Slimfit
  1. AZƏRBAYCANLI

Fətəli xan Xoyski - dahilər ölmür

Fətəli xan Xoyski  - dahilər ölmür
Sakura
:19

Fətəli xan Xoyski - dahilər ölmür

Azərbaycan tarixinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Fətəli xan Xoyskinin süi-qəsd nəticəsində qətlə yetirilməsindən 100  il ötür.

Fətəli xan Xoyski  7 dekabr 1875-ci ildə  Nuxa (Şəki) şəhərində anadan olub. İlk təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa vurduqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə həmin universiteti bitirir və elə həmin il Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunur. 

Bir müddət indiki Gürcüstan Respublikasının müxtəlif şəhərlərində  hüquqşunas vəzifəsində çalışıb. Daha sonra  Yelizavetpol quberniyasından  Rusiya İmperiyasının II Dövlət Dumasına müstəqil millət vəkili seçilir. Fətəli xan Xoyski Müsəlman fraksiyasının üzvü idi. Həmin vaxt Musavat partiyasının irəli sürdüyü Milli Muxtariyyət ideyasını dəstəkləyirdi. 

1917-ci ilin oktyabr ayından 1918 ci ilin aprel ayınadək  Bakı Şəhər Dumasına rəhbərlik edib. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 — 10 fevral 1918) nəzdində xalq maarif komissarı olub.  1918-ci ilin aprel ayında isə Zaqafqaziya hökümətinin Ədliyyə Naziri təyin olunub. Daha sonra Müvəqqəti Azərbaycan Milli Şurasının  üzvü oldu. 1918-ci ilin 27 mayından Milli Şuranın İcraiyyə komitəsinin sədri vəzifəsini icra edib.

28 may 1918-ci ildə Milli Şuranın ilk iclasında Azərbaycanın istiqlaliyyəti müzakirəyə çıxarıldıqda 26 nəfərin iştirak etdiyi səsvermədə 24 nəfər, o cümlədən Fətəli xan Xoyski Azərbaycnın Müstəqilliyinə dair qərarın qəbul olunmasının tərafdarı olub. Yeni yardılan hökümətin başçısı və Daxili İşlər Naziri Fətəli xan Xoyski seçilib. 30 may 1918-ci ildə Fətəli xan Xoyski bir sıra xarici işlər nazirliklərinə radioqram göndərib.

Radioqramda deyilirdi:- “Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azəbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu xəbəri hökümətinizə xəbər verməynizi rica edirəm. Milli hökümətimiz müvəqqəti olaraq Yelizavetpol-da (Gəncə) yerləşir. İmza: Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri” 

26 may 1918-ci ildən Fətəli xan Xoyski Nazirlər şurasının sədri, eyni vaxtda Daxili İşlər Naziri olub.

7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti təsis edildi. Fətəli xan Xoyski 27 aprel 1920 -ci ilə qədər həmin parlamentin üzvü olub. 

 24 dekabr 1919-cu ildən 1 aprel 1920-ci ilə kimi Fətəli xan Xoyski AXC-nin Xarici işlər Naziri vəzifəsini daşıyıb. 

Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli simalarından biri idi. O,  Azərbaycan Xalq Cümhuriyyətinin ilk 3 hökümətində Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, Daxili İşlər, Ədliyyə və Xarici İşlər Naziri vəzifəsini də icra edib.  

F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə şəhəri və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, türk dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.

Fətəli xan Xoyski Azərbaycanda ali təhsil ocağının yaradılmasının vacibliyini önə çəkirdi. O, Bakı Dövlət Universitetinin açılmasının təşəbbüskarından biridir.  Fətəli xan Azərbaycanda baş nazir prinsipinin əsasını qoyub, məhz Fətəli xan Xoyski Azərbaycanın Respublika kimi tarixinə ilk baş Nazir kimi düşüb.

Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında onun xidmətləri danılmazdır.

Sovet hakimiyyəti tərəfindən Azərbaycan işğal olunduqdn sonra Fətəli Xan Xoyski ailəsi ilə birgə Tiflisə köçür. Bolşeviklərin əmri ilə “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan öz milli xislətlərinə sadiq qalaraq ona qarşı sui-qəsd təşkil edirlər. Fətəli xan Xoyski Tiflisdə yerləşən meydanların birində kürəyindən açılan atəş nəticəsində həyatını itirir.  İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib.

Fətəli xan Xoyski Azərbaycan və rus dillərini bilirdi.  O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olub. Onların Tamara adlı qızları,  Murad və Ənvər adlı oğulları var idi. 

Bakı şəhərində yerləşən prospektlərin biri onun adını daşıyır.  1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxıldı. 1918-1920 ilədək Bakı şəhərində yaşadığı evin  divarında baralyefi qoyulub. Şəkidə və bir sıra başqa bölgələrdə Fətəli xan Xoyskinin  adını daşıyan küçələr var.  

Fətəli xan Xoyskinin Azərbaycan xalqı üçün etdiyi fədəkarlıqlar  xalqımız tərəfindən daim minnətdarlıqla xatırlanır. Onun əziz xatirəsi xalqmımız və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir. 

Bu material Fətəli xan Xoyskinin ölümünün 100-cü ildönümünə həsr olunur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR