyl vә rәğbәt göstәrir....
 
Mәdhi-dilbәr yazmaqda misli vә bәrabәri olmayan Molla Pәnah Vaqif gözәlliyin bir nişanәsi olan zülfә hәr bir şeyini bağışlayır:
 
Bağlamışam din-imanı zülfünә,
Mәnim kimi heyran hanı zülfünә,
Tapşırıb gedirәm canı zülfünә,
Yaxşı saxla, sәndә әmanәtimdir.
 
Vә lakin insanın gözәlliyi, zahiri mәlahәt vә hüsnü lәtafәtdәn ibarәt olmayıb, onda ağıl vә fәrasәtin mövcud olmağı dәxi әvvәlinci şәrtlәrdәndir. Zahiri gözәlliyi vә hüsn-camalı kamala yetirәn ağlın nuru vә mәrifәtin ziyasıdır. Ağılsız vә mәrifәtsiz gözәl mәqbul vә müstәhsәn deyildir. Bir surәt zahirdә nә qәdәr düzgün, eybsiz vә qüsursuz olsa da, onda ağlın nuru tәcәlli etmәsә, kamal vә mәrifәt asarı görsәnmәsә, o surәt dilpәsәnd, könülalıcı vә fәrәhgәtirici ola bilmәz. Habelә ağlın mәnbәyi, fikir vә fәrasәtin mәzhәri hesab olunan gözlәr zahirdә nә qәdәr göyçәk vә eybsiz olsa da, insanın qәlbini tәrpәdib diqqәtini cәlb edә bilmәz, vaxta ki, onlarda ağıl vә şüur әlamәti görünmәyә. Maral, әlik, ceyran qismi çox heyvanlar var ki, onların gözlәrinin tәrifi şairlәr kәlamına düşübdür. Vәli hәqiqәt halda ahu qisim heyvanların gözlәri nә qәdәr zahirdә göyçәk olsa da, insana çәndan tәsir edә bilmir, әzbәs ki, onlarda şuxluq yoxdur, ağıl, fitrәt vә cibilli asarı görünmәyir vә Vaqifin yazdığı әlamәtlәr--"fitnәlәr", "fellәr" onlarda müşahidә olunmayır. Necә ki, şair deyibdir:
 
Qaynar gözlәrindәn, şux baxışından
Әcayib fitnәlәr, fellәr görünür.
 
Bәs mәlum olur ki, şairin sevdiyi qaynar gözlәr o gözlәrdir ki, ağıl vә fәhmin әlamәti onda zahir olur vә onların şux baxışından fitnәlәr vә fellәr görünür. Şairin sevdiyi şux baxışlı gözlәrdir, ahunun zahirdә göyçәk, amma hәqiqәtdә qәlbi-insanı hәrәkәtә gәtirmәkdә aciz olan qara gözlәri deyil. Hükәma nöqteyi-nәzәrincә hәr bir camaat, hәr bir qövm vә millәt tәklikdә böyük bir cisim mәnzilәsindәdir vә bu cismi-әzimi tәşkil vә tәsis edәn әfradi-bәşәr onun üzvlәri mәqamındadırlar.
 
Belә olan surәtdә hәr bir camaatın, hәr bir tayfa vә millәtin şan vә şәrafәti, qüvvәt vә miknәti, dövlәt vә sәrvәti filcümlә maddi vә mәnәvi salamatlığı, gözәlliyi vә vәqü heysiyyәti münhәsirdir onları tәrtib vә tәşkil edәn üzv vә ünsürlәrin yek-digәrinә mütәnasiq vә mütәnasib olmasına vә bunların sülh vә ittifaq ilә sәy vә tәlaş edib. Hәr birinә müxtәss olan әmalı icra etmәsinә. Necә ki, baş işlәyib bәdәnin sair üzvlәri hәrәkәtdәn düşәndә vә ya sair üzvlәr işdә olub, baş işsiz vә fikirsiz qalanda şәxsin bәdәni çirkin olub işi düzgün getmәz, habelә dә bir millәtin ünsürlәrindәn bir hissәsi müttәsil işdә vә tәlaşda olub qeyri bir hissәsi fәaliyyәtdәn düşsә, işsiz vә hәrәkәtsiz qalsa, o millәt nәinki zahirәn çirkin, bәdtәrkib görünәcәkdir, bәlkә müruri-әyyam ilә mәnәn dәxi zәif, aciz vә qüvvәtsiz olub taqәtdәn vә hörmәtdәn düşәcәkdir, şan vә şәrafәtini bilmәrrә itirәcәkdir.
 
Rübi-mәskunun müxtәlif mәrkәzlәrindә sükunәt edәn müsәlman millәtlәrinin mәdәniyyәt vә fәzilәt cәhәtincә dalda qalmaqlarına, tәrәqqi vә tәalada icz göstәrmәklәrinә bais olan ümdә sәbәblәrdәn birisi dә onların hәr birisinin tәklikdә yarı hissәsi işdә vә zәhmәtdә olub, o biri hissәsi, tamam yarısı işsiz vә şüğlsüz, dünyadan bilkülliyyә bixәbәr halda yaşayıb qalmağıdır. Bu bәdbәxt hissә alәmi-islamda ünas әhlindәn ibarәtdir.
 
Tәlim vә tәrbiyәdәn mәyus, hörmәt vә ixtiyardan mәhrum qalmış müsәlman övrәtlәri qәdim әsrlәrdәn bәridir ki, ciddi fel vә hәrәkәtdәn düşmüş, izzәt vә şәrafәtini itirmiş, hәrәkәtsiz vә ölmüş bir üzv mәqamındadır....

 
2
 
Neçә vaxt bundan müqәddәm "Hәrәkәtsiz hissәmiz" sәrlövhәsi ilә "Tәrәqqi"dә yazdığımız bir mәqalәdә mәzkur hissәnin alәmi-islamda ünas әhlindәn ibarәt olduğunu şәrh vә bәyan etmişdik. Mәqalәnin axırında bu mәtlәbә daha da bәst vermәyi vәdә etmişdiksә dә, vaxtında vәdәyә әmәl edә bilmәdik. Möhtәrәm oxucularımız әfv buyursunlar.
 
Necә ki, falic azarına mübtәla olan bir bәdәnin mәriz vә illәtli hissәsi salamat olan hissәsinә kömәk әvәzinә ağırlıq vә әziyyәt yetirir, habelә alәmi-islamda da müsәlmanların bir nisfi ki, ibarәt ola ixtiyarsız, elm vә tәrbiyәsiz biçarә arvadlardan, nisfi-digәrinә böyük hәml olub, onların tәrәqqi etmәyinә, elm vә mәrifәt kәsb qılmağına mane olur. Hәm әqlәn vә hәm şәrәn arvadlar kişilәrin bir şaqqası vә dilimi olmağı mühәqqәqdir. Buna "innәmәn nisau şәqaiqür ricali" hәdisi-şәrifi şahiddir.
 
Bu hәdisdәn anlaşılan budur ki, arvad kişinin misli vә nәziri vә yaxud nisfi-digәridir. Belә ki, kişi tәklikdә naqis vә yarımçıq bir vücuddur. Onun hәddi-kamala yetişmәyi bağlıdır nisfi-digәri mәqamında olan arvadın vücuduna. Bunların hәr ikisindәn övlad törәyir vә nәsil әmәlә gәlir. "Bәqayi-insan, nizami-bәşәr vә nәzmi-dövran"--bu iki şaqqaların birlәşib bir cildi-vahidә girmәyinә bağlıdır. Burası dürüst tәhqiq vә tәfhim olunandan sonra arvadların viqayeyi-hüquqları әmrindә ehtimami-küllü göstәrmәlidir. Xüsusәn, bizim әsrimizdә ki, hәtta Avropa arvadları arasında dәxi böyük cünbüş vә hәrәkәt var. Hәr yerdә cәmiyyәtlәr tәşkil edib, azadә arvadlar öz azadlıqlarına qane olmayıb, daha da artıq hüquq vә ixtiyar kәsb etmәyә çalışırlar. "Molla Nәsrәddin"in 29-cu nömrәsindә "Bihәyalar" ünvanında yazılmış nazik işarәyә diqqәt yetirilmәlidir.
 
Rus şairlәrindәn mәşhur Nekrasov bir kәlamında rus arvadlarının ixtiyarsız vә fәna bir halda yaşamalarından bәhs edib, onların üç qisim bәd iqbalda vә nәhs taledә yaranmaqlarını zikr qılır. Әvvәlinci bәd tale onların anadan kәniz vә ixtiyarsız doğulmağıdır. İkinci bәd tale qul kişiyә arvad olmağıdır. Üçüncü bәd tale vә qarabәxtlik qul anası olmağıdır vә qul övlada pәrәstarlıq etmәyidir.
 
Burada Nekrasov rus arvadlarının fәna halını, icz vә inkisar üzrә zindәganlıq etmәklәrini göstәrmәk ilә belә tamam rus millәtinin ixtiyarsız qul olmalarını dәxi gizlәmәyibdir. Bәlkә kişilәrin daha da artıcaq yaman halda dolanmaqlarını bәyan edibdir. Filhәqiqә "Qul kişiyә arvad olmaq, qul adama analıq etmәk" ağır vә mәşәqqәtli peşә isә dә, hәr iki surәtdә hәqiqәti-әmrdә qul olan kişi olur, arvad olmur.
 
Amma müsәlmanlıqda müsәlmanlar arasında hәr üç surәtdә qul vә kәniz halında gün keçirәn vә ömrünü zay edәn arvad tayfası olur. Anadan kәniz doğulur, әrә getdikdә әrinә kәnizlik edir vә hәmişә әrinә vә yoldaşına "әr" vә "yoldaş" demәyib, "sahibim" deyir. Axırda tәrbiyәsiz övladına ana olmayıb, kәniz olur.
 
Qәdim zamandan bәridir ki, Azәrbaycan türklәrinin arasında arvadların halına mәxsus onların öz dillәrindәn belә sözlәr deyilir:
 
Qız idim, sultan idim,
Nişanlandım xan oldum.
Gәlin oldum, qul oldum,
Ayaqlara çul oldum!
 
Bu sözlәrdәn mәlum olur ki, müsәlman arvadı ömründә beş-on il xoşbәxtlik vә ağ gün görürsә, o da qızlıq әyyamındadır. Ona nişan taxılanda bir az vaxtda hörmәti zahirәn bir azacıq da artır. Elә ki, gәlin olur, qul olur vә get-gedә hörmәt vә izzәtini bilmәrrә itirib, ayaq altına düşәn çul vә palas mәrtәbәsinә tәnәzzül edir. Başqa bir misalda arvadın dilindәn bu sözlәri eşidirik:
 
Qız idim, geydirdilәr ibrü vәfa köynәyini,
Nişanlandım, geydirdilәr zövqü sәfa köynәyini,
Gәlin oldum, geydirdilәr cәbrü cәfa göynәyini.
 
Bu sözlәr dәxi ona şәhadәt verir ki, müsәlman arvadının ömründә bir neçә ağ gün varsa, o da qızlıq vә nişanlılıq halındadır.
 
Bu ağ gün dә müsәlman qızlarının çox tez әrә verilmәyi nәzәrә alınsa, on dörd-on beş ildәn ziyadә çәkmir. Ondan sonra biçarә arvad analıq halına yetişib, ölәnә kimi әynindәn "cәbrü cәfa" köynәyini çıxartmır vә sahibinin sәrtvücud rәftarından vaxtsız qocalır, qönçә ikәn açılmamış solur, tәlәf olur....
 
Әgәr mәtlәbin künhünә diqqәt yetirib dürüst fikir etsәk, onda görәrik ki, arvadların tәlim vә tәrbiyәsiz qalmaqlarının, çox işlәrdә ixtiyarsız olmaqlarının, övzai-zәmanәdәn vә dünya işlәrindәn bilkülliyә bixәbәr qalmaqlarının zәrәri özlәrindәn artıq kişilәrә yetişir, ağılsız, elm vә mәrifәtsiz arvadın yaraşıqsız işi vә uyğunsuz hәrәkәt vә söhbәti hamıdan artıq öz kişisinә tәsir edir. Kişi tәcrübә, elm vә bilik cәhәtincә hәr zaman vә mәkanda arvaddan artıq olubdur vә özünün şaqqası mәqamında olan arvadın ağılsız, fәhmsiz vә sadәdil olduğunu müşahidә etdikcә ürәkdәn ağrıyıb içәridәn yanır.
 
O sәbәbdәndir ki, bir kişi elm vә mәrifәt sarıdan nә qәdәr artıq tәrәqqi etmiş olsa, bir o qәdәr o özü üçün münasib yar vә yoldaş aramaqda ehtiyatlı olur vә evlәnmәk üçün әn çәtin mәsәlәlәrdәn birisi hesab olunur.
 
Bu çәtin mәsәlә cümlәdәn artıq müsәlman әhli-mәrifәtinin (intelligensiyasının) qabağını kәsibdir. Әksәr ittifaqlarda onlar öz millәtlәri vә hәmmәzhәblәri arasında müvafiq hәmsәr vә yoldaş tapa bilmәyirlәr....
 
Bu halda intelligentni şәxsin tәmәnnası artıbdır. O tәmәnnaları keçmiş zәmanәnin ayin vә adatı ilә tәrbiyә almış qızlar yerinә yetirmәkdә acizdirlәr. İndiki adamlar mәhәbbәt adlanan ali hissә başqa mәna verirlәr. O sәbәbdәndir ki, mәdәniyyәtli millәtlәr arasında tәәhhül vә tәzvic mәsәlәsinә artıq diqqәt yetirirlәr vә artıq ehtiyatlı olurlar. Burada bir boşqab şirni vә bir kәllә qәnd vә üç manat pul ilә tez әldәn iş bitib әqdi-nikah cari olmur.
 
Doğrudan da, әr ilә arvadın arasında mәrifәs cәhәtincә nә qәdәr tәfavüt çox vә mәnәvi qәrabәt az olsa, bir o qәdәr bunların bir yerdә olmağı kişi üçün ağır vә çәtin olur. Bu surәtdә elmsiz vә mәrifәtsiz arvad kişisinin ruhani tәrәqqisinә vә mәnәvi şüğllәrinә mane olur. Biçarәnin qol vә qanadını bağlayıb, ağıl vә ruhunun tәrәqqi vә tәcәllisini gah qisim-qisim iddialar ilә pozur vә gah hәmişә әllәrindә olan göz yaşı ilә qәrq edir. Ürәyi elm vә bilik şövqü ilә dolmuş vә qәlbindә mәrifәt çırağı yanmış hәr bir kişi, xüsusәn cavanlıq mövsümündә, mәrhum Abdullabәy Asinin kәlamı misdaqincә "Günәş hәmxanәliyini mәva etmәk arzusunda olub", tәrlan kimi uca mәqamlara uçub qalxmaq istәyir vә lakin bu halda dişi qaz misilli bir arvada rast gәlib, qüvvәyi-şәhviyyәsinә mәğlub olub, onunla hәmsәr olur vә tezlikcә özü dә tәrlan ikәn çevrilib qaz olur, çamurlu vә üfunәtli gölmәlәr içindә özünә vә balalarına üfunәtli tömә axtarmaqla ömrünü zay edir.
 
Belә ki, "Mürği-Qaf ilә hәmzәban olub, dövrә qalxmağa balü pәr bağlamış" arvadlar hәnuz müsәlmanlar arasında hasilә gәlmәyibdir.
 
3
 
Bilmәk gәrәkdir ki, ünas әhlinin elm vә mәrifәtsizliklәri ucundan bu qәdәr dalda qalmaqları, bu qәdәr biixtiyar, avam vә sadәdil olmaqları mәhz bir özlәrinә vә kişilәrinә zәrәr yetirmir. Bәlkә bunlardan da artıq onun ziyanı vә sәdәmәsi övlada vә körpә balalara toxunur.
 
Tәәccüb etmәli haldır, analıq vә ana olmaqlıq ziyadә çәtin vә bununla belә müqәddәs bir peşә sayıldığı halda, o çәtin peşәni vә müqәddәs vәzifәni layiqincә icra etmәyә analar hazırlaşdırmaq fikrinә düşmürlәr. Bu mәsәlәdә hamıdan artıq qәflәtdә olan müsәlmanlardır. Dünәnki uşağı, gәlin oynadan vә ağzından hәnuz süd iyi gәlәn körpә bir qız balasını bu gün arvad edib, gәlin oynatmaq әvәzindә balaya süd vә tәrbiyә vermәyә vadar vә mәcbur qılırlar. Nә böyük zülm vә әdalәtsizlik! Vә nә böyük cәhalәt vә divanәlik! Filhәqiqә, belә körpә, әti vә sümüyü bәrkimәmiş anadan vücuda gәlәn balalar cismәn vә әqlәn nә qәdәr zәif, nәhif vә mayasız gәrәk olsunlar. Övladın tәrbiyәsi vә tәlimi ancaq o vәdә qaydaya düşüb tәbii ola bilәr ki, onların vücuduna sәbәb olan ata vә ana hәddi-kamala yetişib, ağıl vә fәrasәtdә, elm vә bilikdә, ixtiyar vә hüquqda biri-birinә müvafiq olalar, biri-birinә hәqiqi mәrifәt vә mәhәbbәt ilә bağlanmış olalar vә hәr ikisi tәlim vә tәrbiyәnin yolunu kamalınca anlayalar. Bu surәtdә demәk olar ki, әr vә arvad bir cismin, bir bәdәnin iki müvafiq hissәlәri vә tәbii parçalarıdır. Ancaq belә әqlәn, әxlaqәn vә cismәn yek-digәrinә müvafiq vә müsavi olan әr vә arvadın әqdlәri mübarәk vә müqәddәsdir vә bunlardan törәyәn övlad hüsn-tәrbiyә almağa müvәffәq ola bilәr. Zira ki, ağıl vә kamalı dürüst vә canı salamat valideyn çalışacaqlar ki, övladları hәr bir cәhәtdәn onların özündәn әfzәl vә ikmal olsun.
 
Xeyli zamandır ki, Avropada vә sair yerlәrdә mәdәniyyәtli qövm vә tayfalar arasında ünas tayfası öz hüquq vә ixtiyarlarını axtarmaqdadır. Bәzi mәmlәkәtlәrdә bunlar bir növ mәramlarına nail vә mәtlәblәrinә vasil olmuş kimidirlәr. Bunları tәbrik etmәk olar. Bu axır vaxtlarda islam alәminin bәzi niqat vә guşәlәrindә müsәlman arvadlarının içindә bir növ cünbüş vә hәrәkәt müşahidә olunur. Onlar tәrәfdәn gahda bir nazikanә tәlәbi-hürriyyәt, hüquq vә ixtiyarat sәdası gәlir. Müsәlman xanımları da guya özlәrinin fәna halda yaşamaqlarını düşünüb, qeydi-әsarәtdәn vә bәndi-zillәtdәn azad olmaqlarına çarә vә tәdbir aramaq fikrinә düşürlәr. Yavaş-yavaş özlәrini tanımaq, tәkliflәrini anlamaq, qәdr vә qiymәtlәrini bilmәk istәyirlәr.
 
Doğrudan da, ana olmaq, körpә balaya döşdәn süd verib onu bәlәmәkdәn vә ona dayәlik etmәkdәn ibarәt deyil. Analığın, necә ki, yuxarıda zikr olundu, başqa şәrt-şrutları vardır ki, onları kamalınca dәrk edib yerinә yetirmәyә elm vә mәrifәt vә anlaq lazımdır.
 
Vә hәmçinin arvad olmaq yalnız bir bәdәn vә cisim ilә kişiyә qulluq edib, cismani xahişlәrini әmәlә gәtirmәk deyil. Hәqiqi arvad olmağın dәxi çox mühüm şәrtlәri vardır ki, onları bilmәmәkdәn bizim yazıq arvadlarımız kişilәrinin nәzәrindә belә xar, zәlil
olublar.
 
Elmsiz vә cahilә ananın öz övladına nüfuzu o vaxta kimi ola bilәr ki, onlar nabaliğ tifl halındadırlar. Necә ki, onların ağıl vә fәhmi yaxşı-yamana fәrq vermәkdә acizdir.
 
Amma zamaniki övlad böyüyüb tәlim vә tәrbiyә alır vә elm nuru ilә ağıl vә zәkavәtini işıqlandırır, onda anasının dünyadan bixәbәr vә sırf cahilә olduğunu bilib, bir yandan onun sadәliyinә tәәccüb edir vә bir yandan ona yazığı gәlir. Belә olan surәtdә mәnәviyyat sarıdan onların yaxınlaşmağı mümkün olmur.
 
Ananın sözünü övlad, övladın dediyini ana başa düşmәyib, xilqәtәn bu qәdәr yavuq ikәn biri-birinә yad olurlar. Bu halda biçarә ana övladından şikayәtçi olub, onların әmәk itirmәklәrindәn, haqq-naşünas olmaqlarından başlayır qonum-qonşuya giley etmәyә. Bu hal hәqiqәtdә hәr iki tәrәf üçün ağır vә ürәk yandırıcı bir haldır.
 
Bu halı rus әdiblәrindәn mәşhur Turgenev "Atalar vә oğullar" sәrlövhәsi ilә yazdığı bir romanında artıq mәharәtlә kәşf vә bәyan edibdir.
 
Heyfa ki, bizim әhli-qәlәmimiz belә mühüm mәtlәblәrdәn qafildirlәr. Әr ilә arvadın arasında olan әlaqәyә diqqәt yetirdikdә görürük ki, bunların mabeynindә tәfavüti-әql, fәhm vә idrak daha da artıq dәrәcәdәdir. Bu tәfavütdәn nәşәt edәn fәnalıq vә nifaq mәişәtimizi pozğun edib, dolanacağımızı nizam vә qaydadan salır vә bu yolda o qәdәr faciәlәr vә ürәk yandırıcı müsibәtlәr vüquә gәlir ki, onları dil ilә söylәmәk vә qәlәm ilә yazıb başa yetirmәk olmaz. Әr vә övrәt şәrәn vә әqlәn bir bәdәnin iki şaqqası vә müvafiq hissәsi olduqlarına görә bunların arasında olan yekdillik, ülfәt, mәhәbbәt vә mәnәvi qәrabәt gәrәkdir heç bir kәsin mabeynindә mülahizә olunmasın vә lakin, mәtәәssüf, müsәlmanlar arasında hәr bir ailәnin xoşbәxtliyinә sәbәb olan bu iki hissә, yәni әr vә arvad әksәriyyәtәn bir-birinә müvafiq gәlmir. Hissәnin biri, yәni әr, yәni ağıl vә kamal vә bilmәk cәhәtindәn öz mәnәvi parçasından, yәni arvadından әla dәrәcәdә durduğuna görә onunla ülfәt vә saziş edә bilmir.
 
Bu mәnanı "Molla Nәsrәddin"in 30-cu nömrәsindә cәnab Lağlağı "hәlal" ünvanında yazdığı mәqalәdә zarafatyana daha da açıq söylәyibdir. Amma o şey ki, Lağlağı mәzәliliyә salıb açıq söylәyir, onu biz bir az pәrdәli danışmağa mәcburuq.
 
Necә ki, qәdim Yunanıstanda hükәma vә filosoflar öz ailәlәrindәn xәlvәt qaçıb, getera adlanan azad vә bir növ әxlaqsız arvadlar mәclisindә ruhlarını şad vә vaxtlarını xoş keçirirdilәr, habelә bu halda bizim müsәlmanlar içindә, xüsusәn elm vә kamal tәhsil edәnlәr arasında, çoxları elm vә tәrbiyәsiz müsәlman arvadlarına meyl vә rәğbәt göstәrmәyib, özlәri üçün namәşru yol ilә ruslardan, nemsәlәrdәn vә yәhudilәrdәn yoldaş vә hәmsәr axtarırlar. Bizim anladığımıza görә, özgә sayaq da ola bilmәz. Çünki kişini arvad özünә mәhz bir cismi vә zahir camalı ilә bәnd edә bilmәz. Bunun üçün ağıl vә kamal da lazımdır. Zahiri gözәllik kişini ancaq әvvәl dәfәlәrdә özünә mayil vә rağib edir. Necә ki, kişi bir gözәlә malik vә sahib olmayıbdır, onun tәlәbindәdir vә bu halda gözәllik nüfuzu artıq vә hökmürәvandır. Amma elә ki, kişi ona qalib gәldi vә ona sahiblәndi, onda zahiri gözәllik mәnadan düşür vә bir az vaxtdan sonra әzәlki qәdrü qiymәtini sahibinin nәzәrindә itirir. Bundan sonar kişini özünә bәnd edәn ağıl vә kamal vә sirәtin gözәlliyidir. Vә hәqiqәti-әmrdә insanı özünә bağlayan vә hәmişәlik aşiq edәn camali-zahiri deyil, camali-mәnәvidir. Әsil gözәllik surәtdә deyil, ağıl vә kamalda, әxlaq vә sirәtdәdir.
 
Bunu dürüst bilәndәn sonra arvadlarımızın ağlının, әxlaqının vә filcümlә mәnәvi kamalatının tәrbiyәsinә mәşğul olmağı әvvәlinci vәzifәlәrimizdәn gәrәkdir hesab edәk. Tәrәqqi vә tәalamızın hüsulu arvadlarımıza tәlim vә tәrbiyә vermәyә vә onları qaranlıq vә cәhalәt alәmindәn elm vә mәrifәt dünyasına çıxartmağa münhәsirdir.
 
Bu halda hәrәkәtsiz vә taqәtsiz hissәmizi hәrәkәtә gәtirib, bütün bәdәnә dirilik vә salamatlıq vermiş kimi oluruq vә mәnәvi tәrәqqimizә bir rast vә gen-şahrah açırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR